Azərbaycan qaz ixracatçısı kimi mövqeyini daha da möhkəmləndirir
Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə etmək məqsədilə iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri xalqları və dövlətləri daha da yaxınlaşdırır, eyni zamanda, iştirakçı və digər dövlətlərin uzunmüddətli iqtisadi inkişafını təmin edir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır. Belə ki “Əsrin müqaviləsi”nin imzalanması ilə başlayan, ölkəmizin etibarlı enerji icraçısı olduğunu təsdiqləyən qlobal layihələrin reallaşması yeni əməkdaşlıq formatlarının yaradılmasını şərtləndirir. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün artıq qaz ixracatçısına çevrilib. Azərbaycan qazı ölkəmizlə əməkdaşlıqda maraqlı olan qitə dövlətləri ilə bağlanılan uzunmüddətli müqavilələr əsasında satılır və öhdəliklər 100 faiz yerinə yetirilir. İllərin təcrübəsi təsdiqlədi ki, Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır.
Hazırda Azərbaycanın qurumla, eyni zamanda üzv dövlətlərlə əlaqələri yüksələn xətlə inkişaf edir. Dövlət başçısı İlham Əliyevin sentyabrın 30-da Bolqarıstana rəsmi səfəri bunun təsdiqidir. Səfər çərçivəsində keçirilən görüşlərdə, Prezidentlərin mətbuata bəyanatlarında, həmçinin Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində cənab İlham Əliyev diqqəti çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən, qitələri birləşdirən Cənub Qaz Dəhlizinin dayanıqlı inkişafı təmin etmək üçün əsas resurs bazası olmasından geniş bəhs etdi. Bildirdi ki, Avropanın enerji xəritəsini dəyişən Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Cənub Qaz Dəhlizi qazı istehlakçılara yeni marşrutla, o cümlədən yeni mənbədən nəql edir. Bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağı olmuşdur. Lakin Azərbaycanın bir neçə digər qaz yatağında hasilat bu yaxınlarda başlayacaq və təchizat həcmlərinin artırılmasına töhfə verəcək.
Hər zaman çıxışlarında Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan danışan dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da qeyd edir ki, bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Bu fikirlər ulu öndər Heydər Əliyevin “Əsrin müqaviləsi”nin imzalanmasından öncə söylədiyi “Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz” tezisinin davamı kimi dəyərləndirilir.
Reallıq budur ki, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması bugünkü uğurlarımıza yol açdı. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərək üçtərəfli regional əməkdaşlıq formatı yaratmışdı. Artıq bu gün çoxtərəfli əməkdaşlığın əsası kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin, onun əsas tərkib hissələri olan TANAP və TAP-ın iqtisadi və siyasi əhəmiyyətindən bəhs edilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi bu günə qədər görülən işlərin zirvəsidir. Təbii ki, BTC və BTƏ neft-qaz layihələri icra edilməsəydi, bu gün Cənub Qaz Dəhlizindən danışmaq qeyri-mümkün idi. Bu layihənin icrasında yeddi ölkə iştirak etdi – Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Göründüyü kimi, geniş beynəlxalq əməkdaşlıq yaradılıb. Eyni zamanda, üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun tərəfdaş kimi növbəti mərhələlərdə bu layihəyə qoşulacaqlarına əminlik ifadə edilir. Bu çağırış da edilir ki, Cənub Qaz Dəhlizinin qolları olmalıdır. Azərbaycan ixrac imkanlarını genişləndirmək istəyir. Avropada Azərbaycan qazına tələbat artır.
Azərbaycana artan maraq, inam ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin, şirkətlərin say tərkibinin genişliyindən də aydın görünür. Son 19 ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 280 milyard dollar yaxındır. Bu investisiyaların yarıdan çoxunu xarici investisiyalar təşkil edir. Cənub Qaz Dəhlizinin rəsmi açılışının, əsas tərkib hissələri olan TANAP-ın və TAP-ın istifadəyə verilmələri fonunda bugünümüzün əsas reallığı olan bu mühüm hadisəni də xüsusi qeyd edirik ki, Azərbaycan bu layihələrin uğurlu icrası ilə Avropanın enerji xəritəsini yenidən tərtib edir.
Dövlət başçısı İlham Əliyev Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində adıçəkilən layihənin Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacağını bildirdi. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada cari geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir. Təxminən iki ildir ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır və indi isə, o, Bolqarıstana daxil olur. Ölkə Prezidenti bu əminliyi də ifadə etdi ki, yaxın zamanlarda Azərbaycan Avropa üçün etibarlı elektrik enerjisi təchizatçısına çevriləcək. Külək enerjisi sahəsində təkcə Xəzər dənizində təsdiq edilmiş potensialımızın həcmi 157 qeqavatdır. Hazırda avropalı tərəfdaşlarla bu enerjinin Avropa qitəsinə çatdırılması ətrafında müzakirələr aparılır.
Göründüyü kimi, Azərbaycanın enerji sektorunda qazandığı davamlı uğurlar tərəfdaşlarının say tərkibini genişləndirir, əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı üçün birgə səyləri özündə ehtiva edən layihələr gündəmə gətirilir.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri