24 Aprel 2025

Bərdə Rayon Mərkəzi Xəstəxanasında Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Bərdə rayon Mərkəzi Xəstəxanasının kollektivi Xocalı faciəsinin şəhidlərinin xatirəsin ehtiramla yad ediblər.

Kollektiv qarşısında çıxış edən Bərdə rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov bildirib ki, bəşəriyyət tarixində ən qanlı cinayət ötən əsrin sonlarında Azərbaycanda Ermənistan silahlı qüvvələri tərəfindən törədilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya bir neçə istiqamətdən hücum edən erməni silahlı birləşmələri öz qəddar əməllərini və insanlığa sığmayan vəhşiliklərini şəhərdə köməksiz qalmış uşaqlar, qadınlar və ahıl qocaların üzərində nümayiş etdiriblər.Faciənin baş verməsindən yalnız iki il sonra bu bəşəri cinayət öz qiymətini alıb. Azərbaycan xalqının xilaskarı ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edilib. Sənəddə faciənin başvermə səbəbləri, günahkarların adları təfsilatı ilə açıqlanıb. Ümummilli liderin Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında 1997-ci il fevralın 25-də imzaladığı sərəncamla hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.Xocalı faciəsi qurbanlarının əziz xatirəsi hər il olduğu kimi, bu il də fevralın 26-da saat 17:00-da ölkə ərazisində və eləcə də dünyanın bir sıra dövlətlərində bir dəqiqəlik sükutla yad olunur.

Sonda saat 17: 00 -da xəstəxana kollektivi Xocalı şəhidlərinin əziz xatirəsinə 1 dəqiqəlik sükutla ehtiram göstəriblər.