08 Sentyabr 2024

Bərdənin mədəniyyət müəssisələrində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbirlər təşkil edilib

Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzi Bərdə şəhər 1 nömrəli Uşaq İncəsənət məktəbi ilə birgə 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar “Unutmadıq, unutdurmayaq” adlı kompozisiya təşkil edib.

Keçirilən tədbirlərdə bildirilib ki, 20 Yanvar faciəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Qeyd olunub ki, 20 Yanvar hadisələrinin təfərrüatlarını hər bir azərbaycanlı bilməlidir və unutmamalıdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib.

O da vurğulanıb ki, 20 Yanvar hadisələri Azərbaycana qarşı törədilmiş hərbi və siyasi cinayətdir. 20 Yanvar hadisələri beynəlxalq hüquqi riyakarlığın təzahürüdür.

Tədbirin kompozisiya hissəsində Bərdə şəhər 1 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri kövrək, lirik musiqilər ifa ediblər.

Onu da qeyd edək ki, incəsənət məktəbi şagirdlərinin 20 Yanvar hadisələrinə həsr olunmuş rəsmləri nümayiş etditrilib.