22 Dekabr 2024

Bioloji Müxtəliflik Günü Ağgöl Milli Parkında qeyd edilib

Musa Muradlı, Media1 Azərbaycan

Hər il may 22-si dünyada Bioloji Müxtəliflik Günü kimi qeyd olunur.

Bioloji Müxtəliflik Günü münasibətilə azərbaycanlı ekoloqlar da Ağgöl Milli Parkına toplaşıblar.

Media1.az xəbər verir ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi  Ağgöl Milli Parkı ilə birgə “ Bioloji Müxtəliflik həyatın əsasıdır” adlı məlumatlandırma sessiyası təşkil ediblər.

Öncə Park ərazisinə daxil olan qonaqlar pandemiya qadağalarına əməl etməklə girişdə yerləşdirilmiş məlumat lövhələrinə baxıblar.

Sonra Ağgölün içərisindəki su hövzəsi yaxalığında inşa olunmuş izləmə məkanından gölü seyr etmiş, göldəki balıq və uçan quşlara tamaşa etmişlər.

Qonaqların müşahidələri ilə yanaşı Bioloji Müxtəliflik Günü barədə məlumatlandırma sesiyyası çərçivəsində söhbətlərə başlanılmışdır.

Məlumatlandırma sesiyyasında 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və  Ağgöl Milli Parkının əməkdaşları ilə yanaşı “ Ekoloji İnformasiya” İB, “ Yüksəliş” Sosial İnkişafa Kömək “ İB-nin rəhbərləri, Ağcabədi-Aran qəzetinin müxbiri iştirak edib.

Söhbətlər zamanı 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev, Ağgöl Milli Parkının direktoru Xəzər Məhərrəmov, Aran qəzetinin müxbiri Adil Misirli, “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin sədri Zaur Quliyev, “Ekoloji İnformasiya” İB-nin sədri Musa Muradlı,  9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi nin əməkdaşı Əbülfəz Köçəriyev, Ağdam Musiqi Kollecinin müəllimi Teymur Köçəriyev ətraf mühit, ekoloji problemlər, bioloji müxtəliflik haqqında fikirlərin bildirmişlər.

Tədbirdə çıxış  edənlər bildiriblər ki, hər ilin bu günü Beynəlxalq Bioloji Müxtəliflik Günü kimi qeyd olunur. Biloji müxtəliflik deyəndə canlı aləmin , hər bir canlının mövcudluğundan söhbət gedir. Müasir dünyada ətraf mühitə həddindən artıq müdaxilələr, antropoloji təsirlər sayəsində bəzən canlı növlərin də sıradan çıxması müşahidə olunur. Bu da özlüyündə dünya da artan ekoloji problemlərin dərinləşməsinə dəlalət edir. Bunun üçün də bioloji müxtəlifliyin qorunması zamanın ən ümdə məsələlərindən biri sayılmalıdır.

Söhbətlər zamanı vurğulanıb ki, Ağ göl də bioloji müxtəliflik baxımından dünyanın ən zəngin məkanlarındandır. Burada minlərlə növdə balıq, quş,məməlilər yaşayır. Onların mühafizəsi üçün lazım olan bütün tədbirlər görülür.Ağgöl Milli Parkının direktoru Xəzər Məhərrəmovun bildirdiyinə görə, bir neçə il öncə İDEA təşkilatının rəhbəri Leyla Əliyevanın təşkilatçılığı ilə ceyranların təbiətə qaytarılması proqramı çərçivəsində Ağgöl Milli Parkına buraxılmış 18 baş ceyranın sayı 82-yə çatıb.

Sonda Vətən Müharibəsi zamanı Ali Baş Komandanımız və ordumuzun  xalqımıza bəxş etdiyi qələbədən danışılmış, şəhid hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.