Azərbaycan gənci nə qədər yüksək keyfiyyətlərə malik olduğunu bütün dünyaya göstərir

Könüllülərimizin ekofəalların keçirdiyi aksiyada və qardaş Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə humanitar yardımların göstərilməsində fəallığı onların vahid niyyət ətrafında sıx birləşmək bacarıqlarının təqdimatıdır
Könüllülük və xeyirxahlıq ənənələri xalqımızın əsrlərin sınağından çıxmış milli-mənəvi dəyərlər sistemində xüsusi yer tutur. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin xeyir-duası ilə ötən əsrin 90-cı illərindən ölkəmizdə vüsət almağa başlayan könüllülük hərəkatı məhz həmin dəyərlər zəminində genişlənərək yeni məna və məzmun kəsb etmişdir. Vətəndaşın, cəmiyyətin və dövlətin birgə fəaliyyətini təcəssüm etdirən könüllülük bu gün də gənclər siyasətimizin mühüm istiqamətlərindəndir. 2020-ci ilin respublikamızda “Könüllülər İli” elan olunması Azərbaycan dövlətinin könüllülər hərəkatına nə dərəcədə böyük əhəmiyyət verməsinin təzahürüdür. Dövlət başçısı İlham Əliyev ötən il Azərbaycan könüllülərinin V həmrəylik forumunun iştirakçılarına təbrikində bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki, müharibədə qazandığımız parlaq Zəfərdən sonra ölkəmiz üçün artıq yeni dövr başlamışdır. Xalqımız müharibə meydanında nümayiş etdirdiyi hünəri azad olunmuş torpaqlarımıza həyatın yenidən qaytarılmasına yönələn genişmiqyaslı abadlıq-quruculuq və bərpa işlərində göstərir. Bu inam ifadə olunmuşdur ki, könüllülər bütün qüvvə və bacarığınızı səfərbər edərək Böyük Qayıdışın uğurla gerçəkləşdirilməsi prosesində də ön sıralarda dayanacaqlar.
Bu gün həyatımızın hansı sferasına diqqət yetirsək könüllülərin fəallığının şahidi olarıq. Gənclərimizin potensialından səmərəli istifadə prioritet məsələlər sırasındadır. Gənclərimiz böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir. İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər sübut edir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Məhz bu keyfiyyətlərə söykənərək belə bir inam ifadə olunur ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq. 2007-ci ilin ölkəmizdə «Gənclər İli», 2020-ci ilin «Könüllülər İli» elan edilməsi dövlətin gənclərə diqqət və qayğısının göstəricisidir. Prezident İlham Əliyev gənclərin iqtisadiyyatın müxtəlif sahələrində işləməsini, dövlət strukturlarında irəli çəkilməsini, bütün dövlət təşkilatlarına könüllülərin cəlb olunmasını tövsiyə edib. Bu tövsiyədən irəli gələrək müxtəlif dövlət qurumlarına könüllülərin cəlb olunmasına start verildi. Bu gün ölkəmizdə «Gənc könüllülər», «ASAN könüllüləri», «Tələbə-Könüllülər», eyni zamanda, müxtəlif qurumlarda könüllülər dəstəsi uğurla fəaliyyət göstərirlər. Bu sadalananların fonunda Azərbaycanda könüllülük hərəkatının inkişafını, xüsusən gənclərin fəaliyyətində geniş yer aldığını böyük inamla qeyd edə bilərik. Könüllülük fəaliyyəti gənclərin dövlətçilik işində rolunu artırmaqla yanaşı, onların gələcəkdə fəaliyyətlərini daha da genişləndirmələrinə müəyyən imkanlar yaradır, təcrübə əldə etmələrinə və özünə inam yaratmalarına səbəb olur. Görünən odur ki, könüllülük fəaliyyəti Azərbaycanda geniş yayılaraq cəmiyyətimizin bütün sferalarını əhatə edib. Ölkəmizdə bu fəaliyyətin inkişafına göstərilən yüksək diqqət və qayğı, əldə olunan nailiyyətlər və könüllülərin xidmətləri onu deməyə əsas verir ki, önümüzdəki illərdə Azərbaycanda könüllülər hərəkatı daha da böyük uğurlar qazanacaq.
Dövlət başçısı İlham Əliyevin çıxışlarının mahiyyətində dayanan əsas məsələlərdən biri gənclərimizin milli ruhda tərbiyə olunması, keçmişi öyrənmək və gələcəyə bu prinsiplər əsasında addımlamaq çağırışıdır. Əbəs yerə deyilmir ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Azərbaycan zəngin tarixi, milli-mənəvi dəyərləri, ənənələri ilə dünyada tanınır, böyük nüfuz qazanır. Azərbaycan xalqı, həmçinin əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
Ölkəmizdə könüllülər hərəkatının inkişaf etdirilməsi də gənclərə diqqət və qayğının tərkib hissəsidir. Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verirlər. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, könüllülük hərəkatı “ASAN xidmət”dən başlayıb. Azərbaycan brendi kimi dünyaya səs salan «ASAN xidmət», DOST mərkəzlərində könüllülərin çoxluq təşkil etməsi diqqətdən yayınmır. Hər zaman yeni «ASAN xidmət» mərkəzləri istifadəyə veriləndə dövlət başçısı İlham Əliyevin könüllülərlə görüşü keçirilir. Ölkə Prezidenti bildirir: “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması, əslində, Könüllülər hərəkatına da təkan vermişdir. Ancaq ondan sonra Könüllülər hərəkatı və könüllülərin fəaliyyəti çox geniş vüsət almışdır. Ölkəmizdə keçirilmiş mötəbər beynəlxalq yarışlarda, o cümlədən Birinci Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında könüllülər çox fəal rol oynamışlar və bu oyunların uğurla keçirilməsində böyük dərəcədə öz xidmətlərini göstərmişlər. Mən görürəm ki, indi Könüllülər hərəkatı və könüllülərin fəaliyyəti daha genişmiqyaslıdır.» Ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsində də könüllülərin fəaliyyəti çox önəmlidir. Təsadüfi deyil ki, mötəbər beynəlxalq təşkilatlar, o cümlədən BMT və digər qurumlar həm “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinə, həm də Azərbaycanda yaranmış və inkişaf edən Könüllülər hərəkatına yüksək qiymət verirlər.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın könüllülük hərəkatının inkişafına töhfələri də davamlılığı ilə diqqət çəkir. “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar” fikirləri ilə fəaliyyətinin ümumi mənzərəsini yaradan Mehriban xanım Əliyeva bir tərəfdən humanizm, mərhəmət, xeyriyyəçilik və qayğıkeşliyi özündə ehtiva edir, digər tərəfdən Heydər Əliyev Fondunun prezidenti kimi elm, ədəbiyyat, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən yüzlərlə dəyərli layihənin, mədəni irsimizin qorunması və beynəlxalq arenada təbliği proqramlarının müəllifidir. 2017-ci ilin fevralından isə Azərbaycanın Birinci vitse-prezidenti kimi təkmil islahatlarla, mühüm addımlarla davamlı inkişafa, gələcəyimiz kimi dəyərləndirilən gənclərin öz potensial imkanlarını ortaya qoymalarına öz töhfəsini verir.
İki ildən artıqdır ki, tarixi Zəfərimizin reallıqlarından bəhs edirik. 44 günlük İkinci Qarabağ müharibəsində möhtəşəm Qələbəmiz Azərbaycan gənclərinin torpaq, Vətən sevgisinin təqdimatı oldu. Gənclərimiz həm ön, həm də arxa cəbhədə əsl vətənpərvərlik nümayiş etdirdilər. Canları, qanları ilə tarix yazan gənclərimizin həyat yolu bir vətənpərvərlik məktəbidir. Gənclərimiz İKT-nin imkanlarından səmərəli istifadə edərək həqiqətlərimizin təbliğinə böyük töhfələr verməklə yanaşı, “Vətən mənə oğul desə nə dərdim”, həmçinin “Torpaq, əgər uğurunda ölən varsa, Vətəndir” kimi prinsipləri önə çəkərək dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin «İrəli!» əmrini böyük ruh yüksəkliyi ilə dəyərləndirərək silaha sarılıb 44 gündə 30 ilin işğalına son qoydular, tarixi ədaləti bərpa etdilər. Ümummilli lider Heydər Əliyevin vaxtilə söylədiyi proqram xarakterli “Gənclərimizi necə tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır” tezisi bütün dövrlərdə öz aktuallığını qoruyur.
Hər zaman dövlətimizin gənclər siyasətindən bəhs edərkən Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumunun ənənəvi keçirilən iclaslarının birində ona ünvanlanan “Mərkəzi Asiya əhalisinin üçdəbir hissəsinin yaşı 15-dən aşağıdır. Yəni əhalinin üçdəbir hissəsinin 15 yaşı tamam olmayıb. Dünyanın digər hər bir qitəsində gənclərə nəzər salsaq, biz onları küçələrdə görmüş olarıq, onlar öz səslərinin daha çox eşidilməsini tələb edirlər, onlar daha çox səsə malik olduqlarına öyrəşiblər. Siz də indi qeyd etdiniz ki, ölkənizdə gənclərin sayı çoxdur. Bəs, onlar küçəyə çıxsa və daha çox səs tələb etsə, Siz onlara nə deyərdiniz” sualına cavabını xatırlatmağı özümüzə borc bilirik. Dövlət başçısı İlham Əliyev bildirmişdir ki, biz onların nə istədiklərini dinləyərdik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, universitetlərdə, məktəblərdə, startap biznesindədir. Nəhəng Könüllülər hərəkatına başlanılıb və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. “Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir” söyləyən ölkə Prezidenti qeyd etmişdir ki, onları həyat qane etmir, hökumətə olan etimadı itib. Hökumət hakimiyyətə gəlmək üçün populist şuarlardan istifadə etmiş, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməmişdir. Azərbaycanda həmişə sözümüzə əməl edirik: “Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır.”
Cənab İlham Əliyev Azərbaycan könüllülərinin V həmrəylik forumunun iştirakçılarına müraciətində də bu məqamı xüsusi qeyd etmişdir ki, ölkəmizdə hazırda sistemli və dinamik inkişaf edən könüllülük hərəkatı mövcuddur. Könüllülərin sosial sahədə, ictimai xidmətlər sektorunda töhfəsi aydın hiss olunur. Onlar cəmiyyətin maraqları naminə təmənnasız fəaliyyət göstərərək müxtəlif mədəni tədbirlərin, idman yarışlarının, ekoloji və sosial aksiyaların, təbliğat və maarifləndirmə kampaniyalarının uğurla keçirilməsində, dövlət xidmətlərinin vətəndaşlara çatdırılmasında yaxından iştirak edirlər.
O da məlumdur ki, iki aydan artıqdır ekofəallar Laçın-Xankəndi yolunda aksiya keçirirlər. Bu aksiya da ölkəmizdə könüllük hərəkatının yüksək səviyyədə olduğunu təsdiqləyir. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına etirazlarını bildirirlər. Dövlət başçısı İlham Əliyev bu ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsi zamanı ünvanlanan «Cənab Prezident, artıq bir aydır ki, azərbaycanlı ekofəallar Laçın-Xankəndi yolunda şaxtaya, soyuğa, qara baxmayaraq etiraz aksiyası keçirirlər. Bütün Azərbaycanın ürəyi, belə desək, hazırda Laçın yolunda döyünür. Bu aksiya iştirakçılarının əksəriyyəti gənclərdir. Siz onlara nə demək istərdiniz» sualına cavabında bildirmişdir: «İlk növbədə, o gənclərə “Eşq olsun!” demək istəyirəm, onlar bizim fəxrimizdir. Qeyd etdiyiniz kimi, gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər. Bunun, necə deyərlər, bir addımlığında separatçılar dünyaya tamamilə yalan informasiya ötürməklə məşğuldurlar… Bizim haqlı tələblərimiz var və bu aksiyanın tarixçəsini də indi hər kəs bilir.»
Bu gün könüllərimizin fəallığını qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdən zərərçəkənlərə humanitar yardımların göstərilməsində də görürük. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, böyük bir qrup könüllü artıq qardaş Türkiyədədir. Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən könüllülər və “ASAN könüllüləri” müəyyən təcrübəyə malikdirlər və onlar öz bacarıqlarını əsirgəmirlər. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəsmi instaqram səhifəsində Türkiyədəki zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı paylaşımında qeyd etdiyi kimi, hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyiniz dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur.