“Azəriqaz” nümayəndələri evlərinizə gələcək: qaz xətləri və cihazlarına baxış keçirmək üçün
Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şura KOBİA ilə birgə qaz çəkilişi və digər məsələləri müzakirə edib, hazırda Mingəçevirdə icra edilən işlərə baxış keçirib.
Sentyabrın 28-də Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şura KOBİA-nın (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) yerli nümayəndəliyi ilə birgə Mingəçevirdə qaz xidmətinin vəziyyətini müzakirəyə çıxarıb. Şura sədri Fərman Nəbiyev iclası açaraq, bildirib ki, məqsəd şəhərdə bu sahədə yaranan problemlərə diqqəti çəkmək və gələcəkdə baş verə biləcək fəsadların qarşısını almaqdır: “Xüsusən şəhərin Axundov küşəsində və “Günəşli” bağlar massivində baş verən qaz partlayışları bizim hər birimizdən daha məsuliyyətli olmağı tələb edir”.
KOBİA-nın yerli nümayəndəsi Ayaz Ədilov sahibkar subyektlərinin qaz və digər kommunal xidmətlərə qoşulmasındakı çətinliklər və problemlərin həlli yolları barədə fikirlərini bildirib. O, deyib ki, “Azəriqaz” başqa kommunal qurumlarla müqayisədə kəskin dəyişikliklər nümayiş etdirir: “Mingəçevirdə keçirilən “Açıq mikrofon” zamanı iki sahibkarın problemi həll olundu. Əvvəllər podratçı seçimində inhisarçılıq var idi. “Azəriqaz” son vaxtlar 50-dən çox təzə podratçı təklif edib. İndi vətəndaş və ya sahibkar qiymət seçimində ona sərf edən podratçını seçə bilir. Amma problem yoxdur deyə bilmərik”.
Mingəçevir şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Hafiz Yolçuyev bildirib ki, vətəndaşlar dövlət orqanlarına əsasən qaz xəttinin çəkilməsi, yerinin dəyişdirilməsi və rüsumla bağlı müraciətlər edirlər.
İclasda Tərtər Regional Qaz İstismarı İdarəsinin rəisi Azay Muxtarov təşkilatın fəaliyyəti və icra etdiyi işlər barədə hesabat verib. Qeyd edib ki, 9 rayonu əhatə edən idarə 200 min əhali və 1700 qeyri-əhaliyə, Mingəçevirdə isə 28 mindən artıq abonentə xidmət edir: “Şəhərdə 60-70-ci illərdə çəkilmiş qaz xətləri istismar müddətini başa vurub, “Təmizqaz”ın yerüstü və yeraltı qaz xətlərinə baxışı nəticəsində bəzi ərazilərdə qaz sızmaları da aşkarlanıb. Hazırda kəmərlərin yeniləri ilə əvəz edilməsi işləri aparılır. Perspektivi nəzərə alaraq, böyük diametrli xətlər çəkilir. Eyni zamanda Kür sahilində, Heydər Hüseynov küçəsində evlərə baxış keçirilib və ərazidəki xətlərin tikinti normalarına cavab vermədiyi müəyyənləşdirilib. Bu problem “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyasında da qaldırılıb. Tədbirlər planına uyğun olaraq və daxili imkanlar hesabına həmin xətləri hissə-hissə dəyişirik”.
İctimai Şuranın üzvü Yeganə Nəbiyeva soruşub ki, evinə qaz xətti çəkdirmək istəyən vətəndaş podratçı ilə razılaşa bilmirsə və nəticədə tələb edilən məbləği ödəmək iqtidarında deyilsə, qazsızmı qalmalıdır? Dövlət onu kompensasiya edirmi? Şura sədrinin müavini Vaqif Həsənov deyib ki, şəhərdə sənaye müəssisələrinin əksəriyyəti dayanıb, işləyən müəssisələrin isə qaz problemi var: “Enerji ilə qazın qiyməti arasında fərqə görə sahibkar qazla işləməyin daha sərfəli olduğunu düşünür. İmkanlı müəssisələr qaz çəkdirir, imkansız müəssisələr isə yox. Həm də şəhərdə sənaye xəttinin çəkilməsinə və bunun planlaşdırılmasına ehtiyac var”.
İctimai Şura üzvlərindən Əbülfət Babayev, Zahid Qasımlı, İnqilab Şirinli və Əliağa Bəndalıyev qaz xətti çəkilişində şəhid ailələri və qazilərə güzəştlər, şəhərdəki xeyir-şər mağarlarının qazlaşdırılması, yaşayış yerinin qeyri-yaşayış sahəsinə çevirən sahibkarlara qaz verilişinin dayandırılması, bağ massivlərində qaz xətlərinin plansız aparılması barədə fikirlərini bölüşüblər. Şura üzvü Rizvan Mikayıllı ev tikilməmiş bağ ərazisinə qazın verilməsinin mümkünlüyü ilə maraqlanıb.
Azay Muxtarov açıqlama verib ki, qanunvericiliyə görə qazlaşma iki cür-həm vətəndaşın, həm də dövlətin hesabına həyata keçirilir. Qazlaşmış ərazidə vətəndaş ev tikirsə, o, podratçı şirkətlərdən biri ilə müqavilə bağlayıb, qazlaşmanı öz hesabına edir. Hansısa kənd və ya yaşayış massivi qazlaşmayıbsa, bu, dövlət vəsaiti hesabına aparılır. Tikinti olmayan yerə qazın verilməsi təhlükə potensiallı bir işdir. Qaz xətlərinin yerinin dəyişdirilməsi isə baxış keçiriləndən sonra lisenziya almış podratçı təşkilat tərəfindən həyata keçirilir.
İdarə rəisi bildirib ki, Mingəçevir şəhərinə sənaye xəttinin çəkilməsi məsələsi gündəmdədir: “Bu şəhər bir ötürücü qovşağın üzərindədir. Hadisə olacağı təqdirdə şəhər qazsız qala bilər. Şəhərə ikinci xəttin çəkilməsi planda var. O ki qaldı Qarabağ qaziləri və şəhid aillələrinin evlərinin qazlaşdırılmasına, onların müraciətləri yubadılmadan “Azəriqaz” İstehsalat Birliyinin vəsaiti hesabına həll olunur”.
A.Muxtarov izah edib ki, qeyri-yaşayış sahələri yerləşən binalarda kütləvi yaşayış olduğundan istehsal prosesi ilə məşğul olmaq üçün qazlaşdırmaya icazə verilmir: “Amma sahibkar həmin qeyri-yaşayış sahəsini isitmək üçün istifadə edirsə (içəridə hansısa cihazın olmaması şərtilə) icazə verilir. Yəni kombi aparatı çöl şəraitində yerləşdirilməlidir. Məhələlərdəki xeyir-şər mağarları isə qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulub və onun qazlaşdırılması “Azəriqaz”ın imkanı xaricindədir: Bununla belə əksəriyyəti qazlaşdırılıb. Bu o zaman mümkündür ki, orda yaşayan bir sakinin adına kod açılır və mağara qaz xətti çəkilir”.
İclasda o da vurğulanıb ki, 2009-cu ildən qaz cihazlarına texniki baxışı FHN həyata keçirirdi, hazırda isə bu iş “Azəriqaz İB”-yə həvalə olunub. Bu məqsədlə beş il qabaq bağlanmış müqavilələrin yenilənməsinə, abonentlərin dəqiqləşdirilməsinə başlanıb. Abonentlər bilməlidirlər ki, qaz cihazlarına baxış keçirmək istəyən “Azəriqaz” nümayəndələrinə mane olmamalıdırlar. Eyni zamanda məhəllə komitələri vasitəsilə əhalini məlumatlandırmaq tövsiyə olunub.
İctimai Şuranın iclası hesabat və çıxışlarda qaldırılan məsələləri nəzərə almaqla qərar qəbul edib.