23 Dekabr 2024

Bakı və Ankara hazırlıq içərisində-nazir və Baş Qərargah rəisinin səfəri

Qeyri-rəsmi iddialara görə, yaxınlaşmaqda olan 8 noyabr Zəfər bayramında hər iki qardaş ölkənin ordusunun birgə iştirakı da müzakirə edilir

Azərbaycanın müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyədə rəsmi səfərdə olub. Baş Qərargah rəisi  ilk xarici səfəri məhz qardaş Türkiyəyə həyata keçirib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyənin hərbi rəhbərliyi ilə bir sıra görüşləri  baş tutub.

Hulusi Akarla görüşdə Türkiyənin milli müdafiə naziri deyib ki, “bir millət, iki dövlət” anlayışı ilə Azərbaycanın haqlı mübarizəsində yanında olmağa davam edəcəklər. Görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Baş Qərargah rəislərinin ordu strukturlarında əsas görəvləri məlumdur. Müharibə və irimiqyaslı hərbi əməliyyatlar adətən məhz Baş Qərargah rəisləri tərəfindən yönləndirilir. İki qardaş ölkənin ordu strukturları hazırda bir-biri ilə o qədər bağlantılı və əlaqəli şəkildə hərəkət edir ki, bu cür görüşlərdə xüsusi məna axtarmaq bəlkə də artıqdır. Amma nəzərə almaq lazımdır ki, Ermənistan ordusunun rezervistlərini toplanışı, Qarabağdakı sülhməramlıların komandanlığının dəyişməsi, İranın bəzi dairələrinin himayəsi altında Qarabağa qanunsuz yük daşımalar, eləcə də bölgədəki bəzi həssas məsələlər istər-istəməz diqqəti bu səfərə, onun əhəmiyyətinə yönəldir. Bəzi qeyri-rəsmi iddialara görə, yaxınlaşmaqda olan 8 noyabr Zəfər bayramında ordunun birgə iştirakı da müzakirə edilir.

Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a bu barədə açıqlamasında bildirdi ki, yeni Baş Qərargah rəisi Kərim Vəliyevin Türkiyəyə səfəri çərçivəsində qardaş dövlətin hərbi rəhbərliyi ilə geniş və əhatəli görüşlər olub: “Çox ciddi məsələlər müzakirə edilib. Artıq bu görüşün əhəmiyyəti haqqında ilkin mülahizələri söyləmək mümkündür. Əvvəla, bu görüşün baş verdiyi zamana diqqət yetirmək lazımdır. Ermənistanın son zamanlar təxribatlarının intensivliyi artıb. Hətta o qədər artıb ki, Şuşa şəhərini belə atəşə tutmaqdan belə çəkinmirlər. Eyni zamanda Nikol Paşinyanın bu davranışının səbəbləri də bəllidir. Azərbaycan silahlı qüvvələrinin Al Baş Komandanı söyləyəndə ki, müharibə bitib, postmüharibə dövrüdür, ancaq Ermənistan Silahlı Qüvvələri atəşkəsi intensiv pozmaqla o rəyi beynəlxalq ictimai fikrə sırımaq istəyirlər ki, münaqişə bitməyib. Bu baxımdan ATƏT-in Minsk Qrupunun canlandırılması istəkləri də diqqətdən yayınmır. Eyni zamanda Ermənistan heç bir halda sülh sazişi imzalamaq istəmədiyini ortaya qoyur, sazişin yalnız status məsələsinin həlli qarşılığında ola biləcəyi mövqeyindən çıxış edir. Yəni Ermənistan ata biləcəyi addımların hər birini qəsdən statusla bağlayır, əsassız şərt irəli sürür. Ona görə də indi revanşistlərin fəallaşması, atəşkəsin intensiv pozulması, Nikol Paşinyanın yenidən absurd və populist bəyanatlar verməsi təxribatçı davranışlardır.  Bax, bu reallıqda biz onun şahidiyik ki, Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə hərbi təlimlərinin sayı artmaqda, intensiv xarakter almaqdadır. Artıq bu prosesdə Pakistan da yaxından iştirak edir. İlk dəfədir işğaldan azad olunmuş Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilir. İndi də Baş Qərargah rəisinin Türkiyəyə səfəri və aparılan danışıqlar gedən prosesin davamıdır”.

Elman Nəsirov: “Erməni əsgəri daha əyilə-əyilə gəzmir, indi iməkləyir” »  Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Deputatın sözlərinə görə, xüsusilə Türkiyənin milli müdafiə naziri Hulusi Akarın səsləndirdiyi fikirlər bu qənaətə əsas verir ki, Azərbaycanla münasibətlər özünün zirvə nöqtəsindədir: “Türkiyənin müdafiə nazirinin verdiyi ”Azərbaycanın bundan sonra da istənilən məsələdə yanındayıq və Azərbaycana istənilən köməyi etməyə hazırıq” bəyanatı o deməkdir ki, Azərbaycana düşmən kəsilən tərəflər Azərbaycana qarşı uzanacaq istənilən düşmən əli kəsiləcək, qarşılarında Türkiyəni görəcəklər. O Türkiyə ki, dünyada hərbi potensialı və gücünə görə dünyadakı ölkələr arasında ilk onluğa daxildir. Bu yerdə Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi bir fikri yada salmağı məqsədəuyğun hesab edirəm. Putin söyləmişdi ki, cənab Ərdoğan əsl kişidir və sözünün ağasıdır, nəyi dedisə, deməli, edəcək. Cənab Ərdoğan da söyləmişdi ki, atamın oğlu olsa belə qırmızı cizgini keçdisə, cəzasını alacaq və qarşısında Türkiyəni görəcək. Yəni Azərbaycana qarşı qırmızı xətti keçən istənilən dövlət qarşısında nəhəng güc mərkəzlərindən birinə çevrilmiş Türkiyəni görəcək. Bunu hər kəs bilir”.

E.Nəsirov qeyd etdi ki, qarşıda bizi yeni hədəflər gözləyir. Noyabrın 8-də tarixi hadisənin-  Şuşanın azad olunmasının, zəfərimizin bir ili tamam olur: “Azərbaycan və Türkiyə kütləvi informasiya vasitələrində yayılan qeyri-rəsmi məlumata görə, bu münasibətlər Şuşa şəhərində hərbi paradın keçirilməsi gözlənilir, qardaş Türkiyə Silahlı Qüvvələrinin heyətinin də bu möhtəşəm tədbirə qatılacağı ehtimal edilir. Əgər doğrudan da bu məlumatlar rəsmi təsdiqini tapıb reallaşarsa, bu, bir daha bütün dünyaya çox ciddi mesaj olacaq ki, Türkiyə-Azərbaycan qardaşlığı, ittifaqı sarsılmazdır, hər yerdə özünü göstərir, hansısa üçüncü dövlət bu iki qardaş dövlətin arasına girmək istəsə, məğlubiyyətə məhkum olacaq. Azərbaycanla Türkiyənin bayram tədbirləri, birgə parad keçirməkdən təbii heç nə ola bilməz. Biz keçən il dekabrın 10-da Azadlıq meydanında birlikdə qələbə paradı keçirmək təcrübəsini yaşamışıq. İndi qarşıdan gələn Zəfər bayramında məhz Şuşa şəhərində parad keçirilərsə, orada Türkiyə hərbçilərinin də iştirakı tamamilə məntiqli və təbii olacaq. Çünki biz Şuşa Bəyannaməsinin imzalanmasından sonra rəsmi şəkildə strateji müttəfiqlərik. Strateji müttəfiqlik eyni zamanda hərbi müttəfiqliyi özündə ehtiva edir. Hərbi parada hərbi müttəfiqin təmsilçiliyə də tamamilə məntiqlidir və gözləniləndir. Bu hadisənin çox böyük rəmzi mənası da olacaq. Şuşada Azərbaycan və Türkiyə əsgərlərinin yanaşı addımlaması erməni separatçılarına və onların himayədarlarına çox ciddi mesaj olacaq. Ona görə də çaşmasınlar və Azərbaycana qarşı məkrli planlar qurmasınlar, qurarlarsa, özləri qazdıqları quyuya düşəcəklər”.

Qeyd edək ki, Türkiyə milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov bu gün Türkiyəyə yola düşüb.

Səfər çərçivəsində Müdafiə Nazirliyi rəhbərliyinin Türkiyə hərbi rəhbərliyi ilə bir sıra görüşləri, o cümlədən Konya şəhərində keçirilən “TurAz Şahini – 2021″ birgə taktiki-uçuş təlimlərinin ”Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirakı planlaşdırılır.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”