Azərbaycan idmançıları Rusiya-Ukrayna münaqişəsinə görə Dünya Super Kubokuna gedə bilmir

Beynəlxalq Sambo Federasiyası (FIAS) Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsinə əsasən Rusiya və Belarusda keçirilməli olan bütün idman yarışlarını qeyri-müəyyən müddətə təxirə salıb.
25-26 mart tarixlərində Rusiyanın paytaxtı Moskvada kişilər, qadınlar, döyüş sambosu, kor və zəif görən kişi idmançılar arasında “Sambo Yaradıcılarının Memorialı” adlı Dünya Super Kuboku keçirilməli idi.
Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədovun Oxu.Az-a verdiyi xəbərə görə, bu yarışda bizim idmançılar da mübarizə aparmalı idilər və hətta idmançılarımızın siyahısı da verilmişdi. Ancaq təxirəsalınmaya görə, idmançılarımızın ora səfəri baş tutmayacaq.
Qeyd edək ki, 27-29 may tarixlərində Rusiyanın Yekaterinburq şəhərində Avropa çempionatı da keçirilməlidir.
Onu da bildirək ki, FIAS-ın prezidenti rusiyalı Vasili Şestakovdur. Avropa Sambo Federasiyasının prezidenti isə rusiyalı Sergey Yeliseyevdir.