23 Noyabr 2024

“Bakılı-rayonlu” söhbəti: Bəhram Bağırzadə köhnə “yara”nın üzünü niyə qopardı – rəylər

“Gənclər haqqında danışmaq istəyirəm. Bax, indi burada veriliş gedir. Zalda oturanlar o qədər də gənc deyillər. Onlar bilirlər ki, burada veriliş gedir, amma ucadan danışırlar. Hətta heç olmasa, hörmət qoymağı lazım hesab etmirlər. Əvvəllər bu hörmət var idi”.

Bu fikirləri jurnalist Həmid Həmidovun iki gün öncə “Danışaq?” verilişinin qonağı olan aktyor Bəhram Bağırzadə bildirib.

Aktyor regionlardan Bakıya gələnləri şəhər həyatına uyğunlaşa bilməməkdə ittiham edib: “Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı ilə gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz”, – deyə aktyor həm də gəncləri qınayıb.

Qeyd edək ki, “şəhərli-rayonlu” söhbəti heç də təzə deyil və vaxtaşırı özünü köklü bakılı sayanlar tərəfindən qabardılır. Bir vaxt Bakıda məskunlaşan qaçqın-köçkünlərin ünvanına da oxşar ittihamlar səslənirdi ki, guya onlar paytaxtı klassik şəhər simasından məhrum edərək, kəndə oxşadıblar, şəhərdə heyvan saxlayırılar və s.

Yerlibazlıq söhbəti təkcə ölkəmizdə deyil, dünyanın ən inkişaf ölkələrində belə ənənəyə çevrilib. Bu, cəmiyyətdə mövqe tutmaq üçün müəyyən bölgəyə mənsub olmaq anlayışındadır. Azərbaycanda da yerlibazlıq, insanları bu və ya digər regionlara ayırma çox geniş şəkildə yayılıb. “Haralısan?” sualı ilə gündəlik həyatımızda tez-tez rastlaşırıq. Bəzən ictimaiyyətin ən məşhur, nüfuzlu, ziyalı şəxslərinin dilindən yerlibazlıq məsələsini eşidirik.

Bu arada qeyd edək ki, aktyor Bəhram Bağırzadənin özü heç də bakılı deyil. Bir neçə il öncə özü “bakılı-rayonlu” qalmaqalını tənqid edərkən bildirmişdi:

“Mənim əslim rayonludur, amma mən özümü əsl bakılı sayıram və bir köhnə bakılı kimi demək istəyirəm ki, bakılı və ya rayonlu olmaqla deyil, gərək insan olasan! Çünki bakılı olmaq mənəviyyat işidir, mədəniyyətə bağlıdır. Mədəniyyət sözünün kökü “Mədinə” sözündən irəli gəlir və şəhər anlamını verir. Şəhər mədəniyyəti başqadır, rayon mədəniyyəti başqa. Adam var ki, rayondan gəlir, şəhərə adaptasiya ola bilmir. Yəni bu, insanın xüsusiyyətlərinə bağlı bir məsələdir. Adam var ki, əslən bakılıdır, özü də Bakının düz göbəyində yaşayır, amma məhlənin qabağında dayanıb, tumu çırtlayıb tökür yerə… Şəhəri zibilləyir. Sabah belə bir insan necə deyə bilər ki, rayonlular şəhəri zibilləyir, nə bilim, yerə tüpürür və s…

Mənim qohumlarım Şirvan əhlidir. Əslim oradandır. Amma biz fəxrlə Bakıda yaşayırıq. Bilirsiniz, bu məsələ bakılı və ya rayonlu olmaqla yox, mədəni və insan olmaqla əlaqəlidir. Oğurluq, tərbiyəsizlik, ədəb-ərkan problemləri doğulduğun yerdən yox, böyüdüyün ailədən gəlir. Bakı tək bakılıların şəhəri deyil. Mən rayonluyam, nə olsun?! Özümü mənəvi bakılı hesab edirəm”.

Bəs Bəhram Bağırzadənin sonuncu “Bakılı-rayonlu” açıqlamasında haqq varmı və düşmən ölkələr əhatəsində olduğumuz vaxtda belə söhbətlərin nə dərəcədə yeridir?

Təkcə məni söymürlər ki?” – Aydın Xan qalmaqallı açıqlamasından danışdı  Yeni Sabah

Aydın xan Əbilov: “Bu haqda dediyi fikirlər çox absurd və mənasız, məntiqsizdir”

Mövzu ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Yenimedia.net saytının və  kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq  Aydın Xan Əbilov “Yeni Müsavat”a danışıb: 

“Ümumiyyətlə, istənilən məsələ ətrafında ictimai debatların aparılmasının tərəfdarıyam. Kiminsə hansısa fikrinə görə onu təhqir etmək, şəxsiyyətinə qarşı alçaldıcı, ağır ifadələrin işlədilməsinin qəti əleyhinəyəm.

İkincisi, bu məsələyə daha çox sosial-mənəvi və tarixi-mədəni aspektdən baxanda görəcəyik ki, əslində Bakının özü urbanizasiya prosesinə girib. Urbanizasiya prosesi şəhərin inkişafı ilə bağlıdır. Bu baxımdan, Bəhram Bağırzadənin fikirləri  bir qədər birtərəflidir. Xalq dili ilə desək, Bakı heç kimin dədəsinin deyil və əslində heç yaşamaq üçün elə də bir şəraiti olan coğrafi məkan da sayılmır. Sadəcə, ya “vəlvələdən, ya da zəlzələdən” məcburuq ki, Bakını Azərbaycan Respublikasının paytaxtı kimi qəbul edək. Müxtəlif vaxtlarda onun inkişafında  həm ölkəmizdə yaşayan, həm də bura gələn millətlər, xalqlar iştirak edib. Hansı ki, onların bir çoxu bizə dost münasibəti bəsləyib,  bir çoxu isə var-dövlətimizi talayıb, neftimizdən istifadə edib, Qərbi Azərbaycanı Ermənistana çeviriblər və sairə. Bu baxımdan Bakı və bakılılar ilə bağlı həmişə mübahisələr olub. Bilmirəm Bəhram Bağırzadə hansı bakılılardan söhbət açıb, çünki bunun dağlı, türk mənşəli, İrandan, həmçinin rayonlardan gələnləri var. Əslində Bakının böyük şəhər kimi formalaşmasında Şah İsmayıl Xətainin çox böyük rolu olub. Məhz Xətainin vaxtından sonra şəhər urbanizasiya prosesinə başlamışdı. Ona qədər Bakı əslində təkcə “İçərişəhər”dən ibarət olub, daha sonra isə ətrafında kəndlər yaranan Qaraşəhər kimi formalaşmağa başlayıb.  Bəhram Bağırzadə və onun kimi düşünən digərləri onda zəhmət çəkib, gedib təkcə “Sovetski”də, “İçərişəhər”də yaşasınlar. Orada özləri üçün təsbeh çevirsinlər,  küçədən başqa adamın keçməsinə icazə verməsinlər, hər hansı bir məsələdə bir-birilərini bıçaqlasınlar və sairə. Bu cür təfəkkür, düşüncə tərzi nə deməkdir, anlaya bilmirəm!

Rayon sakinlərinin Bakıya gəlib, yaşayan zaman iki həftədən sonra qeydiyyata düşməsi, əgər qeydiyyata düşməsə, 200 manatdan çox cərimələnməsi məsələsinə gəldikdə, bütün Azərbaycan, Bakı müşahidə kameraları ilə dolu olduğu, mobil telefon və şəxsiyyət vəsiqəsi smart olduğu, həmçinin onların daxilində olan çiplərlə izləmək imkanı olduğu bir vaxtda əgər insanın birbaşa qeydiyyatı tələb edilirsə, deməli, hələ çox geridə qalmışıq. Necə olur ki, bizim banka 10 manat borcumuz olanda bizi həmən tapırlar, amma hər hansı bir insan ölkə daxilində yaşayış yerini dəyişəndə onu tapmaq mümkün olmur.

Ölkə ona görə müstəqil olmadı, vətəndaşları tərəfindən verilən vergi sayəsində inkişaf etmədi, ona görə Qarabağı geri qaytarmadıq ki, insanlara qadağa qoyaq ki, siz Bakıya gələ bilərsiniz, ya yox. Sadəcə, ola bilsin ki, Bəhram Bağırzadə ismarış alıb ki, məqsədli şəkildə ictimai fikri dəyişsin”.

Kulturoloq Bəhram Bağırzadənin “rayonluların restoranda yüksək səslə danışması” fikrinə də münasibət bildirib:

“Axı insanlar restorana ağlaşmaq üçün getmir. Şəhər yerində qonşularını narahat etməmək üçün ailəsini, qonaqlarını və yaxud sevgilisini götürüb, restorana aparır, orada əylənir, istirahət edir. Əlbəttə ki, insanlar əylənən, istirahət edən zamanı emosiyalarını yüksək səslə ifadə edə bilər. Ona görə də bu haqda dediyi fikirlər də çox absurd və mənasız, məntiqsizdir.

Vaxtilə sovet dövründə bizimlə yaşayıb, daha sonra torpaqlarımızı işğal edən ermənilərin təsiri altında insanlarımızı “rayonlu-şəhərli” sinfinə bölüb, onları “çuşka” adlandırıb, şəhərə buraxılmasına etiraz etmək məsələsi yenidən baş qaldırıb. Necə ki, şəhərlilərin hansısa şortikdə getməsini etirazla qarşılayan kəndliləri tənqid edəndə, şəhərdə də rayonluların  bu cür aşağılanmasını ictimai qınaq obyektinə çevirməliyik. 

Əhməd Qəşəmoğlu: Pencəyin nağılı

Əhməd Qəşəmoğlu: “Ona demək istərdim ki, bu cür məsələlərdən danışanda daha məsuliyyətli olsun, çünki…”

Azərbaycan azərbaycanlılar üçündür. Azərbaycan, Bakı dünyadakı 50-60 milyonluq azərbaycanlıların vətənidir, evidir. Bu evi kiməsə qadağan etmək olmaz, hər kəs eyni hüquqa malikdir”.

Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd etdi:

“Bu məsəldə günah Bəhram Bağırzadədə deyil. Yəni bu fikrin səslənməsində günah tamamilə başqa qurumlara aiddir. Mediamızda elə bir şərait yaranıb ki, bu sahənin adamları söz deyəndə onlara qulaq asılmır, amma hansısa xanəndə, aktyor və yaxud populyar  kimsə bir söz deyəndə dərhal yayılır.

Bəhram Bağırzadə də bir aktyordur. O, sosioloq, mütəxəssis deyil ki, onun fikri bu cür müzakirə edilsin. Əvvəla, Bəhram Bağırzadənin günahı budur ki, gərək bu barədə danışmayaydı. O, özünü bu sahənin biləni kimi göstərib, danışıb. Bir də ki, Bəhram Bağırzadə haradan öyrənib, bilib ki, restoranlarda səs salanlar rayonlulardır, şəhərlilər deyil. Bu barədə araşdırma aparıbmı? Fərz edək ki,  restoranda səs salanlar arasında rayondan gələnlər çoxluq təşkil edir. Bunun üçün məsul olan mühitdir. Bakıda elə mühit yaratmalıydılar ki, nə şəhərlilər, nə də rayonlular arasında bu cür insanlar olmasın.

Çoxları hələ də “Bakı, Bakı” deyəndə ötən əsrin 60-70-ci illərin Bakısını nəzərdə tutur, hansı ki, həmin vaxt şəhərdə rus, yəhudi, erməni millətinin nümayəndələri çox idi. Sanki bəziləri hələ də o mühit üçün darıxıb, qəribsəyir”.

Əhməd Qəşəmoğlu bildirdi ki, Bakı indi daha da böyük və gözəl şəhər olub və burada çox sayda milli mədəniyyətimizi təmsil edən öz xalqımızın nümayəndələri toplaşıb:

“Biz çalışmalıyıq ki, Bakıda daha da gözəl mühit olsun, bu mühit xalqımızı daha da yaxşı tərbiyələndirsin. Hamıya məlumdur ki, mühit insanlara çox böyük təsir edir. Bu mühitin daha məsul və gözəl olması üçün məsul qurumlar var. Məsələn, onlardan biri televiziyadır. Həmişə ürək ağrısı ilə müşahidə edirəm ki, universitetin dəhlizlərində, həyətində tələbələr arasında axşamlar televiziyada gedən şit verilişlərin səsi gəlir. Gənclərimiz həmin cılız verilişləri təqlid edirlər. Biz ona görə də günahı həm də təhsil sistemində, Mədəniyyət Nazirliyində, Gənclər və İdman Nazirliyində  axtarmalıyıq. Onların gənclərin, əhalinin davranışları ilə bağlı birgə işi gördükləri gözə görünmür. Ona görə də ortaya “şəhərli-kəndli” atmacaları ortaya çıxır.

Bəhram Bağırzadəyə isə demək istərdim ki, bu cür məsələlər barədə danışanda daha məsuliyyətli olsun, çünki o, sosioloq deyil, sadəcə, ölkədə tanınan aktyordur. Hərənin öz sahəsi, öz işi var”.

Baba Vəziroğlu ilə bağlı sərəncam - Azinforum.az İnformasiya Portalı

Baba Vəziroğlu: “Bəhram Bağırzadənin dostlarının 99,9 faizi elə rayondan çıxmış adamlardır”

Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu isə Bəhram Bağırzadəyə dəstək verib. O, Demokrat.az-a açıqlamasında aktyorun onun dostu olduğunu, fikirlərinin kontekstdən çıxarıldığını deyib:

“Bəhram Bağırzadə mənim dostumdur. Çox vətənpərvər və koloritli bir insandır. Məhz Bakı koloriti ilə formalaşıb. Mən də onun dostları siyahısındayam və özü də “zır” kəndçiyəm. Deyərdim ki, onun dostlarının bəlkə də 99,9 faizi elə rayondan çıxmış adamlardır. Mən də onun dediyi fikirlərə qoşuluram. Düşünürəm ki, kənddən Bakıya adaptasiya olunmaq üçün bir müddət lazımdır. Mən 17 yaşından Bakıdayam, hələ indinin özündə, yəni 50 ildən sonra özümü yavaş-yavaş şəhərli hiss etməyə başlayıram. Amma görürəm ki, bəzi yerlərdə bu kəndçilik qalır. Nə yaxşı ki də qalır. Özümü şəhərdə doğulan bir insan kimi göstərim, o alınmaz. Alınsa da, riyakarlıq olar. Burada nə var ki?! İnsanlar da bitkilər kimidir. Öz doğulduğu torpağın havasını udur, suyunu içir və formalaşır. Hazırda şəhərə axın lap çoxdur. Hərdən olur ki, restoranda oturanda görürsən ki, çığırırlar, bağırırlar, məişət söhbətlərini hamıya eşitdirmək istəyirlər. Bu da yerinə düşməyən hərəkətlərdir”.

Xalidə GƏRAY