22 Dekabr 2024

Bərdə Xalq Teatrının üzvləri ilə görüş keçirilib

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova Bərdə rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Bərdə Xalq Teatrının yaradıcı heyəti ilə görüş keçirib. Teatrın fəaliyyəti ilə yaxından maraqlanan idarə rəisi teatr sənətinin mədəniyyət həyatında vacib rol oynadığını vurğulayıb. Bildirib ki, mədəniyyətimizin inkişafında, teatrların fəaliyyətlərinin dəstəklənməsində dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Görülən işlər, imzalanan sənədlər bu sahənin daha da inkişafına və işin günün tələbləri səviyyəsində qurulmasına xidmət edir.

Görüşün keçirilməsində məqsəd Bərdə Xalq Teatrının fəaliyyətinin genişləndirilməsi, teatr üzvlərini dinləmək, onları narahat edən məsələlərin, mövcud problemlərin həlli yollarını tapmaqdır.

Daha sonra teatr üzvlərinin fikir və təklifləri dinlənilib, müzakirələr aparılıb. Qeyd olunub ki, teatr təkcə əylənmə, asudə vaxtın səmərəli keçirilməsi üçün mədəniyyət ocağı deyil, həm də tamaşaçını düşündürən bir məkan, milli dəyərlərin, tarixi keçmişimizin, mədəni irsimizin, ədəbiyyatımızın, bir sözlə, öz düşüncəmizin görünən təbliğat vasitəsidir.

Çıxışçıları diqqətlə dinləyən idarə rəisi qaldırılan məsələlərin qısa zamanda həll olunması üçün müvafiq tapşırıqlar verib.