14 Mart 2025

AZƏRTAC-ın Qarabağ müxbiri 44 günlük imtahandan 5 aldı

AZƏRTAC-ın Qarabağ bölgəsi üzrə müxbiri Tahir Ağaməmmədov həm işğal illərində, həm də Vətən müharibəsi dövründə bir çox təhlükələrlə qarşılaşıb, bəzən top-qrad atəşi altında işləməli olub. Buna baxmayaraq, vəzifə borcunu hər zaman layiqincə yerinə yetirib. Deyir ki, indi onun qarşısında erməni işğalından azad olunmuş gözəl Qarabağımızın yeni dövranı barədə xəbərləri dünyaya çatdırmaq kimi ümdə və şərəfli vəzifə dayanır.

Jurnalistika məsuliyyətli və şərəfli, həm də çətin və təhlükəli peşələrdən biridir. Bu baxımdan Qarabağ bölgəsində çalışan media nümayəndələrinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Onlar 44 günlük Vətən müharibəsini, Ermənistanın törətdiyi cinayətləri, mülki əhaliyə hücumlarını fotoaparatları, kameraları və qələmləri ilə əks etdirmək üçün həyatlarını riskə atırdılar. Düzdür, müharibə başa çatsa da, ermənilərin həmin ərazilərə basdırdıqları minaların insan həyatına yaratdığı təhlükələr sovuşmayıb. İyunun 4-də Kəlbəcərdə azərbaycanlı jurnalistlərdən ibarət çəkiliş qrupunun minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun, AzTV-nin operatoru Sirac Abışovun və onları müşayiət edən icra nümayəndəsi Arif Əliyevin şəhid olması da bunu bir daha təsdiqlədi. Ümumiyyətlə, müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə 140-dan çox insan erməni işğalçıları tərəfindən quraşdırılmış minalara düşüb. Onlardan 27-si həlak olub.

Qırx dörd günlük müharibə dövründə jurnalistlər ən qaynar nöqtələrdə düşmənin törətdiyi təxribatları, Şanlı Ordumuzun uğurlu əks-hücumlarını ölkə və dünya ictimaiyyətinə çatdırmaq üçün səfərbər oldular. Əslində, müharibədə söz də bir silah, jurnalist də bir əsgər idi. Onlardan biri də AZƏRTAC-ın Qarabağ bölgəsi üzrə müxbiri Tahir Ağaməmmədovdur.

Tahir Ağdamda doğulub boya-başa çatıb. Yaşadığı Qaradağlı kəndi cəbhə xəttində yerləşirdi. Kənd düşmən tərəfindən tez-tez top atəşinə tutulurdu. Buna baxmayaraq, Qaradağlı sakinləri mərd-mərdanə dayanaraq bir addım da geri atmadı.

On dörd ildir Qarabağda AZƏRTAC-ı təmsil edən Tahir bu müddətdə bir müxbir kimi də çətin sınaqlardan keçib. Qarabağın tarixini, mədəniyyətini, bölgənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatını, Ermənistanın hərbi təcavüzünü, törətdiyi aramsız təxribatları və bunun təmas xəttinə yaxın kəndlərin sakinləri üçün yaratdığı çətinlikləri müntəzəm və operativ işıqlandırıb. Xüsusən, 2016-cı ilin aprel döyüşləri zamanı düşmənin artilleriya atəşi nəticəsində təmas xəttinə yaxın kəndlərdəki dağıntılar barədə xəbərlər, erməni işğalçılarının təxribatlarının qarşısının alınması zamanı igidlik göstərmiş Azərbaycan Ordusunun hərbi qulluqçularından aldığı müsahibələr, Böyük Qayıdış yolunda ilk addım olan Cocuq Mərcanlı kəndindəki quruculuq işlərindən bəhs edən, eləcə də təmas xəttinin yaxınlığındakı yaşayış məntəqələrində yerli sakinlərin həyatından reportajları oxucular tərəfindən maraqla qarşılanıb.

Tahir Ağaməmmədov Vətən müharibəsinin ilk günündən bölgədəki hadisələrin gedişatını əks etdirən dolğun və operativ məlumatları, foto və videoları peşəkarcasına və zamanında çatdırmağı bacardı. Əynində zirehli gödəkcə, başında dəbilqə, çiynində fotoaparatı səsi gah səngərlərdən, gah da düşmənin artilleriya və raket atəşinə məruz qalan kənd və şəhərlərimizdən gəlirdi.

Müharibənin amansız qanunları fonunda peşə fəaliyyətini layiqincə yerinə yetirməyin çətinliyi hər kəsə bəllidir. Bu şərəfli missiyanın öhdəsindən uğurla gəlmək üçün peşəkarlıqla yanaşı, vətənpərvərlik və peşə borcuna sədaqət də əsas şərtdir. Bu keyfiyyətlərin hamısını yorulmaq bilmədən Qarabağın bölgə müxbiri kimi şərəfli bir vəzifəni daşıyan həmkarım Tahirdə görmək olar. Əlbəttə, peşəkarlığına və bölgəyə yaxından bələd olmasına güvənsək də, onun üçün narahatlıq keçirirdik. Bəzən hansısa bir xəbəri telefon vasitəsilə çatdırarkən atəş, partlayış səsləri eşidirdim.

Telefon danışıqlarımızın birində bərk gurultu səsi eşidərək nə baş verdiyini soruşanda, Tahir soyuqqanlı şəkildə təmkinini pozmadan dedi ki, yaxınlığımızda mərmi partladı və heç nə olmamış kimi xəbərini ötürməyə davam etdi. Bu kimi hallar dəfələrlə olub, lakin o, qorxub-çəkinmədən öz peşə borcunu layiqincə yerinə yetirib. Görünür, ötən 14 ildə az qala hər gün eşitdiyi güllə, partlayış səsləri Tahir üçün adiləşmişdi.

Onun dəfələrlə top, qrad, mina atəşi altında işlədiyini, hətta ölüm təhlükəsi ilə üz-üzə gəldiyini bilirdim. Ancaq nə baş verirsə-versin, hadisə yerindən dolğun və operativ məlumatlar çatdırırdı.

Artıq Şanlı Qələbəmizlə bitən Vətən müharibəsi tarixə çevrilib. O, indi düşmən tapdağından azad edilmiş şəhər və kəndlərimizdə erməni barbarlığının izlərini, 30 ilə yaxın işğal altında qalan ərazilərimizdə törədilən vəhşiliklər barədə informasiyaları geniş oxucu auditoriyasına çatdırır. Bu yerlərə ezam olunan jurnalistlərimiz artıq top-qrad atəşi ilə üzləşməsələr də, mənfur ermənilərin basdırdığı minalar hələ də təhlükə mənbəyi olaraq qalır. Bu isə özlüyündə həm müharibə, həm də postmüharibə dövründə həmin bölgələrdə çalışan jurnalistlərin hansı təhlükə ilə qarşı-qarşıya olduqlarını göstərir.

Ötən illərdə düşmənin törətdiyi təxribatlar, müharibə cinayətləri, mülki əhaliyə vurduğu ziyanlar barədə oxucuları müntəzəm məlumatlandıran Tahir Ağaməmmədovun qarşısında özünün də dediyi kimi, indi daha bir məsuliyyətli vəzifə durur: Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən tikinti-quruculuq işlərini, çiçəklənən Qarabağımızın xoş soraqlarını dünyaya yaymaq. Əminəm ki, o, bu vəzifənin də öhdəsindən layiqincə gələcək.

Ceyhun Rüstəmov

AZƏRTAC-ın redaksiya müdiri