Azərbaycan dövlət dil siyasətinin müəyyənləşməsi Ulu Öndər Heydər Əliyevin fəaliyyətində müstəsna əhəmiyyət daşimişdir

Tarix göstərir ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun sürə bilməmişdir. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu. Tam qətiyyətlə demək olar ki, ulu öndər Heydər Əliyevin keçən əsrin 70-80- ci iilərində yeritdiyi fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış,milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və fəal iştirakı ilə 1995-ci il oktyabrın 31-də Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı keçirilən gərgin və tam demokratik müzakirələr nəticəsində Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı.Həmin il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasınının Dövlət dili kimi təsbit olundu.
Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi yolunda möhtərəm Heydər Əliyevin başladığı müqəddəs milli mücadilənin tarixi bir qərinədən çox davam etmişdir. Milli tariximizə Heydər Əliyev epoxası kimi daxil olmuş 1969-2003-cü illərdə Azərbaycan dilinin hərtərəfli inkişafı yalnız rəsmi sənədlərdə deyil, sözün həqiqi mənasında, gündəlik həyatda, təcrübədə ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması, beynəlxalq aləmin çox mötəbər məclislərinin kürsülərindən eşidilməsi ulu öndərimizin ana dilimizin inkişafına, onun sosial-siyasi və mədəni həyatda layiqli yer tutmasına göstərdiyi qayğı və diqqətin,son dərəcə dəqiq, düşünülmüş və uzaqgörən dil siyasətinin nəticəsində mümkün olmuşdur.
Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin keçmişin buxovlarından azad olunması, xalqın qan yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsinə, real siyasi amilə çevrilməsinə nail olunmasıdır.
Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirmişdir: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”.
Ulu öndər gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət görürdü. Azərbaycan gənclərinə xarici dilləri – ingilis, alman, fransız, çin və s. dilləri öyrənməklə, ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edirdi.
XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır.Azərbaycan dilinin keşiyində durmaq Ulu Öndər Heydər Əliyevin fəailiyyətinə çevrilmişdir.
Həsən Şirinov – Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.