22 Dekabr 2024

Azərbaycan XİN-dən Beynəlxalq Ədalət Məhkəməsinin qərarına MÜNASİBƏT

Oktyabrın 12-də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan tərəfindən 16 sentyabr 2022-ci il tarixində təqdim olunan yeni halların 7 dekabr 2021-ci il tarixli qərarda göstərilən tədbirləri dəyişdirmək üçün yetərli olmadığını bəyan edərək Azərbaycana qarşı verilmiş vəsatəti rədd edib.

Bu barədə Media1.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu qərar hər bir saxlanılan ermənilərə Məhkəmənin əvvəlki qərarına tam uyğun olaraq münasibət göstərilməsi, eləcə də saxlanılan şəxslərlə insani və ayrı-seçkilik olmadan rəftar edilməsi barədə Azərbaycanın beynəlxalq və milli öhdəliklərinə uyğundur: “Bununla belə, Azərbaycan Baş Prokurorluğu tərəfindən 17 sentyabr və 2 oktyabr 2022-ci il tarixlərində elan edildiyi kimi, sosial şəbəkələrdə anonim şəkildə yayılan, Azərbaycan hərbçilərinin qanunsuz hərəkətləri kimi iddia edilən video görüntülərlə bağlı hazırda ətraflı təhqiqat aparılır. Əvvəlki dövrdə yayılan və təsdiqini tapmış bəzi video görüntülərlə bağlı cinayət işləri açılaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi təmin edilib. Bunun əksinə, Ermənistan Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı bu günədək törədilmiş çoxsaylı hərbi cinayətlərə və digər qanunsuz əməllərə görə, o cümlədən, üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycanda 1400-dən artıq yeni minaların yerləşdirilməsində, həmçinin bu günlərdə ikinci ildönümü anılan Gəncə kimi mülki əhalinin sıx yaşadığı şəhərlərə 44 günlük müharibə ərzində amansız raket zərbələrinin endirilməsində təqsirkar şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir addım atmayıb”.

Vurğulanıb ki, həm Azərbaycan, həm də beynəlxalq müşahidəçilər, o cümlədən, Avropa Şurasının xüsusi məruzəçisi və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi dəfələrlə Ermənistanın hərbi qulluqçuları tərəfindən hərbi cinayətlərin törədilməsinə işarə edən və sosial şəbəkələrdə geniş yayılmış video görüntüləri araşdırmağa və təqsirkar şəxsləri məsuliyyətə cəlb etməyə çağırıb: “Beynəlxalq ictimaiyyət bu əməllərə görə Ermənistanı məsuliyyətə cəlb etməlidir. Azərbaycan davam edən sülh prosesinə və danışıqlara, habelə beynəlxalq hüquq çərçivəsində bütün insanların hüquqlarının qorunmasına sadiq qalır”.