22 Dekabr 2024

“Bayraktar” PUA-larını mühərriklə təchiz edən şirkətin rəhbəri həbs olundu

Ukraynanın Şevçenkovski Rayon Məhkəməsi “Motor Sich” şirkətinin prezidenti Vyaçeslav Boquslayev barəsində həbs qətimkan tədbiri seçib.

Qərara əsasən, Ukrayna Təhlükəsizlik Xidmətinin müstəntiqləri ibtidai istintaq apararkən o, növbəti 60 gün ərzində təcridxanadan çıxa bilməyəcək.

Qeyd edək ki, sənaye nəhənginin başçısı Rusiya ilə əməkdaşlıq və təcavüzkar dövlətə yardım maddələrilə ittiham olunur. Boquslayev və zavodun bir sıra digər rəhbər işçiləri oktyabrın 23-də saxlanılıblar. Təhlükəsizlik Xidməti “Motor Sich” prezidentinin Rusiya ilə əməkdaşlığını təsdiqləyən telefon danışıqlarının audioyazılarını dərc edib. Burada Boquslayev Rusiyanın Ukraynaya müdaxiləsinə haqq qazandırır, həmçinin işğal olunan torpaqların azad edilməsi zamanı Rusiya ordusunun ukraynalı hərbçiləri dayandıra biləcəyinə ümid etdiyini bildirir.

Xatırladaq ki, “Motor Sich” müəssisəsi “Bayraktar” və “Akıncı” PUA-larını mühərriklə təmin edir.//Oxu.az