22 Dekabr 2024

Azərbaycanın bütün addımları leqitimdir, hüquqidir və ədalətlidir

Sentyabrın ayının 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanıb. Məhz buna cavab olaraq Azərbaycan Qarabağ bölgəsindəki qanunsuz erməni hərbi birləşmələrinə qarşı antiterror tədbirlərinə başlamışdır. Ermənistan Azərbaycan üçün başqa seçim qoymadı. Keçirilən antiterror tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırıldı. Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olundu. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərildi, onlar içməli su və ərzaqla təmin olundular. Antiterror əməliyyatı 24 saat davam etdikdən sonra Ermənistan Ordusu Azərbaycanın bütün tələblərini qəbul etdi, Çarəsiz qalan qanunsuz erməni silahlı dəstələri antiterror tədbirlərinin dayandırılması üçün ağ bayraq qaldıraraq təslim oldular. Bu bir daha Azərbaycan Ordusunun gücünü, qüdrətini göstərdi.

Azərbaycan Ordusunun sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi antiterror tədbirlərinin başlıca məqsədi bu ərazilərdə konstitusiya quruluşunun bərpa edilməsi, üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, düşmənin genişmiqyaslı təxribatlarının qarşısının alınması, vətəndaşların təhlükəsizliyinin təmin olunması olub. Dosta qürur, düşmənə göz dağı olan 23 saat 43 dəqiqədə Ermənistanın və onun yaratdığı və dəstəklədiyi qondarma separatçı qurumun məqsədyönlü təxribatlarına son qoymaqla yanaşı, Azərbaycanın suverenliyinə kölgə salmaq istəyənlərə ciddi mesaj verildi.

Müzəffər Ali Baş Komandan xalqa tarixi müraciətində bir daha dünyanın gözü qarşısında vandalizm aktları törətməkdən çəkinməyən, Azərbaycanın tarixi torpaqlarına göz tikən düşmənə başa saldı ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi