22 Noyabr 2024

Beş il davam edən Brüssel-Bakı danışıqları: razılaşdırlmayan “bazar məsələsi”

Hökumətin istəyi olarsa, sazişi 2022-ci ildə imzalamaq mümkündür

2022-ci ildə Azərbaycan Avropa İttifaqı ilə danışıqları başa çatdırmağı və strateji tərəfdaşlıq haqqında sazişi imzalamağı planlaşdırır. Bu barədə bazar ertəsi ölkənin xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında bildirib. Onun sözlərinə görə, sazişin 10 faizi razılaşdırılmamış qalır və bu, “ticarət-iqtisadi məsələlərə” aiddir. O, siyasi aspektdə fikir ayrılıqlarına toxunmayıb.

Qeyd edək ki, Azərbaycanla Avropa İttifaqı arasında birinci tərəfdaşlıq haqqında Saziş 1996-cı ildə imzalanıb. Həmin saziş 1999-cu ildə qüvvəyə minib. Sazişin 10 il müddəti var. Ancaq sazişin şərtlərinə əsasən, yeni saziş imzalanmayanadək hər il avtomatik olaraq onun müddətinin uzadılması nəzərdə tutulur.

Yeni sazişlə bağlı Bakı və Brüssel arasında danışıqlar beş ildir ki, aparılır.  C.Bayramov da qeyd  edib ki, yeni saziş üzərində danışıqlar aparılır: “Bu saziş əsasən dörd bölmədən ibarətdir. Bu, siyasi təhlükəsizlik, ticarət, iqtisadi, sahəvi institusional inkişaf və digər məsələləri əhatə edir. Pandemiya ilə əlaqədar məhdudiyyətlərə görə danışıqlar prosesində müəyyən səngimə var idi. Ancaq ötən ilin iyunundan başlayaraq Avropa İttifaqı ilə Azərbaycan arasında Saziş üzrə intensiv danışıqlar gedir. Açıq qalan məsələlərin sayında azalma var. Hesab edirik ki 2022-ci ildə bu sazişin yekunlaşdırılması mümkün olacaq”.

Azərbaycan Avropa İttifaqı ilə iqtisadi əlaqələri genişləndirməkdə maraqlı olsa da, başqa postkommunist ölkələrdən fərqli olaraq indiyədək İttifaqa üzvlük perspektivini nəzərdən keçirməyib. 2010-cu ildə Azərbaycan Aİ ilə Assosiasiya sazişi üzrə danışıqlara başlasa da, bu sənəddən imtina edərək 2017-ci ildən bəri müzakirə olunan strateji əməkdaşlıq sazişinə üstünlük verib. Azərbaycanın Avropa ilə münasibətlərdə xüsusi rolunu vurğulayanlar, Bakının Aİ ilə enerji təhlükəsizliyinə dair ayrıca sənəd imzalayan yeganə Şərq Tərəfdaşlığı ölkəsi olduğunu göstərirlər.

Ümumiyyətlə,Azərbaycan uzun müddətdir ki, bloklara meylli olmadığını nümayiş etdirir. Bu səbəbdən Moldova, Ukrayna və Gürcüstandan fərqli olaraq, o, Aİ ilə Assosiasiya sazişindən imtina edib ikitərəfli sazişlərə üstünlük verir.

Azərbaycanın rəsmi statistikasından məlum olur ki, bu ilin 11 ayında Avropa Birliyi ölkələrinə ixracımız 11 milyard 497 milyon 280 min dollar təşkil edib. Bu, ümumi ixracımızın 58 faizdən çoxu deməkdir. AB-dən idxalımız isə 1 milyard 924 milyon 780 min dollar təşkil etməklə, ümumi idxalımızın 18,5 faizinə bərabərdir. 2019-cu ilin eyni dövründə AB-yə ixracımız 10 milyard 15 milyon 359 min dollar (ümumi ixracın 54.72 faiz), idxalımız isə 2 milyard 163 milyon 230 min dollar(ümumi idxalın 17.47 faizi) təşkil edib.

Aİ ilə strateji əməkdaşlıq sazişi imzalanmasa belə, Azərbaycan Birliyin ayrı-ayrı üzvləri ilə qarşılıqlı iqtisadi əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Hazırda üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. İndiyədək 9 üzv dövlətlə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb.

Avropa İttifaqı ilə sazişin yubanmasında əsas səbəb kimi rəsmi Bakı adətən qarşı tərəfin daxili bazarın qorunması, kənd təsərrüfatının subsidiyalaşdırılması və enerji qiymətlərinin müəyyənləşmə mexanizmi ilə bağlı əlverişli olmayan şərtlər qoymasını göstərir. Dünən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyevin mətbuata verdiyi açıqlamada da Avropa İttifaqı ilə Azərbaycan arasındakı sazişin hazır olduğunu, lakin bəzi müddəalarla bağlı fikir ayrılıqlarının mövcudluğunu vurğulayıb. Onun sözlərinə görə, belə məsələlər arasında enerji qiymətləri, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü və s. yer alıb: “Avropa İttifaqı Azərbaycandan istəyir ki, qazı daxili bazara satdığı qiymətə xarici bazara da satsın. Təbii ki, daxili bazar üçün Azərbaycan güzəştlər tətbiq edir. Bunu xarici bazara tətbiq etmək iqtisadi maraqlara zidd ola bilər. Avropa İttifaqı bu müddəalarla bağlı güzəştə getsə, saziş imzalanacaq. İnanıram ki, enerji məsələsi ilə bağlı Avropa İttifaqı tərəfindən müəyyən kompromis mümkün olacaq. Ancaq digər məqamla bağlı Azərbaycan tərəfindən tələblər var”.

Xarici işlər naziri C.Bayramovun açıqlamasından da göründüyü kimi, sazişin bağlanmasını ləngidən yenə də iqtisadi məsələlərdir. Məlumdur ki, Azərbaycanın Dünya Ticarət Təşkilatına daxil olmaması Aİ ilə ölkəmizin iqtisadi inteqrasiyası üçün ciddi problemlər yaradır. Həmçinin Aİ-nin bir sıra digər iqtisadi xarakterli şərtlərinin olduğu bildirilir. Bunlar arasında biznes üçün sağlam rəqabət mühitinin təmin olunması, o cümlədən Rəqabət Məcəlləsinin qəbul edilməsi, rəqabətin qorunmasına və istehlakçıların müdafiəsinə məsul olan dövlət instututunun müstəqilliyinin artırılması, dövlət satınalmaları sahəsində şəffaflığın təmin edilməsi və sairin olduğu qeyd edilir.

Azərbaycanla Aİ-nin aralarındakı bu ziddiyyətləri ortadan qaldırıb, 2022-ci ildə sazişi tam razılaşdırmaları nə qədər realdır? Doğrudanmı Azərbaycan yalnız daxili bazarı qorumaq, aqrar subsidiyaları saxlamağa görə sazişi imzalamağa meyl göstərmir?

Ekspert iqtisadi rayonların yaradılmasının əhəmiyyətini şərh edir -  09.07.2021, Sputnik Azərbaycan

Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanın bundan sonrakı iqtisadi inkişafında əsas meyarlardan biri xarici iqtisadi bloklara üzvlük olmalıdır: “İqtisadiyyatlar qloballaşır, inteqrasiya olunur. İqtisadi resursların ədalətli bölgüsü baxımından bu, çox vacib amildir. Azərbaycanın bu prosesin içərisində olması iqtisadiyyatın şaxələnməsi, ixrac bazarlarının genişlənməsi, daxili bazarda rəqabətin təmin olunması, qiymət əlçatanlığının artırılması bu faktorlardan asılıdır. Düşünürəm ki, hazırda həm Avropa İttifaqı ilə saziş məsələsində, həm də Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı konservativ mövqenin ortaya qoyulmasının əsasında subyektiv maraqlar dayanır. Belə ki, bazarın liberallaşması rəqabətli böyük şirkətlərin bazarda sərbəst fəaliyyətinin təmin olunması deməkdir. Buna yol vermək isə inhisarçı şirkətlərin mənafeyinə cavab vermir. Onlar ticarətdə tətbiq olunacaq qaydalar şəraitində rəqabət aparacaq gücdə deyillər. Kənd təsərrüfatının müdafiə olunması, yerli istehsalın dəstəklənməsi kimi baxışlar bu məqsədləri kamuflyaj etmək üçün ortaya atılıb. Təbii ki, sazişlərin imzalanması, şərtlərə əməl olunması müəyyən mənada xüsusilə ilk dövrlərdə çətinliklərə gətirib çıxara bilər. Çünki yerli istehsalımız son 30 ildə rəqabətli şərtlərlə fəaliyyətə alışmayıb. Buna görə də mümkündür ki, bəzi şirkətlər sıradan çıxsınlar, yeniləri yaransın. Lakin uzunmüddətli planda bu, bazarda rəqabət mühitində işləməyə davamlı olan şirkətlərin yaranmasını, güclənməsini şərtləndirəcək”.

Ekspertin fikrincə, Azərbaycan hökuməti nə qədər boyun qaçırmağa çalışsa da, qoyulan şərtlərlə razılaşmalı olacaq: “Çünki iqtisadiyyatın inkişafı bunu tələb edir. Avropa İttifaqı ilə sazişin 10 faizinin razılaşdırılmaması məsələsinə gəlincə, burada söhbət texniki 10 faizdən gedir. Sayca az olsa da, razılaşdırılmayan müddəalar sazişin əsas müddəalarıdır. Yəni keyfiyyət baxımından götürsək, sazişin 90 faizinin razılaşdırılmadığını deyə bilərik. Azərbaycan hökuməti öz prinsiplərini davam etdirəcəksə, yaxın gələcəkdə də onun razılaşdırılması mümkün olmaya bilər. Yəni açığını deyim, 2022-ci il bunun üçün çox optimal proqnozdur”.

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim" » YeniSözçü qəzeti

Natiq Cəfərli 

İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında saziş üzrə danışıqlar son 3 ildə ciddi şəkildə aktivləşib: “Sazişin mahiyyət etibarilə 90-92 faizi razılaşdırılıb. Əsas fikir ayrılıqları bir neçə məsələ ilə bağlıdır. Bunun birincisi Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü, sərbəst ticarət məsələsidir. Digər bir mübahisəli məsələ Azərbaycanın hava məkanının digər şirkətlərə açılmasıdır. Nəhayət, razılığın əldə olunmadığı  başqa bir məsələ viza məsələsidir. Avropa İttifaqı Azərbaycanla vizanın sadələşdirilməsini, rəsmi Bakının isə Birlik dövlətlərinin vətəndaşları üçün vizasız gediş-gəlişə icazə verməsini istəyir. Düşünürəm ki, Azərbaycan hər iki istiqamətdə – həm Ümumdünya Ticarət Təşkilatına üzvlük, həm də Avropa İttifaqı ilə saziş məsələsində prosesləri tezləşdirməlidir. Çünki bunun hər ikisi Azərbaycan üçün hər hansı problem yaratmaq deyil, əksinə, geniş fürsətlər açacaq. Azərbaycanın rəsmi mövqeyi belədir ki, Ümumdünya Ticarət Təşkilatına üzvlük Azərbaycanda kənd təsərrüfatının dövlət tərəfindən subsidiyalaşdırılmasına mane olacaq, bu isə aqrar sektorda inkişafın qarşısını alacaq. Bu, formal olaraq bəhanədir. Çünki üzvlük olsa belə, Azərbaycan hələ bir neçə il mövcud dotasiyaları davam etdirə biləcək. İkincisi isə Ümumdünya Ticarət Təşkilatı dotasiyaları qadağan etmir. Sadəcə, dotasiyaların növlərini dəyişir. Bu təşkilata üzvlük istehlak bazarını vətəndaşlar – istehlakçılar üçün əlverişli hala gətirəcək.Yerli istehsalçıları hökumət qorumaq istəyirsə, bunun  başqa yollarını tapmaq asanlıqla mümkündür: vergi, gömrük və sair güzəştlərlə. Yəni əsas odur ki, hökumətin istəyi olsun. Bu istək olacaqsa, 2022-ci ildə Avropa İttifaqı ilə sazişin imzalanması mümkündür”.