Bərdə rayon Mədəniyyət Mərkəzi Xurşidbanu Natəvanın 190 illik yubileyi münasibətilə “Mənim naşad olan könlüm” adlı ədəbi-bədii gecə keçirib
Bərdə rayon Mədəniyyət Mərkəzi Xurşidbanu Natəvanın 190 illik yubileyi münasibətilə “Mənim naşad olan könlüm” adlı ədəbi-bədii gecə keçirib.
Tədbirdə Asan Xidmətin könüllüləri, Gənclər İnkişaf və Karyera Mərkəzinin əməkdaşları, Bərdə İdarəetmə kollecinin tələbələri, Qarabağ Əlillər Cəmiyyətinin sədri və mədəniyyət işçiləri iştirak etmişdir.
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə xanım Möhsümova çıxışında bildirib ki, Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir. Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır. İncəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar Şərq poetik ənənələrinə sədaqətlə yazıb yaratmış, mənəvi saflığa çağıran və insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirikaya malik və parlaq bədii boyalarla zəngin bir irs qoyub getmişdir. Onun başçılıq etdiyi ədəbi məclis öz ətrafında dövrün qabaqcıl ziyalılarını toplamış və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərmişdir.
Tədbir Mədəniyyət Mərkəzinin Xalq Teatrının hazırladığı İlyas Əfəndiyevin “Xurşidbanu Natavan” tamaşasından bir səhnə ilə sonlanmışdır.