21 Dekabr 2024

Bərdə xəstəxanasının direktoru jurnalistlərə Həsən bəy Zərdabidən danışıb

Bərdədə Milli Mətbuat Günü ilə bağlı TƏBİB-in yerli bölməsində tədbir təşkil edilib.

Bərdə rayon Xəstəxanasının direktoru Vüsal Məmmədovun təşəbbüsü ilə planlaşdırılan tədbir iyulun 20-də baş tutub.

Tədbirdə jurnalist , blogger və ictimai fəallar, o cümlədən həkim heyəti iştirak ediblər.

Media1.az-ın xəbərinə görə, Bərdə rayon Xəstəxanasının direktoru Vüsal Məmmədov jurnalist və ictimaiyyət nümayəndələri üçün hesabat xarakterli çıxış edib. Vüsal Məmmədov son 2 il ərzində görülmüş bərpa və quruculuq, ilkin səhiyyə xidmətinin, cərrahi xidmətin, doğum evi xidmətinin təkmilləşdirilməsi, bu sahələrdə aparılan yeniliklər, digər qurumlarda mütəmadi icra olunan müxtəlif sanitar maarif işləri, dispanserizasiya, Xankəndi şəhər xəstəxanasında göstərilən tibbi xidmət, statistik məlumatlar, yeni laboratoriyanın qurulması və bir çox yeniliklər barəsində məlumat verərək , bundan sonrakı Bərdə Rayon Mərkəzi Xəstəxanasının hədəfləri və nəzərdə tutulmuş yeniliklər barəsində tədbir iştirakçılarını geniş məlumat verib.

Ən maraqlı məqam baş həkimin Milli Mətbuatın tarixindən qürur və fəxrlə danışması olub. Baş həkim Vüsal Məmmədov Azərbaycanın maarifpərvər insanların xidmətlərini xatırladıb. Onların xalqımızı qaranlıqdan aydınlığa çıxarmasındakı rolunu vurğulayıb. Milli məfkurənin formalaşmasında Həsən bəy Zərdabinin misilsiz fəaliyyətini qeyd edib.

Vüsal Məmmədov daha sonra Azərbaycanın görkəmli şəxsiyyətləri Həsən Bəy Zərdabi, Əli Bəy Hüseynzadə və Əlimərdan Bəy Topçubaşov haqqında danışıb, onların Azərbaycan tarixindəki dərin izi haqqında ətraflı məlumat verib.” Əkinçi” qəzetilə əsası qoyulan Milli Mətbuatın ictimai fikrin inkişafındakı rolunu yüksək qiymətləndirib.

Tədbirin sonunda media nümayəndələrinin sualları cavablandırılıb və xatirə şəkli çəkdirilib.