23 Dekabr 2024

Bir millətin övladlarına iki dövlət sahib çıxır

Məşhurlar zəlzələdən zərərçəkən uşaqları himayəyə götürməyə hazırdırlar

Türkiyədə bir həftə öncə baş vermiş dəhşətli zəlzələnin nəticələri hər keçən gün daha da böyük miqyas alır. Dağıntılar altında qalanların səsini eşitmək, onlara çatmaq üçün günlərdir fasiləsiz çalışan axtarış-xilasetmə qrupları ümidini itirmir, hər vasitə ilə daha çox can xilas etməyə çalışır. Xoş xəbərlər də az deyil. Gün ərzində neçə-neçə insan bitkin vəziyyətdə də olsa, xilas edilir. Onların arasında uşaqlar da az deyil. Bir yaşı tamam olmamış körpələr, azyaşlı cocuklar dağıntılar arasından sağ çıxanda cəmiyyətin də, xilasedicilərin də ümidi birə-beş artır. Necə deyərlər, Allahdan ümid kəsilməz. Təəssüf ki, dağıntılar altından sağ çıxan körpələrin əksəriyyəti valideynini itirmiş olur. Övladını qorumağa çalışan valideyn istəyinə nail olur, balasını qoruyur, lakin canı ilə vidalaşır. Nəticədə atasız-anasız körpələr himayəyə möhtac qalır. Türkiyə xalqı dəhşətli fəlakətdən sonra valideyn himayəsindən məhrum olan uşaqları diqqətdən kənarda saxlamır.  Son rəsmi açıqlamada bildirilib ki, himayədar ailə olmaq üçün “e-Devlet” platforması üzərindən Ailə və Sosial Xidmətlər Nazirliyinə 190 min müraciət daxil olub. Nazir Dərya Yanık zəlzələdən əziyyət çəkən uşaqlar barədə danışarkən bildirib ki, 526 uşaq qeydiyyata  alınıb, onlardan 78-i ailələrinə təhvil verilib, 113 uşaq diqqətdə saxlanılır. D.Yanık qeyd edib ki, himayədar ailə olmaq üçün nazirliyin müvafiq prosedurlarından keçmiş və müraciəti təsdiqlənmiş ailələrin müraciətləri dəyərləndiriləcək. Bugünlərdə edilən müraciətlər isə zamanla dəyərləndiriləcək. Hətta birinci dərəcəli qohumlara belə uşaqlar dərhal verilmir.

Məşhurlar zəlzələdən zərərçəkən uşaqları himayəyə götürməyə hazırdırlar. Məsələn, “Beşiktaş” futbol klubunun məşhur futbolçusu Josef de Souza bir uşağı övladlığa götürməyə hazır olduğunu bildirib.

Uşaq xəstəxanaları dolub

Müğənni Petek Dinçöz və həyat yoldaşı Nida Bayraktar da övladlıq götürmək fikrindədirlər. Onlar da sosial şəbəkə hesablarında bu haqda paylaşım ediblər.

Azərbaycanlılar da Türkiyədə zəlzələ nəticəsində yetim qalmış körpələri övladlığa götürməyə hazırdırlar.

“TV Musavat” YouTube kanalında “Türkiyə zəlzələsində yetim qalmış körpələri övladlığa götürərsizmi?” sualı ilə sorğu keçirib. İstifadəçilərin 75 faizi “Əlbəttə, sevə-sevə, dərhal!”, 10 faizi “Yox, elə bir fikrim yoxdur”, 15 faizi isə “Öz yetimlərimiz də çoxdur” cavabını seçib. Göründüyü kimi, azərbaycanlılar qardaş Türkiyədə baş verən fəlakət zamanı yaxınlarını itirən körpələrə ailə olmağa hazırdırlar.

Sosial şəbəkə istifadəçilərinin cavablarından bəzilərini təqdim edirik:

Kamila Babayeva: “Mən bir qız uşağı götürərdim. Moskvada yaşayıram. Rusiya və Azərbaycan vətəndaşıyam. Mən və həyat yoldaşım ali təhsilliyik. Dörd övladım var. Üçü böyüyüb. Xahiş edirəm, kömək edin bir qız uşağı götürüm. Yardım etsəniz, minnətdar olarıq. Qohumlarım var, onlar da götürmək istəyirlər”.

Elşən İsayev: “Böyük məmnuniyyətlə, fərq etməz qız və oğlan, yetər ki, türk olsun”.

Digər istifadəçi: “İmkanım olsa idi, ən çox da bacı-qardaş, eyni ailə üzvünü götürüb baxardım ki, ayrı böyüməsinlər. Allah yar olsun hər birinə”.

Ulduz Nuriyeva: “Türk xalqı elə bir xalqdır ki, bu uşaqlara özləri sahib çıxacaq. Heç kimə də verməzlər”.

Rəna Aslanova: “Allahım, nə olar… Mən də istəyirəm uşaq götürəm, hara  müraciət etmək olar? Mənə xəbər verin”.

Göründüyü kimi, Azərbaycan xalqı qardaş Türkiyəyə hər zaman, hər situasiyada dəstək verməyə hazırdır.

Zəlzələdə valideynini itirmiş uşaqlar Azərbaycanda himayəyə verilir? -  GlobalInfo.az

Yeri gəlmişkən, Türkiyənin Azərbaycandakı səfirliyi də Azərbaycan mətbuatında Türkiyədə zəlzələdə valideynlərini itirmiş uşaqların azərbaycanlılar tərəfindən himayəyə götürülməsi məsələsi ilə bağlı məlumat yayıb.  Açıqlamada sözügedən təklifin hörmətlə qarşılandığı qeyd olunub: “Ölkəmizdə baş verən zəlzələlərlə əlaqədar Azərbaycan mətbuatında yer alan bəzi xəbərlərlə bağlı uşaqlarımız üçün “Azərbaycan vətəndaşları himayədar ailə ola bilər” mövzusunda fikirlər yayılıb. Türkiyə Cümhuriyyəti Ailə və Sosial Xidmətlər Nazirliyinin zəlzələdə zərər görən uşaqların himayəyə verilməsi ilə bağlı məlumatı, sadəcə, Türkiyədə yaşayan vətəndaşlarımıza aiddir. Uşaqlarımızın ölkə xaricində hər hansı ailəyə verilməsi, yaxud övladlığa götürülməsi məsələsi müzakirə mövzusu deyil”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, bu ilin fevral ayının 10-da Türkiyədən Azərbaycana gətirilən vətəndaşlar arasından 10 uşaq və 12 böyük, ümumilikdə 6 ailə tibb müəssisəsinə gətirilib. Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin sektor müdiri Aynurə Zeynalova jurnalistlərə açıqlamasında bildirib ki, 10 uşaqdan 6-sı oğlan, 4-ü isə qızdır. Ən kiçiyi 8 günlük, ən böyüyü 14 yaşındadır. Xəstəxanaya daxil olan şəxslər dərhal onlar üçün ayrılan palatalara yerləşdirilib, hərtərəfli laborator-instrumental müayinələr başlanılıb və bu gün artıq müayinələr bitmək üzrədir”.

Nazirlik rəsmisi qeyd edib ki, müayinələr bitdikdən sonra uşaqlar valideynləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sığınacağa göndəriləcəklər.