23 Dekabr 2024

Bərdə Aztelekom Alçadırlı kəndində abonentlərə xidmət təşkil edə bilmir

Bərdə rayonunda telefon-internet xidmətlərindən əhalinin yararlanması layiqincə təşkil edilmir.

Rayon sakinləri mütəmadi olaraq internetin yarıtmaz gücündən şikayətlənirlər.

Bərdə rayon Alaçadırlı kənd sakini Zərifə Məmmədova da belə şikayətçilərdən biridir.

Zərifə Məmmədova Bərdə şəhər 8 saylı məktəbdə müəllimə işləyir. Müəllim kimi həm şagirdləri ilə əlaqə saxlamaqda , həm də təhsildə innovativ xarakterli tədbirlərə qoşulmaq üçün gündəlik internet xidmtindən istifadə etməyə həddindən artıq ehtiyyacı var. Təəssüflər olsun ki, Aztelekomun telefon və internet istifadəçisi olsa da ona xidmət  düzgün təşkil edilmir. Zərifə müəllimə aylıq abunə haqqını vaxtlı- vaxtında ödəsə də internetin vaxtaşırı kəsilməsi ilə üzləşir.

Zərifə Məmmədova ATVFM.LİVE bildirib ki, Aztelekom Bərdə Telekomunikasiya İdarəsinin montyoru Etibar adlı şəxs dəfələrlə onu aldadıb. İnternetə görə kəsilmə barədə məlumat versə də yaranmış nasazlığın aradan qaldırılmasını təmin etməyib. Sonuncu dəfə Aprelin birindən abonent Zərifə Məmmədovanın mənzilində internet xidməti dayanıb. Etibar adlı montyora məlumat verib, köməklik göstərməsini xahiş edib. Etibar isə idarədən işə getmək üçün maşın ayrılmadığını, taksi ilə əraziyə gəldiyini bildirib. Zərifə müəllimə montyorun halına acıdığından ona zəhmət haqqı pul verib. Bir günlük xidmət bərpa olunsa da ertəsi gün internet yenidən dayanıb. Növbəti dəfə Etibar şnurların yararsız olduğunu və dəyişdirilməsinin vacib olduğunu deyib. Bu dəfə də işin pula bağlı olduğunu eşitdirib. Pulu alan Etibarın interneti işlətmək fərasəti yenə də özünü doğrultmayıb.

Abonent Zərifə müəllimə indi internetdən istifadənin alternativlərini axtarır. Etibarın Aztelekomun üz qaralığı abonenti bu xidmətdən imtina barədə düşünməyə vadar edir. Keyfiyyətsiz xidmət təbii ki, bir idarənin gəlirlərinin itirilməsi deməkdir. Etibar kimi montyorlar isə bu işin əsas səbəbkarları hesab oluna bilər.

Zərifə müəllimə hazırda MB-lik internetdən istifadə edir. Aztelekomun xidmətlərindən isə yararlanmağı çox istəyir.

Hazırda abonent Zərifə Məmmədova 15 gündür ki, internet xidmətindən yararlana bilmir. Bərdə Telekomunikasiya İdarəsinin rəhbərliyinə bu barədə köməklik göstərilməsi xahiş edilib. İdarənin sahə rəisi Şamxal müəllim də montyorun özbaşınalığını qınayıb. Montyorun işi yarıtmadığını etiraf edib. Demək olar ki, montyorla bacara bilmədiklərini deyib.

Belə nəticəyə gəlmək olar ki, bu idarədə işin təşkili belədir. Abonentə  vaxtaşırı  xidmət dayanır. Bir montyorun məsuliyyətsizliyi ucbatından vətəndaş Aztelekom kimi nüfuzlu idarədən incik salınır, ən əsası da prezident İlham Əliyevin xidmət sahələrində məmnunluğun təmin olunması barədə tövsiyyəsinə əməl olunmur.