Azərbaycanın iştirakı ilə Praqa sammiti başlayır: yeni anti-Rusiya bloku, yoxsa…
Avropa Siyasi Birliyi Avropa siyasəti, təhlükəsizliyi, iqtisadiyyatı və infrastrukturu ilə bağlı məsləhətləşmələr aparacaq
Oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyi adlı yeni qeyri-rəsmi siyasi birliyin yaradılması gözlənilir. Avropa Siyasi Birliyinin liderlərinin ilk görüşü oktyabrın 6-7-də Çexiyanın paytaxtı Praqada, Avropa İttifaqının liderlərinin sammitindən bir qədər əvvəl keçiriləcək. İclasa Aİ-nin 27 üzvü ilə yanaşı, 17 ölkə dəvət olunub. Dəvət məktublarını Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Çexiyanın baş naziri, birliyin prezidenti Petr Fiala imzalayıblar.
Azərbaycandan başqa, dəvət göndərilən ölkələr arasında Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya, İsveçrə, Ukrayna, Britaniya və Ermənistan da var.
Bu ideyanın müəllifinin Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson olduğu məlumdur. Bu ideya Ukraynanın Avropa İttifaqına sürətlə daxil olmasına hesablanmışdı. Daha sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Makronun yaxın siyasi tərəfdaşı bu ideyanı inkişaf etdirərək, Avropa İttifaqından kənar bir sıra ölkələrin yeni struktura daxil edilməsini təklif etdi. Ukrayna ilə yanaşı, siyahıya Azərbaycan, Gürcüstan, Ermənistan və Moldova da daxil edildi.
İdeyaya görə, Avropa Siyasi Birliyi Avropa siyasəti, təhlükəsizliyi, iqtisadiyyatı və infrastrukturu ilə bağlı məsləhətləşmələr aparacaq qeyri-rəsmi birlik olacaq. Onun yaradılması Aİ-nin oktyabrın 6-da Praqada keçiriləcək sammiti ilə eyni vaxta planlaşdırılıb. Oktyabrın 6-da Praqada keçiriləcək ilk iclasın yekununda hər hansı rəsmi açıqlama və ya rəsmi qərarlar gözlənilmir.
Avropa İttifaqının yayımçısı olan euractive.com xəbər verir ki, Avropa Siyasi Birliyinin təsis sammitində bir neçə il əvvəl Aİ-ni tərk etdiyi məlum olan Böyük Britaniyanın baş naziri Liz Trass iştirak edəcək. Haqqın.az saytı yazır ki, müəyyən mənada bu xəbəri sensasiyalı kimi təsnif etmək olar, çünki cəmi üç ay əvvəl Liz Trass Britaniya parlamentində Avropa İttifaqının təşkil etdiyi yeni formatda iştirak etmək niyyətində olmadığını bildirmişdi. Böyük Britaniyanın baş nazirinin Praqa sammitinin proqramına enerji təhlükəsizliyi və miqrant problemi kimi məsələlərin daxil edilməsi ilə bağlı mövqeyini dəyişdiyi güman edilir. Bundan başqa, Londona rəsmi şəkildə söz verilib ki, Avropa İttifaqı yeni strukturun işinə qarışmayacaq.
Euractıve.com-un məlumatına görə, Praqa sammitində iştirak artıq Azərbaycan dövlət başçısının iş proqramına daxil edilib. Praqa sammitini yeni anti-Rusiya bloku hesab edənlər də var. Bildirilir ki, son aylar arxasını Qərbə söykəyən Ermənistanın baş naziri Nikol Paşinyan ŞƏT-in toplantısına qatılmaması və KTMT-dən çıxmaqla bağlı hədələri də Avropadakı “dayı”larına xoş getmək üçün jest kimi dəyərləndirilir. Azərbaycanın yeni siyasi blokda təmsilçiliyi bizə nə vəd edir? Ermənistanla siyasi blokda fəaliyyət nə qədər uğurlu ola bilər və sairə…
Əhəd Məmmədli
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Ermənistanın vəziyyətinin durmadan gərginləşdiyini qeyd etdi: “Region və dünyada vəziyyət qarışıb. Artıq müharibə Avropaya qayıdıb. Yuqoslaviya müharibəsinin ardından Avropanın mərkəzində 7 aydan çoxdur ki, savaş gedir. Qaçqınlar ordusu var. İllərdir ki, 100 mindən çox qaçqını qəbul etmək istəməyən Avropa birdən 10 milyonu qəbul etdi. Yeni bir düzən qurulub. Rusiya qeyri-qanuni olaraq, bir sıra əraziləri özünə birləşdirdi. Ukrayna ilə Rusiya arasındakı savaş artıq daha irimiqyaslı səviyyədən lokal səviyyəyə keçib. Bu cür lokal səviyyəli müharibələrin təhlükəsi də ondadır ki, illərlə uzana bilərlər. Məsələn, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs əldə olundu. Amma həmin zamandan II Qarabağ savaşına qədər tərəflər arasında saysız-hesabsız hərbi toqquşmalar oldu. Bu cür nümunələr çox göstərmək olar. Rusiya ilə Ukrayna arasında da eyni səviyyədə müharibə uzana bilər. Bu da hər iki ölkənin maraqlarına cavab vermir. Görünür, hansısa qüvvələrin maraqlarına cavab verir. Avropa Birliyinə alternativ də, ehtiyat bir strukturun da yaradıla biləcəyini deyə bilərik. Burada Azərbaycan və Türkiyənin dəvət olunmasını müsbət qiymətləndirirəm. Suların durulduğu bir vaxtda Azərbaycan və Türkiyə birlikdə balıq tutmağı bacarmalı, öz maraqlarına uyğun şəkildə hərəkət etməlidirlər. Ora Ermənistanın dəvət olunmasında da Azərbaycan üçün mənfi heç nə görmürəm. Burada müsbət odur ki, növbəti dəfə Rusiya və Ermənistan arasında münasibətlər gərginləşə bilər. Ələxüsus da Ermənistanın KTMT-yə müraciətindən sonra oradakı üzvlükdən artıq çıxa bilərlər. Çünki istədiklərini ala bilmədilər. Xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatının son toplantısına qatılmayıb, Brüssel və Londanda keçirilən toplantılara qatılmaları Ermənistana müsbət heç nə vəd etmir”.
Niyaməddin Orduxanlı
BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı bunları dedi: “Azərbaycan 30 ildir ki, müstəqil dövlət kimi fəaliyyət göstərir. Dünyanın ən nüfuzlu təşkilatlarında təmsil olunur, beynəlxalq qurumlarla əməkdaşlıq edir. Xarici siyasətimizin əsasında da müstəqil dövlət olmağımız durur. Həm Avropa təşkilatları ilə, həm də Asiyada olan nüfuzlu təşkilatlarla əməkdaşlıq olunur. Bu, çox doğru yanaşmadır. Qarşılıqlı əlaqələr əsasında təşkilatlarda tamhüquqlu üzv kimi fəaliyyət göstəririk. Oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyinin yardılması gözlənilir. İclasda 30 yaxın Avropa İttifaqına daxil olan ölkələrin iştirakı, 17 ölkənin da iştirakı gözlənilir. Bu o deməkdir ki, Aİ əlavə olaraq 17 ölkə ilə də yaxından əməkdaşlıq etmək niyyətindədir. Bəzi ekspertlər yeni yaradılacaq qurumun birbaşa Rusiyaya qarşı olduğunu iddia edir. Bu təşkilatın yaradılması ideyasının da Britaniyanın keçmiş baş naziri Consunun olduğunu nəzərə alsaq, Rusiyaya qarşı olması ehtimallarını daha da gücləndirir. Ukrayna ilə yanaşı Azərbaycan, Gürcüstan, Ermənistanın da yeni struktura daxil edilməsi təklif olunub. Yəni Qafqaz ölkələrinin də təmsilçiliyi. Bilirsiniz ki, bu gün Rusiyanın Qafqazda təsir imkanları çox genişdir. Rusiyaya qarşı yeni blok kimi xarakterizə olunmasında reallıq görünür. Ancaq unutmamalıyıq ki, Rusiyanın Ermənistanda böyük riçaqları var. Həmçinin deyim ki, dəvət olunanlar arasında qardaş Türkiyə də var. İnanmıram ki, hörmətli Ərdoğan və Azərbaycan Prezidenti, cənab İlham Əliyev Rusiyaya qarşı yaranmış hansısa blokda iştirak etsin. Çünki hər iki lider öz dövlətlərinin beynəlxalq siyasətini çox yüksək səviyyədə qurub. Rusiya, Aİ, ABŞ-la da qarşılıqlı ikitərəfli əlaqələr əsasında münasibətlər formalaşıb. Rusiya Azərbaycanın müttəfiqidir. Son iki ildə İlham Əliyev Rusiyaya qarşı yönələn sanksiyalara qoşulmayıb. Məncə, çox doğru addımdır. Ermənistan isə KTMT üzvüdür. Son anda Paşinyan Putinin bir zəngi ilə verdiyi bəyanatın əleyhinə danışa bilər. Bizim Qarabağ məsələsinə nə Avropanın, nə də Amerikanın 30 ildə ədalətli yanaşdığının şahidi olmadıq. Açıq və ya dolayısı yolla Azərbaycana təcavüz etmiş Ermənistanı dəstəklədilər. Təcavüzə məruz qalmış Azərbaycana ABŞ sanksiya tətbiq etdi. Bundan sonra xalqımız bu dövlətdən hansı ədaləti gözləyə bilər ki? Onu da deyim ki, Azərbaycana qarşı sanksiyanın müəllifləri olan iki nəfərdən biri indiki ABŞ prezidenti Bayden idi”.
Cavanşir ABBASLI