23 Noyabr 2024

Azərbaycan Türk Birliyini reallığa çevirir

Daha bir tarixi hadisəyə şahidlik etdik. İyulun 6-da Türk dünyasının mədəniyyət paytaxtı, Qarabağın incisi olan Şuşa daha bir mötəbər tədbirə ev sahibliyi etdi. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşün Şuşada keçirilməsi özü tarixi bir hadisə idi. Belə ki, dünyanın bütün türk liderləri işğaldan azad olunmuş türk torpağında ilk dəfə bir araya gəldilər. Rəmzilikdən də başqa belə bir görüş mühüm praktik əhəmiyyət daşıyır. Dünyada gedən geopolitik proseslər fonunda türk xalqlarının gələcəyini müəyyənləşdirmək baxımından türk dövlət başçılarının intensiv şəkildə görüşməyə, ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi və mədəni- humanitar əlaqələrin inkişaf etdirilməsi bağlı məsləhətləşmələr aparmağa ehtiyacı var.

Türk dövlətlərinin həmrəyliyi həm də ölkələrin milli maraqlarının birgə müdafiəsinə və təhlükəsizliklə bağlı təhdidlərə qarşı mübarizəyə öz töhfəsini verir. İqtisadi və mədəni qarşılıqlı fəaliyyət, terrorizmlə mübarizədə birgə səylər XXI əsrin çağırışlarının öhdəsindən səmərəli şəkildə gələ biləcək, türk dünyasında sülh və sabitliyi qoruyub saxlaya biləcək vahid cəbhənin formalaşdırılmasında mühüm rol oynayır. Nəzərə alaq ki, bu qurum 2009-cu ildə Azərbaycanın təşəbbüsü ilə Naxçıvanda təsis olunub. Hazırda təşkilatın 5 daimi, 3 müşahidəçi üzvü var. Ötən illər ərzində bu təşkilat beynəlxalq aləmdə və ölkələrin üzləşdiyi problemlərin həllində çox böyük uğurlara imza atıb. Məhz buna görə də hər bir Türk dövləti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdardır. Təsadüfi deyil ki, bu məqam Qarabağ Bəyannaəməsində ayrıca bənd kimi qeyd edilib: “TDT-nin Dövlət başçıları Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə Türk dünyasının birliyi, həmrəyliyi, təhlükəsizliyi və rifahına verdiyi böyük və davamlı töhfəsinə, TDT-nin vahid ruhunun gücləndirilməsində qətiyyətli liderliyinə və Şuşada qeyri-rəsmi Zirvə görüşündə uğurla yekunlaşan müzakirələrə sədrlik etdiyinə görə dərin təşəkkürünü bildirir, Azərbaycan Hökumətinin və xalqının səmimi qonaqpərvərliyini yüksək qiymətləndirirlər”.

Təsadüfi deyil ki, tədbirin moderatoru olan Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq bəyan etdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir: “Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımızı döyüş meydanlarında dəfələrlə göstərmişik. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir”. Zirvə görüşünü əlamətdar edən daha bir hadisə isə təbii ki, sonda qəbul edilən Qarabağ Bəyannaməsidir.

Ölkə başçısının vurğuladığı kimi, imzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı