25 Dekabr 2024

Azərbaycanın zəlzələ ilə bağlı Türkiyəyə göndərdiyi yardımın həcmi bilinib

2023-cü il fevralın 6-da Türkiyədə zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib və bu ağır məqamda Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib.

Dövlət başçısının tapşırığına əsasən, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardıma başlanıb.

Fevralın 6-dan hazırkı zamana kimi Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı göndərilib.

1-ci təyyarə fevralın 6-da saat 13:25 yola düşüb və Fövqəladə Hallar Nazirliyinin 168 nəfərlik şəxsi heyətini fəlakət zonasına çatdırıb.

2-ci təyyarə fevralın 6-da saat 17:25-də yola düşüb, FHN-in 233 nəfərlik şəxsi heyətini və xilasetmə avadanlıqlarını aparıb.

3-cü təyyarə fevralın 6-da saat 20:50-də yola düşüb, FHN-in 21 nəfərlik şəxsi heyətini və xilasetmə avadanlıqlarını Türkiyəyə çatdırıb.

4-cü təyyarə fevralın 7-də saat 09:40-da yola düşüb, 41 nəfərlik tibbi heyəti və mobil səhra hospitalına aid 4 konteyneri aparıb.

5-ci təyyarə fevralın 7-də saat 14:00-da yola düşüb, səhra hospitalı üçün 3 konteyner və FHN-in şəxsi heyətinin təminatı üçün yük aparıb.

6-cı təyyarə fevralın 8-də saat 01:00-da yola düşüb, FHN-in 4 nəfər şəxsi heyəti və şəxsi heyətin təminatı üçün ərzaqlar və humanitar yardım aparıb.

7-ci təyyarə fevralın 8-də saat 09:46-da yola düşüb, FHN-in 229 nəfərlik şəxsi heyətini, xilasetmə avadanlıqlarını və FHN-in şəxsi heyəti üçün təminat vasitələrini aparıb.

Fevralın 8-də saat 01:00-da yola düşən 14 yük avtomobilindən ibarət karvan 29 nəfərlik şəxsi heyəti, 4 səhra mətbəxini, humanitar yardımı və FHN-in şəxsi heyətinin təminatını Türkiyəyə çatdıracaq.

Ümumilikdə, faciə baş verdiyi dövrdən bu günə kimi FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir.

Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin, modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və s., habelə zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edir.