22 Dekabr 2024

Bərdədə unudulmaz sənətkar Maarif Məmmədovun 85 illik yubileyi keçirilib

Bərdə rayon Mədəniyyət Mərkəzində mərhum sənətkar Maarif Məmmədovun 85 illik yubileyi qeyd edilib.

Tədbirdə rayon ictimaiyyəti, Mədəniyyət Mərkəzinin əməkdaşları, Uşaq musiqi məktəblərinin kollektivi, Bərdə rayon Asan Xidmət Mərkəzinin əməkdaşları, Gənclər İdarəsinin əməkdaşları və Maarif müəllimin yaxınları iştirak ediblər.

Tədbir ilk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Mərhum sənətkar Maarif Məmmədovun həyat və yaradıcılığı haqqında Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon nümayəndəsi Fərid Hacıyev geniş məlumat verib. Tədbir iştirakçılarından Rövşən Süleymanov, Mehralı Əhmədov, Namiq İbrahimli, İlham Sahibov, Şəhid Fərahim Quliyev adına 2 nömrəli Uşaq musiqi məktəbinin direktoru Xırda Ağayeva, 4 nömrəli Uşaq İncəsənət məktəbinin direktoru Cəmilə Orucova və digər qonaqlar da xatirələrini tamaşaçılarla bölüşüblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, dünyanın ən qədim və mədəni xalqlarından olan Azərbaycan xalqı özünün həm tarixi, mədəniyyət abidələri, həm də zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə fəxr edir. Odlar yurdu Azərbaycanımız həm də musiqi diyarı kimi də məşhurdur.Musiqi şad günlərdə, bayramlarda, hətda ağır anlarda da xalqa mənəvi dayaq olub. Çünki, Azərbaycan musiqisi gələcəyə böyük inam hissi, nikbinlik, insanı cəsur, mübariz olmağa ruhlandıran motivlərlə doludur.Azərbaycan musiqisinin inkişafında xalq musiqisi yaradıcılıarının, eyni zamanda xanəndələrinin böyük xidmətləri olmuşdur. Xalqın mənəvi aləminin, arzu-istəyinin ifadəsi olan xalq musiqisini təbliğ edən, yaşadan, qoruyub saxlayan isə xanəndələr olmuşdur.Muğamat isə musiqimizin təməl daşı, bünövrəsi, dayaq sütunudur. Əsrlərdən bəri xalqımızın yaratdığı mahnılar, təsniflər və oyun havaları isə muğamat üzərində yaranmışdır.Ulu yaradan, zaman-zaman xalqımıza bir-birindən gözəl, istedadlı sənətkarlar bəxş edib. Onlar da taleyin bu xoş payı qarşısında borclu qalmamaq üçün milli-mədəni dəyərlərimizi əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürüblər.Bu ali missiyanı uğurla yerinə yetirən sənətkarlarımızdan biri də bu gün 85 illik yubileyini qeyd etdiyimiz mərhum sənətkar Maarif Məmmədovdur.

Aparıcı 4 nömrəli Bərdə rayon Uşaq Musiqi Məktəbinin müəlliməsi, Maarif Məmmədov sənətinin varisi Natəvan İbrahimova sözü musiqiyə verib. Xanəndələr Asim Abbasov, Mahir Hüseynov, neçə-neçə Maarif Məmmədov sənətindən dərs almış ifaçılar öz məlahətli səsləri ilə dinləyənlərin ruhunu oxşayıblar. Qiraət ustası Ətayə Musayevanın şerlərlə muğam ifaçılarını müşayət etməsi tədbirə xüsusi rəng verib.

Sonda tədbir iştirakçıları ilə mərhum sənətkar Maarif Məmmədovun ailə üzvləri şəkil çəkdiriblər.