“Azərbaycan-Türkiyə qardaşlığı dünyaya nümunədir” – RƏY + FOTO
“Uzun illər müxtəlif sınaqlardan üzüağ çıxan Azərbaycan-Türkiyə qardaşlığı dünyaya nümunədir”.
Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, bu qardaşlıq özünü xoş və dar gündə də göstərib:
“Bu gün də dünya qardaşlığımızın sarsılmaz olduğunun bir daha şahidi olur”.
Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələnin Azərbaycanda da kədərlə qarşılandığını deyən deputat vurğulayıb ki, bu hadisədən dərhal sonra qardaş ölkənin səsinə ilk səs verən məhz Azərbaycan oldu:
“O dəhşətli faciədən dərhal sonra səhər erkəndən Azərbaycanın dövlət başçısı İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət etdi. Müraciətdə Prezident türkiyəli həmkarına başsağlığı verdi və bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirdi. Eyni zamanda dövlət başçısının tapşırığına əsasən, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardıma başlanıldı”.
V.İskəndərov bildirib ki, fevralın 6-dan bu günə kimi Azərbaycandan Türkiyəyə yeddi təyyarə və bir avtomobil karvanı göndərilib:
“Ümumilikdə, faciə baş verdiyi dövrdə FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Yardım-xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasoslar, avtomobillər, həmçinin, modul tipli səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri, habelə zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edir”.
Deputat qeyd edib ki, dövlətlə yanaşı, xalqımız da qardaş ölkəyə dəstək kampaniyasına qoşulub:
“Azərbaycan xalqı son iki gün ərzində 7-dən 77-yə səfərbər olub. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, qardaşlığımız sarsılmazdır və bu qardaşlığı heç bir qüvvə poza bilməz”.