21 Noyabr 2024

Bakı Forumu: Baydenin məktubundan Əliyevin açıq müraciətinədək – sözünün və imzasının sahibi olan dövlətin haqq etdiyi münasibət

Bakı növbəti mühüm tədbirə evsahibliyi etdi. Dünyanın 20 ölkəsindən gəlmiş 400-dən çox nümayəndə Bakı Enerji Forumunda “Enerji keçid dövründə dəyişən dünyada yeni imkanlar və problemlər”i müzakirə etdilər.

Bakı Enerji Həftəsinin tərkib hissəsi olan Forumda qlobal enerji perspektivləri, yaşıl enerjiyə keçidin maliyyələşdirilməsi, qaz təchizatı, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi və bir sıra digər aktual mövzularda 50 məruzəçinin 25-dən çox mövzusu dinlənildi.

 Dünyada enerji mövzusunun nə qədər mühüm əhəmiyyətə malik olduğunu elə Ukraynada yaşananlarla əlaqədar müşahidə etməkdəyik. Rusiya əleyhdarlarını enerjidaşıyıcı sanksiyaları ilə təhdid edir, qarşı tərəf alternativ axtarışındadır. Alternativlər sırasına isə ölkəmiz də daxildir və bu da Azərbaycanın qlobal məkanda rolunu daha da artıran faktordur. Təsadüfi deyil ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden iki həftədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə iki məktub ünvanlayıb. Birinci məktub Müstəqillik günü ilə bağlı idisə, ikincisi Bakı Enerji Forumunun önəmi barədəydi. “Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir… Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynamışdır. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir”- cənab Bayden ölkəmizlə əlaqələrə nə qədər önəm verdiyini bu şəkildə qeyd edib. Eyni zamanda Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynadığı da xüsusi vurğulanıb ki, bu da mühüm məqamdır.

Azərbaycan bloklara qoşulmasa da, haqlının yanındadır, hər cür risklərə rəğmən müstəqil, qətiyyətli siyasət yürüdür, məktubda qeyd olunanlar da bunun dünya supergücü tərəfindən etirafıdır. Ötən məktubun bu hissəsini də xatırlatmaqda fayda var: “Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir. Biz qarşıdan gələn illər və onilliklərdə münasibətlərimizi daha da genişləndirmək arzusundayıq”.

Bu, Azərbaycanın yürütdüyü uğurlu xarici siyasətin məntiqi nəticəsidir ki, hesablaşırlar, təqdir edirlər, Bakı ilə daha geniş, şaxələndirilmiş əlaqələr qurmaq arzularını ifadə edirlər. Göründüyü kimi, Bakı can atmır, Bakıya doğru can atırlar…

Bu mənada Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 1 iyun tarixindəki rəsmi açılış mərasimində etdiyi çıxışda da olduqca mühüm məqamlara diqqət çəkilib. Uğurlu xarici siyasətə rəhbrəlik edən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Ölkə rəhbərinin sözlərinə görə, Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox vacib idi ki, diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Prezident qeyd edib ki, bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi. Uğurlu yolun başlanğıc illərinə qısa ekskurs: “Ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Bunun sayəsində Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi. Eyni zamanda, ölkəmiz tərəfdaşlarla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladı. 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdı. Bakı–Tbilisi–Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı”. Bu yolları qət etmək asan oldumu? Xeyr! Hər birinə qarşı sağ-soldan o qədər müqavimət göstərildi ki, neçəsi dövlətimizin kürəyinə xəncər vurmağa, işləri qarışdırmağa çalışdılar. Özü də bütün bu proseslər torpaqlarımızın işğalı illərində baş verirdi, prosesin mürəkkəbliyi həm də bunda idi. Nə qədər təzyiqlər oldu, ən müxtəlif təsir rıçaqlarına əl atıldı, maliyyə təhdidindən tutmuş, digər məsələlərədək…Amma qətiyyət, iradə, əzmkarlıq öz sözünü dedi. Ən gözəli budur ki, eyni vaxtda həm ölkəmizin başkəndi Bakı, həm də mədəniyyət paytaxtımız Şuşa paralel olaraq beynəlxalq tədbirlərə evsahibliyi edir! 30 ilə yaxın işğalda qalan – dünyanın gözü qarşısında – torpaqlarımızı təkbaşına azad etdik, enerjidaşıyıcılar məsələsində qətiyyətli iradə qoyduğumuz kimi, torpaqların güzəştinə də “yox” dedik, bu gün səfirlərin səsi Kəlbəcərdən gəlir. Onların bir çoxu – dövlətlərinin dişsiz siyasəti, işğalçıya, işğala loyal münasibəti səbəbindən – bu səfəri haqq etməsə də, Azərbaycanın ürəyi genişdir, keçmişlə yaşamır, barış mövqeyindədir, gələcəyə baxır.

 Diqqət edin, Avropaməkanın bütün anti-Azərbaycan mövqeyinə, yerli-yersiz ölkəmizə diş qıcamasına, hətta heç zaman olmayan “erməni dini irsinin məhvi”ni əldə bayraq tutub da, ciddi platformada Azərbaycana qarşı qərəzli qətnamə qəbul etməsinə baxmayaraq, Bakı özünün strateji hədəflərilə bağlı mövqeyinə sadiqdir. Prezident Əliyevin “Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir” fikri bu mövqeyin ifadəsi baxımından yetərli sayıla bilər. Dövlətimiz bəzilərindən fərqli olaraq, verdiyi sözün arxasındadır, üstəlik də imzasının! Bu mənada heç bir sıra platformalarda imza törənlərinin keçirilməsi də bizimçün o qədər də əhəmiyyət kəsb etmir. Ölkələr var ki, rəhbəri imzasını da atır, şifahi də vədini səsləndirir, amma qısa aradan sonra yoxa çıxır, nə sözünə, nə imzasına sahib çıxır. Azərbaycan isə KİŞİ DÖVLƏT olduğunu daim süb ut edib, müttəfiqləri də bir sıra hallarda etiraf ediblər. Ölkə Prezidenti bu sözləri əbəs yerə söyləmədi: “Azərbaycan etibarlı tərəfdaşdır. Hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib. Azərbaycan öz öhdəliklərinə hörmət edir və tərəfdaşlarından öz öhdəliklərinə hörmət etməyi gözləyir”. Kifayət qədər ciddi və önəmli ismarıcdır, dərindən anlayanlar üçün…

Hətta namərd düşmənlə də ləyaqətlə döyüşmüşük, bunu da xatırlatmaqda fayda var.

 Qarşımızı kəsənlərin növbənöv sədlərini aşıb da haqq savaşımızı apardıq, bitirdik və bu gün həm də dünyanın enerji tələbatını nəzərə alıb, dəstək əlimizi uzadırıq, bütün olub-keçənlərə, gözlənilən risklərə rəğmən. Azərbaycanın ptensialı haqda dövlət başçımız sonuncu beynəlxalq tədbirdə də qürurla və əminliklə danışdı: “Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir. Layihə “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Cəmi bir il beş aydır ki, Azərbaycan həmin tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq”.

Üstəlik, Xəzər dənizinin nəhəng potensialı var, Azərbaycan sektorunun potensialı 150 min meqavat təşkil edir…

 Potensial ortada və ildən-ilə artım, Avropanın tələbatının artdığı bir dönəmdə. Bunu Avropa insanı da dəyərləndirməlidir. Düzdür, Azərbaycan bu tələbatla bağlı həlledici rola sahib deyil, amma əlindən gələn köməyi edən ölkədir. Azərbaycan qazına olan tələbatın sürətlə artdığını Prezident də aydın şəkildə söylədi. Eyni zamanda qarşı tərəfə atmalı olduğu addımları da xatırlatdı. Sitat: “Potensial istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil. Bunun üçün bizə müqavilələr lazımdır. Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi tərəfdaşlar və sərmayədarla, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artsın. Həmçinin biz mövcud qurğuları genişləndirməliyik”. Yəni hər şeyi Azərbaycandan gözləmək ədalətli deyil, sizlər də üzərinizə düşəni etməlisiniz. Azərbaycan müharibədən çıxmış ölkədir, ədalətsiz dünyanın on illərlə dəstəklədiyi erməni vandalizminin darmadağın etdiklərinin yerində şəhər və kəndlər salır, infrastruktur layihələrini icra edir, bu sahəyə milyardlarla vəsait xərcləyir, kimsədən bir sent almadan! Amma bu, ədalətli deyil axı. Müharibədən əziyyət çəkən dost Ukraynaya Azərbaycan da daxil, bütün dünya yardım edir, milyardları əhatə edən paketlər qəbul olunur, təqdirlə qarşılayıyıq. Amma Azərbaycan ermənilərin basdırdığı yüz minlərlə minanın təmizlənməsini də, yolların tikilməsini də, yaşayış məntəqələrinin inşaasını da özü, təkbaşına həyata keçirir. Hansı ki, işğalçı Ermənistan on illər ərzində Qərbdən milyardlarla dollarlıq yardım qopardı, Azərbaycan ərazilərində cinayətlər törətməsinə rəğmən…Bu mənada ölkə başçımızın dediklərinin çox böyük sətiraltı mənası var.

 Azərbaycanın dövlət başçısı beynəlxalq təsisatlarla normal ikitərəfli əməkdaşlıqdan bəhs edərkən bildirdi ki, Cənub Qaz Dəhlizinin icrası zaman Azərbaycan boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurub. Cənub Qaz Dəhlizin Məşvərət Şurasının hər ilin fevralında Bakıda keçirilən illik toplantısı həmin komanda işinin bariz nümunəsidir. Bu il fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısı keçirildiyi zaman bəlli oldu ki, planlarımızın ən böyük hissəsi icra olunub və Cənub Qaz Dəhlizi artıq işləyir. Bu fikirləri də dövlət başçısı məmnunluqla söylədi. Həmçinin ikitərəfli əməkdaşlıqda ürəkaçan digər nümunələr: “Birləşmiş Ştatlar və Birləşmiş Krallıq Azərbaycanın enerji siyasətini hər zaman dəstəkləyib. Böyük dəstək nəticəsində effektiv nailiyyətlər əldə olunub. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiyanın İnfrastruktur və İnvestisiya Bankı Cənub Qaz Dəhlizinin maliyyələşməsində iştirak etmişlər… Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur. Komissiya “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında vacib rol oynayıb və gələcək planlarımızın reallaşdırılmasında da mühüm rol oynayacaq. Bununla yanaşı, elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliyi məsələləri də gündəmdədir”. SOCAR və BP arasındakı strateji tərəfdaşlığın müstəsna əhəmiyyəti də öz yerində. Dövlət başçısı xüsusilə vurğulayıb ki, Azərbaycan üçün neft və qaz sahəsində BP strateji tərəfdaş və aparıcı investordur. Üstəlik, Azərbaycan dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq edir. Biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Dünya nəhəngləri ilə əməkdaşlıq hər iki tərəfə fayda verir. Gələn il bu iki stansiya istifadəyə veriləcək və ölkə başçısının dediyi kimi, bu, yalnız başlanğıcdır.

Prezident Əliyev beynəlxalq tədbir iştirakçılarının diqqətini “sıfırdan” qurulan Qarabağa da yönəldib. Bildirib ki, İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı 9-10 min meqavat təşkil edir. Burada ilk növbədə külək və günəş enerjisi nəzərdə tutulur. Bu, Azərbaycanın nə qədər böyük potensiala malik olmasını nümayiş etdirən növbəti faktlardır, üstəlik, “siz də buyurun, töhfənizi verin”, ismarıcıdır. Nümunə də var: “Hazırda SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir”.

 Ölkə rəhbəri qeyd edib ki, bu gün artıq Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir. Bu potensialdan da maksimum dərəcədə istifadə oluna bilər. Amma “Təəssüf ki, bu günədək bu potensialdan tam istifadə edilməyib. Azərbaycanın mühüm tranzit ölkəsi qismində potensialı təchizatçılar tərəfindən düzgün qiymətləndirilməmişdir”.

 Daha böyük hədəflər var qarşıda. Bəli, Azərbaycanın şaxələndirilmiş ixrac marşrutları mövcuddur: müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəməri. Elektrik enerjisi xətlərinə gəldikdə isə Azərbaycan 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edir. Ancaq kifayətlənmir, Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırılır!

 Dövlət başçısı da vurğulayıb ki, Azərbaycan zəruri infrastruktura malikdir. Dəniz limanı, bütün istiqamətlərlə bizi birləşdirən dəmir yolu, avtomobil yolları və hava limanları mövcuddur. Azad olunmuş ərazilərdə üç yeni hava limanı olacaq. Onlardan biri artıq istifadə verilib. Azərbaycan 9 beynəlxalq hava limanına sahib olacaq! Beynəlxalq investorlardan arif olana işarə yetərlidir, buyursunlar, şərtlərini təqdim etsinlər, düşünək…Hələ qarşıda Zəngəzur dəhlizi var. Bu dəhlizdən keçməyə haqq etmək üçün görüləsi işlər var təbii ki…

 Heç şübhəsiz, Azərbaycan üçün də olduqca önəmlidir bu əməkdaşlıq. Necə ki, dövlət başçısı açıq mətnlə söylədi: enerji layihələri daxili inkişafımız üçün də çox əhəmiyyətlidir: “Enerji amili, enerji diplomatiyası və bütün layihələr ölkəmizin iqtisadi potensialını gücləndirir. Neft-qaz sektorundan əldə edilən gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilir. Bu il ümumi daxili məhsul 7.2 faiz artıb. Qeyri-neft sektorunda artım 11.5 faiz, qeyri-neft sənayesində artım 15 faizdən artıq olub. Xarici borcumuzun aşağı səviyyədə olması – ümumi daxili məhsulun yalnız 12.5 faizini təşkil etməsi münbit iqtisadi şərait yaradır. Azərbaycanın xarici borcunun ümumi daxili məhsulun 10 faizi səviyyəsinə salmaq niyyətindəyik”.

 Bütün bunlara Azərbaycanın malik olduğu sərvətlərin qarşılığında nail olunub, amma deyildiyi kimi, hələ görüləsi işlər çoxdur. Beynəlxalq əməkdaşlıq həm də Azərbaycanın Qarabağ Zəfərinin əbədiyaşarlığı, Ermənistanın revanşist cəhdlərinin qarşısının birdəfəlik alınması baxımından da müstəsna əhəmiyyət kəsb edir. Amma gərəkdir ki, beynəlxalq tərəfdaşlarımız da bu əməkdaşlığın dəyərini bilib, Azərbaycanın maraqlarına zidd davranışları elə bizim qədər rədd etsinlər. Müttəfiqlik, tərəfdaşlıq, əməkdaşlıq bunu tələb edir. Energidaşıyıcısı məsələsi olanda nə olar, gərək ortada halallıq olsun…