22 Dekabr 2024

Azərbaycanda arılar kütləvi surətdə qırıla bilər

Azərbaycanın Gürcüstanla sərhədyanı ərazilərində yayılmış qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ölkədə arıların kütləvi surətdə qırılmasına səbəb ola bilər.

Musavat.com xəbər verir ki, bunu report-a açıqlamasında “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətov bildirib.

‘‘Həmin zərərvericiyə qarşı Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi dərmanlama yolu ilə birgə mübarizə tədbirləri həyata keçirirlər. Bu isə kütləvi arı qırğınlarına səbəb ola bilər. Gürcüstanda artıq bu problem yaşanıb. Biz istərdik ki, bioloji mübarizə tədbirlərinə üstünlük verilsin. Bilirik ki, qəhvəyi mərmər bağacığı təbiətə ziyandır. Amma yenə də bunun digər bioloji mübarizə yolları da var.

Dərmanlama, yəqin ki, arıçılığa ziyan vuracaq, biz bundan çox narahatıq. Təklifimiz həm də budur ki, dərmanlama işi bizimlə koordinasiya olunsun. Yəni ərazilər dərmanlanan zaman bizə xəbərdarlıq edilsin ki, arılarımızı həmin ərazilərdən uzaqlaşdıraq’’, – deyə o qeyd edib.