23 Dekabr 2024

Başar Kömür: “Hatayda azərbaycanlı tələbələrin ehtiyacları ödənilir”

“Azərbaycandan olan tələbələrlə əlaqə saxlamağa çalışırıq. Bəzi tələbələrin müraciətlərinə baxılıb, ehtiyacları qarşılanıb”.

Bu fikirləri “Report”un Ankara Bürosuna Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin zəlzələ baş verən ərazilərində Hatay, Osmaniyə, Adana, Mersin şəhərləri üzrə təhkim etdiyi nümayəndə, Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömür bildirib.

Başar Kömür deyib ki, bu gün baş verən dağıdıcı zəlzələdən sonra onlara müraciət edən soydaşlarımızın müraciətlərinə Azərbaycanın Türkiyədəki səfiriliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə birlikdə baxılır:

“Malatyadan olan azərbaycanlı tələbələrin yaşadıqları yer dağılıb, sənədləri, pulları, əşyaları dağıntılar altında qalıb. Səfirliklə əlaqə saxlayıb onların minimum ehtiyaclarını ödədik. Adana Universitetinin tibb fakültəsindən bir azərbaycanlı qız Bakıya qayıtmaq istəyirdi, onun qayıdışına dəstək olduq. Səfirlik Azərbaycana qayıtmaq istəyən tələbələrə hər şəkildə dəstək olacağını bildirib”.

Başar Kömürün sözlərinə görə, Hatay Azərbaycan Evi ilk növbədə tələbələrin müraciətlərinə önəm verir:

“Parklarda olan sığınacaq düşərgələrində tələbələrin yerləşdirilməsi üçün şərait yarada bilərik, amma bununla əlaqədar bizə hələlik müraciət edənlər olmayıb. Havanın çox soyuq olması da insanları çətin durumda qoyub. Adana, Hatayda qış demək olar ki, soyuq keçmir, amma bu gün çox soyuq hava şəraiti var. Fasiləsiz yağış yağır ki, bu da vəziyyəti daha da çətinləşdirir”.

Qeyd edək ki, dünən Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda yerli vaxtla saat 4:17-də 7,7 bal, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa saat 4:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4 bal, saat 4:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı təkanlar baş verib.

Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.

Son məlumata görə, zəlzələdə ölənlərin sayı 2 379 nəfərə çatıb, 14 483 insan xəsarət alıb.