06 Avqust 2025

Bərdənin Ləmbəran kəndində şəhid Həsən Abbasovun xatirəsi yad edilib-FOTOLAR

İyunun 13-də Bərdənin Ləmbəran kəndində şəhid Abbasov Həsən Məhər oğlunun anım günü qeyd edilib. Media1.az-ın çəkiliş qrupu şəhidin ata yurdunda olub, anım gününün təfərrüatlarını izləyib.

Şəhidin anım günündə Azərbaycan Vətən Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Bərdə Filialının sədri Etibar xanım Hüseynova , Arantv, Media1.az-ın əməkdaşları, kənd sakinləri iştirak ediblər.  

Şəhidin yaxın qohumu Baxşeyiş Məmmədov bildirib ki, şəhid Həsən Abbasov 30 il əvvəl – 1993-cü ilin iyunun 13-də Ağdamın Mahrızlı kəndinin müdafiəsi uğrunda işğalçı Ermənistan Ordusunun hücumunu dəf edərkən şəhidlik zirvəsinə ucalıb. Şəhid Həsən Abbasovun özündən sonra iki övladı qalıb. Gülbahar adlı qız övladı 7 aylıq olub, oğlu Yadigar isə atasının şəhadətindən 4 ay sonra dünyaya gəlib. Şəhidin atası oğlunun yoxluğuna dözə bilmədiyindən bir müddət sonra dünyasını dəyişib.

Anım günü şəhidin evində keçirilən mərasimlə başlayıb. Ləmbərən məscidinin imamı Hacı Əkrəm ağa şəhidin ruhuna Müqəddəs Qurandan ayələr oxuyub.

Şəhid Həsən Abbasovun övladları qonaqlarla keçən illərdə yaşadıqları hissləri, təəssüratlarını bölüşüblər. Həsən Abbasov şəhid olarkən 7 aylıq körpə qalan  qızı atasının üzünü görməsə də daim yuxularında, xəyallarında özü-özünü ovutduğunu bildirib. Ata sevgisi görməsələr də buna qatlaşmağı bacarıblar.Təsəlliləri də Azərbaycanın ərazi bütövlyü uğrunda şəhid olub,vətəni qorumaq olub. Hesab ediblər ki, vətən uğrunda canından keçmək ən böyük şərəfdir.

Söhbət zamanı məlum olur ki, şəhid Həsən Abbasovun iki övladının böyüməsində əmisi, və digər ailə üzvlərinin həmişə dəstəkləri olub. Buna görə Şəhidin oğlu və qızı yaxın qohumlarına minnətdarlıqlarını bildirirlər. Həsən Abbasovun həyat yoldaşını da fəxarətlə qeyd etməli olurlar. Hökumə xanım saçının birini ağ , digərin qara hörməklə 18 yaşından tək qalmasına baxmayaraq ömrünü övladlarına həsr edib.   

Şəhid Həsən Abbasovun evində toplaşan ziyarətçilər , sonra kənd qəbristanlığına yollanıblar. Burada uyuyan kəndin 6 şəhidinin məzarlarını ziyarət ediblər. Şəhid məzarları üzərinə gül dəstələri qoyulub. Kənd sakini Baxşeyiş Məmmədov, şəhidin qardaşı, Azərbaycan Müharibə Veteranları, Qarabağ Əlilləri , Şəhid Ailələri İctimai Birliyinin Bərdə filialının sədri Etibar Xanım Hüseynova çıxış edərək şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.

Mərasim Ləmbəran kəndində inşa olunmuş şəhidlər xatirə kompleksində davam etdirilib. Qarabağ döyüşlərinin iştirakçıları keçən günləri xatırlamaqla şəhid həmkəndlilərinin döyüşlərdəki fəaliyyətindən danışıblar.

Tədbir şəhid Həsən Məhər oğlunun yurdunda başa çatdırılıb. Burada şəhidin adına ehsan süfrəsi təşkil olunub. Müqəddəs Qurandan dualar oxunub.

Media1.az- Musa Muradlı