23 Dekabr 2024

Bərdədə daha bir məktəbin açılışı olub

Sentyabrın 29-da Bərdə şəhər 3 saylı tam orta məktəbin açılışı olub.

Məktəb binasının açılışında Bərdə rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayev,hüquq mühafizə orqanlarının yerli təşkilat rəhbərləri, Heydər Əliyev Fondunun nümayəndələri və valideynlər iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev bildirib ki,3 saylı tam orta məktəb 1936-cı ildə inşa olunmuş 23 sinif otağından ibarət binada fəaliyyət göstərib. Ötən müddət ərzində məktəbin binası fiziki köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdür.Heydər Əliyev Fondu tərəfindən 1200 şagird yerlik yeni məktəbin inşasına 2020-ci ilin aprel ayında başlanılmış,2021-ci ilin avqust ayında yekunlaşmışdır.Məktəbin ümumi ərazisi 1.09 ha təşkil edir.Bina sahəsi 3646,3 m2 olan 4 mərtəbəli 4 korpusdan,2800m2 sahəsi olan texniki zirzəmi mərtəbəsindən ibarətdir.Bina mövcud tikinti norma və qaydalarına uyğun,9 ballıq zəlzələyə davamlı inşa edilmişdir.

Binanın texniki imkanları barədə danışan İcra başçısı Vidadi İsayev qeyd edib ki, məktəb zəruri mebel və avadanlıqlarla , fənn kabinetləri və labaratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.Ərazisində yeraltı içməli su anbarı,nasosxana və qazanxana inşa edilib,məktəbin binası daimi isti və soyuq su,elektrik və istilik sistemləri ilə təmin edilib.Binanın daxilində və ərazidə video müşahidə kameraları qurulub.Ərazidə yanğın su anbarı inşa edilib, binada yanğın təhlükəsizlik sistemləri və təxliyə pilləkənləri quraşdırılıb.

Natiq binanın tarixi barədə danışarkən maraqlı bir faktı da qeyd edib, əlavə edib ki, məktəb II dünya müharibəsində hospital kimi istifadə edilib. Burada Şimali Qafqaz cəbhəsində yaralanan əsgərlərin müalicəsi aparılıb.

Daha sonra rayon ziyalılar cəmiyyətinin sədri , keçmiş Bərdə rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov, məktəb valideyn komitəsinin rəhbəri Kamil Hacıyev çıxış edərək görülən işlərə görə H.Əliyev fondunun rəhbəri Mehriban xanım Əliyevaya, cənab prezidentə, rayon icra hakimiyyətinin başçısına və əməyi keçən hər kəsə minnətdarlıqlarını bildiriblər.

Sonda məktəbin binası, dərs otaqları ilə tanışlıq olub.

Onu da qeyd edək ki, məktəbin 4 mərtəbəli binasında 43 sinif otağı,fizika,kimya,biologiya labaratoriyaları,informatika otağı,hərbi təlim otağı,tibb otağı,qızlar və oğlanlar üçün əmək təlimi otaqları,qarderob,kitabxana,yeməkxana,akt zalı və açıq idman meydançası var.

Musa Muradlı, Media1.az