Bərdə kitabxanasında “Narkomaniyaya və narkobiznesə qarşı beynəlxalq mübarizə günü” münasibətilə tədbir keçirilib

İyunun 26-da “Narkomaniyaya və narkobiznesə qarşı beynəlxalq mübarizə günü” münasibətilə “Ekoloji İnformasiya” İctimai Birliyi, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Bərdə şəhər Səməd Vurğun adına Elektron Kitabxananın birgə təşkilatçılığı ilə tədbir təşkil edilib.
Media1.az-ın xəbərinə görə, “Narkotik vasitələrdən istifadə geniş ictimai təhlükə mənbəyidir “ adlı tədbir Bərdə şəhər Səməd Vurğun adına Mərkəzi Elektron Kitabxanada keçirilib.
Tədbirdə kitabxana əməkdaşları, “Ekoloji İnformasiya” İctimai Birliyinin üzvləri, 9 saylı Regioanal Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri və işçiləri, Asanxidmət könüllüləri, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin Tələbə Gənclər Təşkilatının fəalları iştirak ediblər.
Tədbiri açan “Ekoloji İnformasiya” İctimai birliyinin sədri Musa Muradlı 26 iyun ordu günü münasibətilə iştirakçıları salamlayıb . Bildirib ki, ordunun sıralarını sağlam gənclər təşkil edir. Bunun üçün də gənclərin sağlamlığına daim xüsusi diqqət göstərilməli, zərərli vərdişlərlə məşğulluqlarına imkan verilməməlidir.
Musa Muradlı qeyd edib ki, 26 iyun BMT Baş Assambleyasının 1987-ci il 7 dekabr 44/112 saylı qətnaməsinə əsasən “Narkomaniyaya və narkobiznesə qarşı beynəlxalq mübarizə günü” kimi tarixə düşüb. Hər ilin bu günü narkomaniyaya həsr olunmuş tədbirlər dünyanın hər yerində keçirilir.
9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev narkomaniyanın sosial bəla olduğunu bildirib. Narkomaniyanın son dərəcə ağrılı problem olduğunu , narkomaniyanın sağalmaz xəstəliyə çevrilməsindən , dəhşətli cinayətlərə yol açdığından danışıb.Vurğulayıb ki, narkomaniyaya qarşı mübarizədə ictimai nəzarət gücləndirilməlidir.
Kitabxana müdirəsi Almaz xanım Zülfüqarova, kitabxana əməkdaşı Gülnarə Məmmədova, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Aqil Məmmədov, Bərdə Rayon Dövlət Qulluqçuları Həmkərlar Təşkilatının sədri Məhər Atakişiyev, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Vüsal Quliyev və fəal iştirakçı gənclər narkomaniyanın sosial təhlükəliliyindən danışaraq, gənclərin ayıq sayıq olmasını, gözə görünməyən düşməndən qorunmağın vacibliyindən danışıblar.
Bildiriblər ki, gənclər narkomaniyanın təsirlərinə qalmasınlar deyə daim bilik və bacarıqlarını təkmilləşdirməli, kitabxanaların oxuculara yaratdığı səmərəli imkanlardan istifadə etməli, mütaliyəyə daha çox vaxt ayırmalıdırlar.
Tədbirin gedişində narkomaniya mövzusuna həsr edilmiş kitablar haqqında Bərdə şəhər Səməd Vurğun adına Elektron Kitabxananın hazırladığı video çarx göstərilmişdir.
Sonda Ekoloji İnformasiya İctimai Birliyinin sədri Musa Muradlı bildirib ki, Bərdə Regional Mədəniyyət İdarəsinin fəaliyyəti genişlənib, maraqlı mədəni kütləvi tədbirlər təşkil edilir. Yeni yaranan ab-hava idarə rəisi Vəsilə xanım Möhsümovanın işgüzar fəaliyyətinin nəticəsidir.
Ekoloji İnformasiya İctimai Birliyinin sədri “Narkotik vasitələrdən istifadə geniş ictimai təhlükə mənbəyidir “ adlı tədbirin təşkilində yaradılan şəraitə görə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümovaya, o cümlədən Bərdə şəhər Səməd Vurğun adına Elektron Kitabxananın kollektivinə təşəkkürünü bildirib.
Media1.az- Musa Muradlı








