23 Noyabr 2024

Bərdədə pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb – FOTO

Bərdə rayonunda nöqsanlar aşkarlanan pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, agentliyin müfəttişləri Bərdə rayonu, Qaraağacı kəndində fəaliyyət göstərən fiziki şəxs Şahmar Musa oğlu Bayramova məxsus pendir sexində yoxlama keçiriblər. Yoxlama zamanı sexdə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin müəssisədə sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi aşkarlanıb. Belə ki, müəssisədə temperatur rejiminə əməl edilmədiyi, mexaniki havalandırma sisteminin quraşdırılmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, divar səthlərinin asan yuyulabilən materialla üzlənmədiyi, pəncərələrin qoruyucu torla təmin olunmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyim qaydasına əməl olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, etiket məlumatlarında məhsulun tərkibi, saxlanma müddəti haqqında məlumatların qeyd edilmədiyi və digər nöqsanlar müəyyən olunub.