08 Sentyabr 2024

Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər

Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarovun dəvəti ilə Qırğız Respublikasına ilk rəsmi dövlət səfəri xüsusi əhəmiyyət kəsb edir. Cəmi yarım il bundan əvvəl prezident Sadır Japarovun Bakıya səfərinin ardından cənab İlham Əliyevin bu ölkəyə cavab səfəri iki ölkə arasındakı əməkdaşlığın nəzərdə tutulandan daha tez həyata keçiriləcəyini göstərir. Yarım il bundan öncə imzalanan strateji tərəfdaşlıq haqqında Bəyannamə iki ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb.

Səfər çərçivəsində diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində növbəti mərhələ kimi bu iki ölkə birgə İnkişaf Fondunun fəaliyyətinin sürətləndirilməsi, əməkdaşlığın inkişafı üçün beşillik kompleks proqramın imzalanması və 2023-cü ildə Azərbaycanda Qırğızıstanın Mədəniyyət Günlərinin, 2024-cü ildə isə Qırğızıstanda Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsi barədə razılığa gəldi. Dövlətlərarası Şuranın fəaliyyətə başlaması və səfər çərçivəsində imzalanmış sazişlər iki ölkə arasındakı əməkdaşlığın siyasi, ticari-investisiya sahələrində fəal inkişafının əyani göstəricisidir. Həmçinin gələcək illər üçün müəyyən olunmuş mədəni gündəlik iki ölkə arasında daha sıx əlaqələr qurmağa imkan verəcək.

Azərbaycan və qırğız xalqları digər türkdilli xalqlar kimi ortaq mədəniyyətə malikdirlər. Səfər çərçivəsində reallaşan Heydər Əliyev adına və Nizami Gəncəvi adına ümumtəhsil məktəblərinin və Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışını xüsusi qeyd etmək lazımdır. Bu layihə Azərbaycan – Qırğızıstan arasında qarşılıqlı dostluğun və əməkdaşlığın dərinləşdirilməsinə töhfədir.

Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra iki ölkə başçısı mətbuata bəyanatlarla çıxış ediblər. Çıxış zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, artıq Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər. Bu gün biz, həmçinin bu siyahının digər şəhərlərimizlə də davam etməsini müzakirə etdik. O cümlədən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq.

Ümumiyyətlə səfər zamanı imzalanmış sənədlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq üzrə aktual məsələlərə dair məzmunlu danışıqlar və bir çox mühüm məqamlar hər iki tərəfin əlaqələrin inkişafında daha da maraqlı olduğunu göstərir.

Emilya Rəhimova

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı