23 Dekabr 2024

Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur

Azərbaycanın yeni əsrdə yeni lideri olan İlham Əliyevin birinci müddətə Prezident seçilməsindən 19 il ötür. İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76.8 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. Müasir tariximizə möhtəşəm 19 il kimi yazılan bu dövrdə Azərbaycan misilsiz inkişaf yolu keçib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb, ölkəmizin beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirib.

1994-cü ildən ölkəmizdə gedən ən mühüm iqtisadi və ictimai-siyasi proseslərdə yaxından iştirak edən İlham Əliyev neft və qaz, idman sahələrində, eyni zamanda, parlamentdə, Avropa Şurasında və Baş nazir kimi fəaliyyəti dövrlərində hər zaman ulu öndər Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirmiş, xalqın böyük rəğbətini, dəstəyini qazanmışdı. Əlbəttə, bütün bu fəaliyyətin nəticəsi idi ki, xalqımız 2003-cü ildə keçirilən prezident seçkilərində İlham Əliyevə etimad göstərdi, onun Heydər Əliyev siyasətinə sadiq qalacağına və bu siyasəti davam etdirəcəyinə inamını ifadə etdi.

Hələ 1990-cı ilin əvvəllərində özünün ağır günlərini yaşayan Azərbaycan xalqı qətiyyətli iradə nümayiş etdirərək gələcək taleyinə sahib çıxmağı bacardı. Qısa müddət ərzində bütün sahələrdə aparılan islahatlar, əldə olunan mühüm nailiyyətlər hər bir vətəndaşımızın həyatında özünü göstərməyə başladı. Digər dövlətlərin bəlkə də 50 ildə qazana bilmədiyi uğurlara Azərbaycan 10 il ərzində nail oldu. Əlbəttə ki, bütün bu uğurların düşünülmüş, gələcəyə hesablanmış və məqsədyönlü siyasətin nəticəsində qazanıldığını yaxşını pisdən ayırmağı bacaran Azərbaycan xalqı açıq-aydın görür və bu siyasəti hamılıqla dəstəkləyirdi.

İlham Əliyev həm də ölkə, xalq qarşısındakı xidmətləri ilə özünütəsdiq etmiş praqmatik siyasətçi idi və bilirdi ki, yalnız Heydər Əliyev strategiyasını həyata keçirməklə, onun qoyduğu siyasi yolu davam etdirməklə Azərbaycanı güclü dövlətə çevirmək mümkündür.

Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə həm də Heydər Əliyevə, onun siyasi kursuna sadiqliyini nümayiş etdirdi. Bu, xalqımızın Ümummilli Liderə sevgisinin və sonsuz inamının bir daha təsdiqi oldu.

Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.

Emilya Rəhimova

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı