22 Dekabr 2024

Bərdə rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümünə həsr edilmiş tədbir keçirilib


Oktyabrın 24-də Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı partiyanın yaradılmasının 30-cu ildönümünə həsr edilmiş tədbir keçirib.

Öncə tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə tər güllər düzərək xatirəsinə ehtiramlarını bildiriblər. Bərdə Şəhidlər Xiyabanında torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin məzarları və Vətən müharibəsi dövründə Ermənistan ordusunun Bərdəyə atdığı smerc tipli raket nəticəsində həlak olmuş mülki şəhidlərin xatirəsinə yaradılmış guşə ziyarət olunub, önünə tər güllər düzülərək ehtiramla yad edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Konfransda ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr edilmiş videoçarx nümayiş olunub. Şəhər 3 saylı tam orta məktəbin şagirdləri “Yeni Azərbaycan Partiyasıdır!” şeiri ilə konfrans iştirakçılarını salamlayıb.

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 30 il ərzində olduqca şərəfli yol keçdiyini, ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırıb. Fəqət Şadlinskaya bildirib ki, ümummilli lider Heydər Əliyevin parlaq ideyaları əsasında xalqımızın və dövlətimiz bu gün özünün ən qüdrətli dövrünü yaşaması Yeni Azərbaycan Partiyasının ali məqsədlərini uğurla həyata keçirməsinin ən gözəl təzahürüdür.

Konfransda YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Tahir Mirkişili çıxış edərək bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 30 illik tarixi zəngin və şərəfli inkişaf yoludur. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bu gün cənab İlham Əliyevin Sədrliyi ilə xalqımızı uğurlara, qələbələrə aparan yolun bələdçisi və ən etibarl, inamlı siyasi istinadgah yeridir.

YAP İdarə Heyətinin üzvü Asif Əsgərli çıxışında Heydər Əliyev ideyalarının böyük zəfərlərə yol açdığını söyləyib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixi nailiyyətlər qazandığını, möhtəşəm Qələbəyə imza atmaqla tarix yazdığını söyləyib. A.Əsgərli Yeni Azərbaycan Partiyasının bundan sonra da ardıcıl uğurlar qazanacağına əminliyini ifadə edib.

Milli Məclisin deputatı Fatma Yıldırım bildirib ki, Yeni Azərbaycan Partiyasının qələbələr partiyasi olduğunu söyləyib. O bildirib ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilən qələbə ilə özünün ən böyük məramını gerçəkləşdirdi, ölkəmizin ərazi bütövlüyünü təmin etdi.

Tədbirdə cıxış edən “Azərbaycan Bayrağı” ordenli şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi Yeni Azərbaycan Partiyasının uğurlu siyasi fəaliyyətinin əsas nəticəsidir: “Bu gün biz YAP üzvləri ilə bir ailə kimiyik. Bərdədə şəhid analarından bir qrupu Yeni Azərbaycan Partiyasının yeni üzvüdür və biz də üzv olmaq üçün müraciət etmişik. Şəhid oğullarımızın qanını yerdə qoymayan və bizi əsl böyük Qələbəyə aparan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Sədr olduğu bir partiyanın üzvü olmaq bizim üçün də şərəfdir”.

YAP Bərdə rayon təşkilatının ilk üzvü Aydın Qasımov çıxışında bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə Qayıdışı ilə Azərbaycana sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Bu gün həmin inkişaf strategiyası Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uğurlu siyasətində öz bəhrələrini verir. Ölkəmiz regionda güc amilinə, dünya birliyində söz sahibinə çevrilib.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev bildirib ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimiz Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin uğurlu siyasəti ilə regionun lider dövlətinə və dünyada söz sahibinə çevrilib. Xalqımız öz Liderinə inanır, onu dəstəkləyir və onun ətrafında sıx birləşib.

Sonra partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs fəxri fərmanla təltif edilib.

Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.