21 Noyabr 2024

Azərbaycan birlik, həmrəylik, əməkdaşlıq çağırışları ilə dünyanın diqqətindədir

Gözəl günlər hələ qarşıdadır

Prezident İlham Əliyev 10 yanvar 2023-cü il tarixdə yerli televiziya kanallarına müsahibə verərkən bildirmişdir: Bütün keçmiş köçkünlər dədə-baba torpaqlarına qayıdacaq. Laçında hazırda yüzlərlə ev yenidən qurulur, təmir edilir, o cümlədən ictimai binalar. Bununla paralel olaraq, bir çox kəndlərdə artıq inşaat işləri başlanıb. Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İndi Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlamışıq. Bir neçə kəndin təməli qoyuldu. Yəni, 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq.

İnfrastruktur olmadan insanları köçürmək mümkün deyildi. Elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olundu. Bütün Qarabağ və Şərqi Zəngəzur vahid bir enerji şəbəkəsinə qoşuldu. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edildi və onların generasiya gücü təqribən 55 meqavata yaxındır. Hazırda 7 stansiyanın inşası gedir və bütövlükdə orada 50-yə yaxın su elektrik stansiyası yaradılacaq. Bu il Cəbrayılda Günəş Elektrik Stansiyasının inşasına başlamalıyıq.

Əkin işləri. Müharibədən dərhal sonra göstəriş verildi ki, ərzaq təhlükəsizliyini təmin etmək üçün vaxt itirmədən işlərə başlayaq. Təqribən 60 min hektarda taxıl səpini aparılmışdır.

Sənaye parkların şəbəkəsi inkişaf edir. Ağdam Sənaye Parkında artıq 40 milyon manatlıq, Cəbrayıl Sənaye Parkında 10 milyonluq investisiya layihələri təsdiqləndi. Yəni, bunlar o bölgələr üçün kifayət qədər böyük məbləğdir. Müraciət edənlərin sayı kifayət qədər çoxdur. Mindən çox kiçik sahibkar müraciət edib, bütün müraciətlərə baxılır.

İki min kilometrdən çox avtomobil yolu salınır, körpülər tikilir. Körpülərin sayı 100-dən çox olacaq. Təsdiq edilmiş layihələr çərçivəsində 50 kilometr uzunluğunda tunellər çəkilir.

Dövlətimizin siyasəti həmişə əməkdaşlığa hesablanıb. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanır. Azərbaycanın həm Qarabağ məsələsində haqlı olduğunu artıq dünyanın aparıcı qüvvələri  qəbul etdilər, həm də  tərəfdaşlıqda  ölkəmizin sözlə əməl birliyini əsas götürməsi beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Azərbaycan atdığı hər addımında ədaləti, beynəlxalq hüququ önə çəkməklə yanaşı, yalnız özünü deyil, digər ölkələri də düşünərək birgə səylərin göstərilməsinə çağırışlar edir. Azərbaycan birlik, həmrəylik, əməkdaşlıq çağırışları ilə dünyanın diqqətindədir. Dövlət başçısı İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılması ilə bağlı təklifi də mühüm məqamlara işıq salır. Azərbaycan 30 ilə yaxın dövrdə dünyadan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrası ilə bağlı işğalçı Ermənistana sanksiyaların tətbiqini gözlədi. Amma təəssüf ki, bu qətnamələr 30 il kağız üzərində qalaraq saraldı. Lakin elə vaxtlar da oldu ki, Azərbaycan bu tipli qətnamələrin 1-2 saat ərzində icrasının şahidi oldu. BMT qətnamələrinin icrası üçün vahid mexanizmin olmaması, onların zamana və məkana görə tətbiqi birmənalı qarşılana bilməz. BMT Təhlükəsizlik Şurasının üzvlərindən üçü, eyni zamanda, artıq arxivə atılmış, keçmiş ATƏT-in Minsk qrupunun həmsədrləridir. 30 illik işğal dövrünün reallıqları dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı vəziyyətin aydın mənzərəsini yaradır.

Nəsimi Hacıyev

YAP Ağstafa rayon təşkilatı “RİH Aparatı” Ərazi Partiya Təşkilatının sədr müavini