Bakı-Quba yolu təmirdədir – Gəmi ilə gedə bilərik – TƏKLİF

“Hazırda turizm mövsümüdür. Bakı-Quba yolu təmirdədir. Bu isə həm Şimal zonada olan turizm obyektlərinin fəaliyyətinə mənfi təsir göstərir, həm də insanlar əziyyət çəkirlər. Niyə Xəzər dənizi ətrafı şəhərlərdə gəmi nəqliyyatı inkişaf etməyib? Məsələn, Bakı-Lənkəran-Astara, Bakı-Xaçmaz-Şabran arası. Bu, həm ölkənin turizm potensialına müsbət və əhəmiyyətli təsir göstərər, həm də daxili turizmin inkişafına təkan verər, nəqliyyat problemini də həll etmiş olardı. Sadaladığımız şəhərlərin limanları da inkişaf edərdi. Çünki dənizlə də getmək rahatdır. Bu, xarici turistlərin də marağına səbəb olar. Aktual məsələdir və bunu etmək hazırda çox da çətin deyil”.
Bu təkliflə Pravda.az-a iqtisadçı-ekspert Eyyub Kərimli çıxış edib.

Ekspert bildirib ki, Bakıdan Xaçmaza, Xudata gəmi nəqliyyatı ilə sərnişin və yük daşımaq mümkündür: “Azərbaycanın dəniz sərhədi 713 kilometrdir. Bu, yetərincə uzun məsafədir. Bu baxımdan, dəniz turizmi turizm sahəsinə əlavə gəlir gətirilməsinə geniş imkan yarada bilər. Ölkəmizin nəqliyyat, logistika, yükdaşıma imkanları genişlənir. Bu kontekstdən yanaşanda dəniz nəqliyyatı həm də yükdaşımalara müsbət təsir göstərəcək. Ölkəmizin nəqliyyat infrastrukturunun şaxələndirilməsinə, inkişafına bilavasitə təsir edəcək. Təkcə Bakı-Lənkəran-Astara deyil, Xəzər boyu Neftçala, Salyan və digər rayonlar var ki, həmin ərazilərə gəmi ilə getmək maraqlı olardı. İnsanların da diqqətini cəlb edər. Sadəcə, həmin ərazilərdə dəniz vağzalı, portlar salınmalıdır. Sərnişin və yük daşınması üçün normal gəmilər gələ bilər. Bu həm də büdcə gəlirlərinə müsbət təsir göstərər. Gələcəkdə Xəzəryanı dövlətlərdən də bura marağı artıra, insanların gediş-gəlişini gəmi yolu ilə təmin edə bilərik. Məsələn, Rusiyadan Azərbaycana. Vaxtilə İrana, Türkmənistana, Qazaxıstana bu nəqliyyat xətləri olub. Ölkədə 1-2 günlük rayonlararası dəniz turu da təşkil oluna bilər. Müvafiq gəmilərlə şimaldan cənuba qədər turların təşkili turizm potensialımıza çox müsbət təsir göstərər. Görünür, bu sahə hökumətin yadından çıxıb. İnanırıq ki, bir müddət sonra bunun konsepsiyası hazırlanacaq”.
Aytəkin Qardaşova