22 Noyabr 2024

Bəlkə də Qarabağ zəfərinin xəbərini gətirən elə Mahirlə Tahir idi

1988-ci ildən Qarabağda milli ədavətin qızışdırılması sayəsində başlayan erməni separatizmi uzun sürən müharibənin başlanğıcını qoydu. Xankəndində başlayan erməni qarıltısı getdikcə daha da yüksəlməyə başladı. Havadarlarından aldıqları əmrləri həyata keçirərək azğınlaşmağa başladılar. Beləliklə , Qarabağ müharibəsi başladı.Və ilk şəhidlərimiz də Ağdamın iki gənci oldu. Əli və Bəxtiyar. Bərdədən, Ağdamdan və başqa rayonlardan Xankəndi üzərinə yürüşə çıxmış qəzəbli xalqın qarşısını kəsən rus əsgərləri atəş açarkən bu gənclər şəhid olmuşdular.

Vətənin başı üstünü alan təhlükədən qorunmaq üçün minlərlə qeyrətli oğullarımız cəbhəyə can atırdılar. Ermənistanın Azərbaycana qarşı təcavüzün qarşısını almaq üçün döyüşə atılırdılar. Elə olurdu ki, bir ailədən bir neçə oğul döyüşə atılırdı.Haqqında danışacağımız iki qardaş da belə vətənpərvərlik,vətənə olan sevgi ilə torpaqlarımızın müdafiəsinə qoşulublar. Ağır döyüşlərdə iştirak edərək şəhidlik zirvəsinə ucalıblar.

İki qardaşın dastanını dinləmək üçün Nərgiz xanım Cəfərova ilə həmsöhbət oluruq. Şəhid bacısı qardaşları haqqında danışarkən bildirir ki, Cəfərov Tahir Cəmaləddin oğlu 1960-cı il,dekabrın 1- də Bərdədə anadan olmuşdur.Volqaqradda milis məktəbində oxuyurdu.Lakin mənfur erməni qəsbkarlarının getdikcə daha da azğınlaşmasını eşidib,vətənə dönməyi qərara alır. Tahir  oradakı  işini,məktəbini atıb gəlir Azərbaycana.Bərdə özünümüdafiə batalyonuna üzv yazılır.Ağdamda, Ağdərədə,Dronbom,Kasaped,Aşağı Çaylı, Yuxarı Çaylıda,Laçında,Kəlbəcərdə gedən gərgin döyüşlərdə həm döyüşçü,həm də bir komandir kimi irəlidə olur.İkinci qardaş Mahir Cəmaləddin oğlu Cəfərov isə 1965-ci ilyanvarın 29 da Bərdədə anadan olub.Uşaqlıqdan həmişə özünü  kapitan kimi təsəvvür edirdi .Nə biləydi ki, uşaqlıqda həmyaşıdları ilə boş vaxtlarında oynadıqları dava oyunu böyüyüb ,ata ana, bacılarının qururla boyuna baxıb fəxr etdikləri vaxtda ,könüllü müharibəyə qatılıb mənfur ermənilərə qarşı döyüşəcək.Əvvəclə, Ağdamda döyüşür, sonra qazandığı etibara, qorxmazlığına görə silah- sursatla dolu olan bazaya nəzarət ona həvalə  olunur.Ağdərə və neçə-neçə  kəndin azad olunmasında Mahir xüsusi şücaət,qəhrəmanlıq göstərir.Aşağı və Yuxarı Çaylı  kəndlərini düşməndən azad edərkən şəhidlik zirvəsinə ucalıb.1992-ci il iyunun 17-də Bərdə Şəhidlər xiyabanında uğrunda canını fəda etdiyi müqqədəs torpağa tapşırılıb.

Nərgiz xanım Cəfərova qardaşları Tahirlə Mahirin cəbhədəki şücaətləri barədə məlumat verir. Dinlədikcə təsirlənməmək  olmur.Qəbimizin dərinliyində kədər hissi baş qaldırır, ancaq qəhrəmanlığı yaratdıqlarına, çətin və dar gündə dostun, döyüş yoldaşının uğrunda canını fəda etdiyini görüncə təsəlli tapırıq. Anlayırıq ki, onların ölümü,ölümsüzlükdü.Şəhadətə ucalmaqla həm cənnəti qazanmışlar, həm də qəhrəman olmuşlar.

Nərgiz xanım Mahirlə Tahirin sonuncu dəfə ayrılığını belə anladır:” Tahir Mahirlə Ağdərədə, onun kəndləri uğrunda döyüşürdülər.Qardaşların ikisi də bir yerdə olurdular.Tahir yanında yaralanan döyüşćünü xəstəxanaya çatdırmaq üçün Bərdəyə gəlməli olur.Ani olaraq  tankla gedən Mahirlə qarşılaşır.Mahir əli ilə işarə edir ki, məndən narahat olma,yaralını apar.Tahir döyüşçü yoldaşını sağaltmaq üçün  xəstəxanaya aparır. Mahir də döyüşçü dostunu atəş altından çıxarmaq üçün şəhid olur.Tahir geri dönəndə qardaşının şəhid olduğunu eşidir. Növbəti döyüşdə Tahir yaralanır.Bir müddət müalicə alır.Lakin müalicəni yarımçıq qoyaraq,qohumların,valideyinlərinin, nə də ki,bacısının təkidinə baxmır,yenidən döyüşə qatılır.Üç dəfə yaralanmasına baxmayaraq,öz əqidəsindən, məsləkindən dönmür.Əksinə,qardaşının intiqamını almaq üçün Müdafiə Nazirliyinə müraciət edərək Bərdə batalyonunun yaradılması əmrini alır.Bütün döyüşçülərin dəstəyi ilə batalyona Mahir Cəfərovun adı verilir.

Tahirin son döyüşündən danışan Nərgiz xanım Cəfərova bildirirki, qardaşının xidməti-qulluq apardığı  batalyon Laçından Kəlbəcərə gətirilir.Kəlbəcərin mənfur erməni murdarlarının əlinə keçməməsi üçün var qüuvvəsi ilə son nəfəsinədək vuruşur.1993- cü ilin aprelin 2-də Kəlbəcər işgalı zamanı vətən uğrunda  şəhid olur.

Qardaşlarından danışan Nərgiz xanım Mahirin şəhadətə yüksəldiyi döyüş səhnəsini belə təsəvvür edir. “Yuxarı,aşağı Çaylı kəndlərini ermənilərdən azad edəndən sonra əllərini yumaq üçün çaya enirlər.Həmin anda  dostu Fəxrəddin qəfil vurulur, yanlarında olan əsgərlər tez dağılışırlar.Ancaq Mahir yaralı yoldaşını tək buraxmır.Onu atəş altından çıxarmağa çalışır. Döyüşçülərin adətən bir-birinə söz verməyi,andlaşmağı olur.   Mahir əhdinə sadiq qalır. Fəxrəddini çıxaran zaman  düşmən gülləsinə tuş gəlir.Budur qəhrəmanlıq dastanı.Bu nə nağıl,nə yuxu deyil real igidlik dastanıdır.”-deyərək  Nərgiz xanım onu da əlavə edir ki, sevdiyi qız 30 ildir Mahirin yoxluğuna inanmır elə bilir nə vaxtsa gələcək.

İki şəhidin bacısı illərdir ələm yükü daşıyır, qəm-qüssə yeyir. Bu yük həm də vətənin şərəf yüküdür.”Hər bir qadın illər uzunu öz zərif, zəif yeri gələndə güclü çiyinlərində müxtəlif dərd,ələm,kədər bir sözlə ,bəlkədə digərləri kimi daşıya bilməyəcəyi bir yük daşıyır.Mən isə ailənin son beşiyi olaraq məndən yaşca böyük olan ,məni daim əzizləyən, nazımı çəkən, yeri gələndə adıma and içən qardaşlarımın yükünü daşımaq qismət oldu.Həm də bir yox, iki cəngavər ,qorxmaz torpaqlarımızı yağı düşməndən qorumaq üçün ata anasını ,qardaşlarını canından çox sevən bacılarını həsrətdə,gözü yolda qoydular.Bərdədə Tahir və Mahir Cəfərov qardaşları dedikdə heyifslənməyən tapılmaz, onları tanıyan dost -tanışları bəzən  bizim bilmədiyimiz müsbət xüsusiyyətlərindən ,xatirələrindən yanıqlı yanıqlı danışırlar.Nə qədər ağrılı ,acılı olsa da ,bir o qədər qürurvericidir.Çünki,insan var sağ ikən unudulur.İnsan var dünyasın dəyişir, unudulur .Heç vaxt xatırlanmır.Amma ,Tahir Mahir haqqında dostları, müəllimləri qohumları, şirin xatirələri danışdıqca bitmir.Hətta çətinə düşəndə deyirlər: Tahir Mahir olsaydı bu işimiz çoxdan düzələrdi.”deyən şəhid bacısı başını dik tutur.

44 günlük müharibənin sonunda qələbə xəbərini eşidən  şəhid bacısı həm sevinib,həm də kədərlənməli olub. “Kəlbəcər, Laçın işgaldan azad edildikdə əksəriyyət insanlar zəng edib məni təbrik etdilər.Zəfərə,Qələbəyə mən də sevindim.Amma tam sevinə bilmədim.İki qardaşın itkisinə dözmək , onların yoxluğu ilə barışmaq heç də asan deyil. Həmin anlarda  keçirdiyim hissləri  sözlə ifadə etmək mümkün deyil.Çoxlarının bilmədiyi küt bir agrı vücudumu sarmışdı, sanki boğulurdum, nəfəsim çatışmırdı. Elə bil ki, qəlbimin dərinliyinə qaranlıq çökmüşdü. Bəlkə də Qarabağ zəfərinin xəbərini gətirən elə Mahirlə Tahir idi. Sadəcə bu qaranlığa görə onları görə bilmirdim”-deyə yaşadığı hisləri belə anlada bilir, şəhid bacısı.

Şəhid bacısı Nərgiz xanımın indi bir təsəllisi var. O da Mahir və Tahir qardaşlarının uğrunda canından keçdikləri torpaqlarımızın yenidən azadlığına qovuşmasıdır.

Biz də bütün şəhid ailələrinə,o cümlədən də Nərgiz xanıma səbr diləyirik. Və deyirik şəhidlər ölmürlər,ölümsüzləşirlər.Onların xatirəsi həmişə Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşayacaqdır.

Nilufər Əliyeva