Azərbaycanın Avropada güclənən mövqeyi və enerji təhlükəsizliyinin formalaşmasında artan rolu – TƏHLİL + FOTO
Prezident İlham Əliyevin noyabrın 23-də Serbiya Respublikasına rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından xüsusi diqqət çəkir. Azərbaycan ilə Serbiya arasında iqtisadi əlaqələrin yalnız enerji deyil, eyni zamanda qeyri-neft sektoru üzrə inkişaf etməsi potensialı kifayət qədər böyükdür.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik.
Azərbaycan Avropada yerləşən ölkələrlə bərabərhüquqlu, qarşılıqlı maraqlara əsaslanan əlaqələrə sahibdir. Bu əlaqələrin daha da möhkəmlənməsində dövlət və hökumət başçılarının, ayrı-ayrı rəsmi şəxslərin qarşılıqlı səfərləri mühüm rol oynayır. Azərbaycan Prezidentinin Bolqarıstan və Albaniyadan sonra noyabrın 23-də Serbiya Respublikasına rəsmi səfəri də ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından xüsusi diqqət çəkir.
Diplomatik əlaqələrin qurulmasının 25 illiyi
Əvvəlcə onu vurğulamaq yerinə düşər ki, Azərbaycanla Serbiya arasında bütün sahələri əhatə edən strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Azərbaycan Serbiyanın, Serbiya Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərin toxunulmazlığını dəstəkləyir. İkitərəfli dostluq və əməkdaşlıq münasibətləri beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli platformalarda da öz əksini tapır. Ölkələrimiz arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub. Azərbaycan-Serbiya əlaqələrinin 25 illiyi münasibətilə bu il avqustun 21-də Azərbaycan və Serbiya prezidentləri arasında telefon danışığı olub. Telefon danışığı zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı, enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığı, Azərbaycan və Serbiyanın bir-birinin ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb.
10 ayda ticarət dövriyyəmiz 27,51 faiz artıb
Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanla Serbiya arasında iqtisadi sahədə yaxşı əlaqələr mövcuddur. Serbiyada 2010-cu ildə Serbiya-Azərbaycan Ticarət Palatası təsis edilib. 7 iyun 2011-ci ildən etibarən Azərbaycan-Serbiya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyası fəaliyyət göstərir. Komissiyanın indiyədək keçirilmiş 6 iclası çərçivəsində biznes forumlar da təşkil olunub. İkitərəfli ticarət dövriyyəsinin daha da artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Görülən işlərin nəticəsi olaraq 2021-ci ildə Serbiya Azərbaycanın 71-ci xarici ticarət tərəfdaşı olub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,23 milyon dollar, o cümlədən idxalın həcmi 8,04 milyon, ixracın həcmi isə 1,19 milyon ABŞ dolları təşkil edib. 2020-ci illə müqayisədə ötən il Serbiya ilə ticarət dövriyyəsi 1,9 faiz, o cümlədən idxal 2,27 faiz artıb, ixrac isə 0,53 faiz azalıb. 2022-ci ilin yanvar-oktyabr aylarında Serbiya Azərbaycanın 68-cı xarici ticarət tərəfdaşı olub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,84 milyon dollar, o cümlədən idxalın həcmi 8,10 milyon dollar, ixracın həcmi 1,74 milyon dollar təşkil edib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-oktyabr aylarında Serbiya ilə ticarət dövriyyəsi 27,51 faiz artıb.
Azərbaycan Prezidentinə hörmət və ehtiram əlaməti
Bütün bunları nəzərə alaraq, əminliklə deyə bilərik ki, Azərbaycan-Serbiya əlaqələri ildən ilə uğurla inkişaf edir, münasibətlərimiz strateji tərəfdaşlıq, dostluq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Siyasi dialoqun yüksək səviyyədə olması iki ölkə liderlərinin siyasi iradəsi və müdrik uzaqgörənliyindən, əməkdaşlığa verdikləri böyük önəmdən irəli gəlir. Məhz bu münasibətlərdən irəli gələrək, Prezident İlham Əliyevə ehtiram əlaməti olaraq Serbiyaya səfər zamanı Azərbaycan dövlət başçısının təyyarəsini serblərə məxsus hərbi təyyarələr müşayiət edib. Belqrad şəhərinin “Nikola Tesla” hava limanında isə Azərbaycan Prezidentini serbiyalı həmkarı Aleksandar Vuçiç şəxsən qarşılayıb, çox böyük qonaqpərvərlik nümayiş etdirib. Rəsmi qarşılanma mərasimindən sonra prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri olub, ölkələrimiz arasında 6 yeni sənəd imzalanıb, mətbuata bəyanatlarla çıxış edilib. Elə həmin gün Azərbaycan Prezidentinin Serbiyanın Baş naziri Ana Brnabiç ilə geniş tərkibdə görüşü olub. Səfərin yekununda Serbiya Prezidenti Aleksandar Vuçiç azərbaycanlı həmkarını hava limanında şəxsən özü yola salıb. Bununla bir daha Azərbaycana və onun Prezidentinə ən yüksək səviyyədə hörmət nümayiş etdirilib.
Dostluğumuz strateji müttəfiqliyə çevrilib
Azərbaycan-Serbiya dostluğunun strateji müttəfiqlik səviyyəsinə çatdırıldığını “Kaspi” qəzetinə söyləyən millət vəkili Vüqar Bayramov bildirib ki, strateji münasibətlərimizin son illər daha da inkişaf etdiyi Serbiya ilə ticarət dövriyyəmiz son 4 ildə 2 dəfəyə yaxın artaraq 9.2 milyon dollara yüksəlib.
Onun sözlərinə görə, Azərbaycan ilə Serbiya arasında iqtisadi əlaqələrin yalnız enerji deyil, eyni zamanda qeyri-neft sektoru üzrə inkişaf etməsi potensialı kifayət qədər böyükdür: “Serbiya ilə Azərbaycan arasında mavi qaz nəqli sahəsində də əməkdaşlığın inkişaf edəcəyi gözlənilir. Yunanıstan-Bolqarıstan Qaz İnternkonnektoru (İGB) istifadəyə verildikdən sonra Serbiyanın Azərbaycan qazını idxal etmək imkanları genişlənib. Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşması mümkün olan Cənubi Qaz Dəhlizinin yeni elementinə çevrilən İGB-dən mavi qaz ala biləcək ölkələrdən biri də məhz Serbiyadır. İGB-nin ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrədək artırılması isə Macarıstan, Serbiya, Slovakiya, Rumıniya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər. Beləliklə, ölkəmizin Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır. Bu, Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir”.