22 Dekabr 2024

Azərbaycan Ordusunun qələbə təntənəsi

8 noyabr 2023-cü il. Qürur salnaməmizin daha bir qızıl möhürlü günü. O gün zirvələr yaraşığı ay-ulduzlu, üçrəngli bayrağımız Xankəndidə Zəfər paradında məğrur-məğrur dalğalandırılaraq dosta sevinc, düşmənə göz dağı oldu.Həmin möhtəşəm tarixdə bütün dünya Xankəndidə yaşanan zəfər ehtişamının tamaşasına durdu. Qarabağdan ucalan təntənəli qələbə marşının sədaları altında çiyin-çiyinə addımlayan ürəyi vətən sevdalı azman Azərbaycan oğulları başlarını dik tutaraq fəxarətlə Müzəffər Ali Baş Komandan İlham Əliyevi, Azərbaycan xalqını, şəhidlərimizin ruhunu salamladılar. O, gün ana torpağımızın bağrı ilə axan çoşqun sellər də sanki buludlara qoşulub sevinc göz yaşları axıtdılar, Qarabağdan baş götürən rüzgarlar bütün ellərə zəfər müjdəsi yaydılar, yerlər də, göylər də bir ağızdan “Zəfərin mübarək, ey şanlı Azərbaycan! Yaşa, var ol, Zəfər Xalqı, Zəfər Ordusu, Zəfər Komandanı”, – deyə hayqırdılar. Düz üç il əvvəl noyabrın 8-də Şuşada qazandığımız parlaq qələbənin xoşbəxtliyini Xankəndidə keçirilən Zəfər paradında bir daha yaşadıq, qürurdan ürəyimiz dağa döndü. 44 günlük Vətən müharibəsində qazanılan zəfərin möhtəşəm nəticəsi idi ki, 2023-cü ilin payızında suverenliyimizin tam bərpasına nail olduq. Oktyabrın 15-də Xankəndidə Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycan bayrağının dalğalandırılması parlaq Zəfərimizin üçüncü ildönümünə ən böyük töhfə idi. Bu həm də cənab Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” haqq nidasının qızıl imzalı təsdiqi oldu. O da təsadüfi deyildi ki, hələ 2020-ci il dekabrın 10-da Azadlıq meydanında keçirilən Zəfər paradında Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışını məhz bu fikirlərlə yekunlaşdırmışdı: “Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Cənubi Qafqazda yerləşən və müxtəlif dövrlərdə etnik zəmində müharibələrə meydan olan Qarabağ bölgəsi və ona bitişik ərazilər 1990-cı illərdə baş verən müharibə nəticəsində işğal olunmuşdu. Ermənilər və ermənipərəst dövlətlər tərəfindən Ermənistanın bir hissəsi kimi göstərilməyə çalışılan Qarabağ münaqişəsi həm regional sabitlik, həm də regional təhlükəsizlik baxımından böyük problemə çevrilmişdi. Bu səbəbdən Qarabağ probleminin həlli son dərəcə strateji vacib məsələ kimi Azərbaycanın qarşısında dayanmışdı.

Ermənistanın təxribatlarına cavab olaraq əks-hücumla başlayan hərbi əməliyyatların Zəfərlə yekunlaşması postsovet məkanının ən qanlı və faciəli hadisələrindən biri olan münaqişəyə son qoydu. Bu Qələbənin qazanılması onilliklər boyu davam edən dövlət quruculuğunun, müasir dünyanın ən yaxşı ordularından birinin yaradılması nəticəsində mümkün oldu. Keçmiş SSRİ-dən qalmış ağır sosial-iqtisadi mirası səmərəli şaxələndirilmiş iqtisadi islahatlar sayəsində aradan qaldıran və dövlət problemlərinin həllinə uyğunlaşdırılmış siyasi sistem yaradan Azərbaycan rəhbərliyi 44 gündə misilsiz qələbə qazandı: “Ona görə misilsiz qələbədir ki, Azərbaycan təkcə Qarabağ separatçılarını və erməni qoşunlarını deyil, həm də son 200 ildə qondarma “Artsax” layihəsini mifik “yaradılış”ın yaradılması üçün ilkin şərt kimi bəsləyən dünya ermənilərinin “dənizdən dənizə böyük Ermənistan” layihəsini dənizdə batırdı. Eyni zamanda, Azərbaycanın Qələbəsi müasir tarixdə epoxal əhəmiyyətlidir. Lakin heç bir siyasi manipulyasiyalara yol verməyəcəyini vurğulayan Azərbaycan ərazi bütövlüyünün bərpasına mane olacaq istənilən cəhdin qarşısını alacağını çəkinmədən dünyaya bəyan etdi.

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Qələbəmizin möhtəşəm simvoluna çevrildi. Bu parad sadəcə bir hərbi ritual deyildi, bu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qələbə təntənəsi idi.

Zəfər Günündə abadlaşan Kəlbəcər, yenidən qurulan Şuşanın ardınca, ermənilərin separatizm yuvasına çevirib qaçdıqları Xankəndidə belə bir tədbirin yüksək səviyyədə keçirilməsi ilə cənab Prezident İlham Əliyev bir daha dünyaya dövlətin və xalqın mənafeyi naminə güc nümayişinin də, abadlıq-quruculuq işlərinin də ən mükəmməl örnəyinə müəlliflik etdiyini göstərdi. Eyni zamanda, uzun müddət hərbi xunta rejiminin yuvasına çevrilən Xankəndidə qalib ordunun Zəfər paradı bütün anti-Azərbaycan qüvvələri üçün ərazi bütövlüyümüzün yekun möhürü oldu. “Dövlətimizin başçısının Xankəndi paradında çıxışı, səsləndirdiyi bəyanatlar bizə bir daha qalibiyyətin, yenilməzliyin qürurunu yaşatdı. Biz belə Azərbaycan, belə lider arzulamışdıq. Azərbaycan lideri cənab İlham Əliyev həm Prezident, həm də Ali Baş Komandan kimi Zəfər Gününə daha bir zəfər, bayram əlavə etdi. Onun Azərbaycan naminə dövlət və xalq sevgisi ilə yürütdüyü milli siyasət gələcək yüksəlişlərin və qələbələrin təminatıdır.

Emilya Rəhimova Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı