Bərdədə şəhid Asif Abışovun doğum günü qeyd edilib.

Mayın 16 – da şəhid Asif Abışovun doğum günü onun doğulub, boya – başa çatdığı Bərdə rayonunun Qaradəmirçi kəndindəki evində qeyd edilib.
Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri Etibar xanım Hüseynova, Bərdə cümə məscidinin axundu Hacı Ramazan Hüseynov, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya və partiyanın üzvləri, Bərdə rayon İcra Hakimiyyətinin əməkdaşları, Qaradəmirçi kənd tam orta məktəbinin direktoru və müəllimləri, KİV nümayəndələri, şəhid ailələri, Qarabağ qaziləri və Bərdə ictimaiyyətinin fəalları iştirak ediblər.
Media1.az-ın əməkdaşları şəhid Asif Abışovun doğum günündə keçirilən tədbirə qatılıb. Şəhidin həyat yolunu özündə əks etdirən muzeylə tanış olublar. Şəhidin özü üçün tikdiyi evin bir otağında indi onun qardaşı Arif Abışov tərəfindən muzey yaradılıb. Burada şəhidin şəxsi əşyaları, şəkilləri, hərbi xidmət zamanı aldığı mükafatları görmək mümkündür.
Muzeyə baxan zamanı Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri Etibar xanım Hüseynova bildirib ki, şəhidlər qanı, canı hesabına Azərbaycanın ərazi bötövlüyü təmin edilib. Düşmən üzərində parlaq qələbə qazanılıb. Ona görə də şəhidlərin xatirəsini əziz tutmaq bizim və bizdən sonra gələn nəsillərin müqəddəs borcu olmalıdır.
Şəhid anası İsbət Abışova muzey eksponatları haqqında məlumat verib. Ayrı – ayrı əşyaların hekayəsindən danışıb. Muzeydəki qartal və iki göyərçinin rəmziliyinin mənasını izah edib. Bildirib ki, qartal qüvvət , göyərçinlər isə sülh simvoludur. Deməli, biz bir xalq, dövlət kimi həm güclüyük, həm də sülhsevərik.
Tədbir şəhid Asif Abışovun müqəddəs məzarının ziyarət olunması ilə başlayıb. Şəhidin məzarı üzərinə gül, çiçək düzülüb. Azərbaycan Respublikasının dövlət himni oxunub. Axund Ramazan tərəfindən xoş avazla şəhidin ruhuna mübarək Qurandan ayələr səsləndirilib.
Şəhidin anası övladı haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Digər şəhid valideynləri də çıxış edərək şəhidin ruhuna ehtiramlarını bildiriblər.Qaradəmirçi kənd tam orta məktəbinin şagirdləri vətənpərvərliyi tərənnnüm edən şerlər qiraət ediblər.
Tədbir sonra şəhidin evində çoxsaylı izdihamın iştirakı ilə davam etdirilib. Günel Əliqızının ssenarisi, Zahir Əsədovun rejissorluğu ilə şəhid haqqında çəkilmiş “Tabuta sığmayanlar” filminin nümayişi ilə davam etdirilib.
Media1.az- Musa Muradlı


