23 Dekabr 2024

Azərbaycan-Ermənistan barışığında Qərb, yoxsa Rusiya daha çox maraqlıdır? – Ekspertlər deyir ki….

Azərbaycan və Ermənistan arasında sülh prosesində, nəhayət, buz sınıb. “Brüssel formatı” işə düşüb və belə görünür, bu, daha effektiv bir danışıq formatı olacaq. Çünki ilk növbədə tərəflər arasında birbaşa, ikitərəfli təmasları özündə ehtiva edir. Artıq Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ilk birbaşa telefon danışığı da olub.

Lakin narahatlıq ondadır ki, Rusiya bu formata qısqanclıqla yanaşır. Yəqin, o səbəbə ki, iki ölkənin barışığı Rusiyanın regionda hərbi mövcudluğunu əhəmiyyətsiz edəcək. Qərbin isə belə bir əndişəsi yoxdur. Əksinə, Qərb elə Rusiyanın bölgədəki hərbi mövcudluğunun bitməsinə çalışır. Hərçənd iki gün öncə Rusiya XİN rəsmisi Mariya Zaxarova deyib: “Biz ondan çıxış edirik ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının əsasını Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında 2020-ci ilin sonu və 2021-ci il ərzində əldə edilmiş üçtərəfli razılaşmalar təşkil edir”.

Bəllidir ki, həmin üçtərəfli sənədlərdə heç bir status söhbəti yoxdur. Yəni prinsipcə bu anlaşmalar da rəsmi Bakını tam qane edir. O ayrı məsələ ki, Moskva imzaladığı sənədlərə sadiq qalacaq ya yox. Bu xüsusda bir sual aktuallığını saxlayır: Azərbaycanla Ermənistanın barışığında daha çox Qərb, yoxsa Rusiya maraqlıdır? Yəni, biz ən çox Kremlə, yoxsa Brüsselə, Parisə, Vaşinqtona güvənməli, etibar eləməliyik?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, həqiqətən də görünən odur ki, Avropa İttifaqı tərəfsiz mövqe nümayiş etdirir, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasında maraqlıdır: “Nəzərə alaq ki, 44 günlük müharibədən sonrakı dövrdə Rusiyanın da iştirakı ilə aparılan görüşlərdə və qəbul olunan sənədlərdə də bölgədə sülhün təmin olunması və bu istiqamətdə işin aparılması tövsiyə olunurdu. Amma real sülh sazişinə hazırlığın başlanmasını biz məhz 2021-ci ilin dekabrın 14-15 tarixlərində Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti və Ermənistan baş naziri ilə təkbətək və üçtərəfli görüşü, daha sonra Fransa Prezidentinin də bu görüşə qoşulmaqla dördtərəfli formatda alınan görüşlərdən sonra müşahidə etməyə başladıq. Son görüş isə bu il aprelin 6-da Brüsseldə keçirildi və bu görüşdən sonra həqiqətən də sülh prosesində ciddi addımların atıldığının şahidi olduq. Diqqətçəkən odur ki, Brüssel görüşü və əldə olunan razılaşamlar barədə verilən rəsmi açıqlamalarda Rusiyanın iştirakı ilə aparılan danışıqlarda və konkret olaraq Soçi görüşündə əldə edilən razılaşmaların da dəstəkləndiyi bildirilir. Yəni burada Rusiyanın kənara qoyulmadığı mesajı verilir. Bizim üçün önəmli odur ki, bölgədə sülh olsun və Ermənistanla Azərbaycan arasında başlanmış danışıqlar real müsbət nəticə ilə sonlansın, sülh sazişi imzalansın. Sülh sazişinin imzalanması isə dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanıması, bir-birinə qarşı ərazi iddialarından əl çəkməsi, bir-birinin suverenliyinin tanınmasını da özündə ehtiva edir.

Azərbaycanın irəli sürdüyü 5 şərt Ermənistan tərəfindən hazırda qəbul olunduğu açıqlanıb. Bu şərt də beynəlxalq hüquqa söykənən şərtlərdir. Ermənistanın bunu qəbul etməsi önəmlidir. Belə görünür ki, Ermənistan sülhə getmək istəyir. Amma niyə məhz indi istəyir? Təşəbbüsün Avropa İttifaqı tərəfindən ələ alınması və Rusiyanın da özünün etiraf etdiyi kimi ATƏT-in Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrlərinin Rusiya ilə bu qrupda əməkdaşlıqdan imtina etməsi Ermənistanın mövqeyinə təsir göstərən amillərdəndir. Rusiya artıq ayrıca dövlət olaraq sülh sazişi məsələsində rolunu qabartmaq üçün və “mənsiz bu məsələ həll edilməz” deyə ara-sıra Mariya Zaxarovanın dili ilə bəyanatlar verir”.

Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq?!

Çingiz Qənizadə

Ç.Qənizadə qeyd etdi ki, bizim üçün təşəbbüsün kimdən gəldiyinin fərqi yoxdur, bizim üçün əsas odur ki, bölgədə sülh yaransın, Ermənistanla sülh sazişi imzalansın: “Hazırda görünən budur ki, Avropa İttifaqı sülh sazişinin imzalanmasında daha çox maraqlıdır. Müəyyən qədər də ABŞ-ın istəyinin olduğu sezilir. Görünür, Qərb Rusiyanı sıxışdırmaq, təşəbbüsü öz əlinə almaq və sülhə nazil olmaq istəyir. Amma burada Azərbaycan dövləti olduqca ağıllı və düşünülmüş siyasət yeritdiyi kimi bundan sonrakı dövrdə yenə də ehtiyatlı olmalıdır. Çünki Rusiya çox da hələlik səmimi qəlbdən bölgədə sülhün təmin olunmasında maraqlı görünmür. Biz Rusiyanı da incitmədən Avropa İttifaqında əldə olunan razılaşmalar istiqamətində çox ehtiyatla sülhə doğru irəliləməliyik”.

Anar Əliyev: "Paşinyan anlayır ki..."

Anar Əliyev

Politoloq Anar Əliyev isə bildirdi ki, Azərbaycan dövlətinin apardığı davamlı, ardıcıl və nəticə yönümlü siyasətin yekunu olaraq Ermənistan tərəfi də Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində işlərin həyata keçirilməsinə məcbur qalıb: “Bu prosesin artıq Cənubi Qafqazda davamlı sülhün əldə olunmasına alternativsizliyi qəbul etdirməkdə olduğu görünür. Son zamanlar Avropa İttifaqı tərəfindən səslənən mesajlar, təşəbbüslər, eyni zamanda Rusiya tərəfindən gərgin davamlı diplomatik trafik onu deməyə imkan verir ki, hər iki tərəf Ermənistanla Azərbaycan arasında münsaibətlərin tənzimlənməsi və Cənubi Qafqazdakı proseslərin normallaşması istiqamətindəı özünün aparıcı rolunu daha çox qabartmağa çalışır. Təbii ki, burada önə çıxan vacib suallardan biri Azərbaycan dövlətinin və xalqının bu tərəflərdən hansına daha çox etibar edə biləcəyi ilə bağlıdır. İndiki vəziyyətdə Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəsin yenidən aktiv münaqişə mərhələsinə keçməsi Rusiya dövlətinin maraqlarına xidmət etmirsə, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması da bir o qədər Rusiyanın maraqlarına xidmət etmir. Əks halda Rusiyanın Cənubi Qafqazda iştirakçılığına, xüsusilə də hərbi iştirakçılığına ehtiyac aradan olur. Bu baxımdan hesab edirəm Rusiya daim çalışacaq ki, mümkün qədər Cənubi Qafqazda proseslərin tam tənzimlənməsi və münaqişələrin tam aradan qalxması baş verməsin”.

A.Əliyevin sözlərinə görə, Avropa dövlətləri və ABŞ-ın da öz maraqları var: “Onlar, xüsusilə ABŞ Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində yekun razılaşmanın əldə olunması və iki dövlət, iki cəmiyyət arasında etimad mühitinin formalaşmasında o qədər də maraqlı deyil. Onların burada iqtisadi maraqlarınıln qorunması vacib şərtdir. Bunun üçün sabitlik əsas göstərici kimi qəbul edilir. Amma eyni zamanda Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi nəticə etibarilə Ermənistanın Azərbaycan və Türkiyənin daha çox nəzarəti altına keçmə riskləri yaradır ki, bu da qətiyyən Fransanın, ABŞ-ın maraqlarına xidmət etmir. Ona görə də sülh sazişinin imzalanmasına imkan versələr də, mümkün qədər iki dövlət arasında münasibətlərin tam sona qədər bərpasında maraqlı olmayacaqlar. Azərbaycan dövləti daha çox öz gücünə, öz siyasətinə və Türkiyə ilə koordinə olunmuş fəaliyyətə əsaslanmalıdır”.