23 Dekabr 2024

Azərbaycan bankları AFAD-a ianələrlə bağlı qərar qəbul edib

Fevralın 13-də Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə növbədənkənar iclası keçirilib.

APA xəbər verir ki, iclas zamanı 6 fevral tarixində qardaş Türkiyə Respublikasında çoxsaylı insan itkisinə və dağıntılara səbəb olmuş zəlzələnin nəticələrinin aradan qaldırılmasına ABA üzvləri tərəfindən əlavə dəstək göstərilməsi növbəti dəfə müzakirə edilib.

Bildirilib ki, müzakirələr zamanı, ABA üzvlər tərəfindən qardaş ölkədə yaradılmış xüsusi fonda (Afet ve Acil Durum – AFAD) ianələr edilməsinə başlandığı qeyd olunaraq, bütün üzvlərin bu prosesə qoşulmasının vacibliyi vurğulanıb. İclasın sonunda ölkəmizin bank icmasının qardaş Türkiyə xalqına hər zaman dəstək verməyə hazır olduğu bəyan edilib və ABA üzvləri tərəfindən AFAD-ın hesabına ianələr edilməsi barədə yekdilliklə qərar qəbul olunub.

Xatırladaq ki, 8 fevral 2023-cü il tarixində ABA Rəyasət Heyətinin geniş tərkibdə növbədənkənar iclası zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə, bank icması, baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən AFAD-a ölkə bankları vasitəsilə ianələr şəklində dəstək göstərilərkən bank komissiyalarının tutulmayacağı qərara alınıb.

Əlavə olaraq qeyd edək ki, ABA-ya üzvü olan “Ziraat Bank Azərbaycan” ASC və “YapıKrediBank Azərbaycan” ACS tərəfindən AFAD-da müvafiq hesablar açılıb.