Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində “Məzun Günü 2025” adlı tədbir keçirilib

Kollecin həyətində açıq havada təşkil olunan tədbirdə qonaqlar sırasında şəhid ailələrinin üzvləri, son kursların təcrübədə olduqları müəssisələrin rəhbərləri, rəhbər-inzibati, pedoqoji, tələbə heyyəti, tələbə valideynləri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsinin ardınca Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, Xosrov müəllim Musayev tədbir iştirakçılarını salamlayıb, məzunları, onların valideynlərini və müəllimləri təbrik edib, xoş arzu və istəklərini çatdırıb. Bu əlamətdar gündə bir arada olduqlarına görə qonaqlara təşəkkürünü bildirib. O, geridə qoyduğumuz tədris ili ərzində tədrisin keyfiyyətindən, tələbə və məzunların qazandıqları bilik və bacarıqlardan , uğurla davam edən tədris təcrübəsindən bəhs edərək Kollecin yüksək səviyyədə kadr hazırlığının aparıldığını vurğulayıb və gənclərin qazandığı bilik və təcrübələr sayəsində həm yaxşı mütəxəssis, həm də layiqli vətəndaş kimi Vətənimizin hərtərəfli inkişafına töhfələr verəcəyini bildirib. Qonaqlar çıxışlarında günün səbəbkarlarını təbrik edib, sonrakı həyatlarında müasir dövrün tələblərinə uyğun olaraq bilik və bacarıqlarının davamlı artırılmasını diləyib, nailiyyətlər arzulayıblar. Məzun tələbələr çıxışlarında ötən illər ərzində onların üzrərində böyük əməyi olan sevimli müəllimlərinə səmimi hisslərini çatdırıb, dərin təşəkkürlərini bildiriblər. Burda qazandıqları bilik və təcrübə sayəsində ölkəmizə layiqli bir vətəndaş kimi xidmət edəcəklərini, onlara olan etimadları doğruldacaqlarını ifadə ediblər. Rəsmi hissədən sonra tədbir bədii və əyləncəvi hissə ilə davam edib.