23 Dekabr 2024

Baş Prokurorluqdan həkim-terapevtin anasının öldürülməsi iddiasına REAKSİYA – YENİLƏNİB

Baş Prokurorluq həkim terapevt Aysel Əskərovanın anasının vəfatının qətl olması iddiasına münasibət bildirib.

Qurumun Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1965-ci il təvəllüdlü Qismət Əskərovanın ölməsi faktı ilə bağlı hazırda Lənkəran rayon prokurorluğunda araşdırma aparılır:

“Ölümün səbəbini müəyyən etmək məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilmiş, müvafiq izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər icra olunur. Araşdırmanın nəticəsindən asılı olaraq, qanuni qərarın qəbul olunması təmin ediləcək”.

Qeyd edək ki, həkim terapevt Aysel Əskərovanın anasının pilləkəndən yıxılaraq həyatını itirmədiyini, qarət məqsədilə törədilmiş qətl olduğunu iddia edib.

14:42

Həkim-terapevt Aysel Əskərovanın anası ölüb.

Bu barədə paylaşım edən həkimin iddiasına görə, anası öz əcəli ilə ölməyib, qarət məqsədilə öldürülüb: “Anamın pilləkəndən yıxılaraq həyatını itirdiyini dedilər. Biz bunun qarət məqsədilə törədilmiş qətl olduğunu düşünürük”.

“Qafqazinfo” məsələ ilə bağlı həkimlə əlaqə saxlayıb. O, açıqlamasında bildirib ki, hadisə ötən gecə Lənkəranın Girdəni kəndində baş verib:

“Anam 1965-ci il təvəllüdlüdür. Bacımın qızı ilə yaşayırdı. Qız səhər oyanıb görüb ki, anamın üst-başı qan içindədir. İlkin məlumat olaraq onun pilləkəndən yıxılıb öldüyünü deyirlər. Amma biz buna inanmırıq, anamın üzərində xəsarət izləri var”.

Hüquq-mühafizə orqanlarından isə hadisənin araşdırıldığını bildiriblər.