22 Dekabr 2024

“Azad edilmiş ərazilərdə ovçuluq qadağan edilməlidir”

Ekspert: “Ov etməyi qadağan etmək mümkün deyil, bu ənənələr bütün dünyada mövcuddur”

Ərəb turist ovçuları ilə son insidentdən sonra nadir heyvan və quş növlərinin qorunması, ətraf mühitə qayğı göstərilməsi xüsusilə aktual bir mövzu halına gəldi.

Ölkəmizdə Qırmızı Kitaba düşmüş növlər daxil olmaqla heyvanlar aləminin 18 min nümayəndəsi var. Bunlardan Yaşayış arealı Azərbaycan olan nəsli kəsilməkdə olan və ya kritik təhlükə altında olan 14 növ məməli, 36 növ quş, beş növ balıq, 13 növ amfibiya-sürünən və 40 növ həşərat daxildir. Onları ovlamaq qətiliklə qadağandır, lakin son hadisələrin bir daha göstərdiyi kimi, qanun heç də hər kəs üçün yazılmayıb.

Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin sədri Zurab İsrafilov Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçirilən onlayn mətbuat konfransında nadir fauna növlərinin qorunması üçün nələrin edilməsi lazım olduğunu, həmçinin azad edilmiş torpaqlarda ekoloji vəziyyətdən danışıb.

Məlumat üçün: Azərbaycan Təbiəti Mühafizə Cəmiyyəti 1967-ci ildə akademik Həsən Əliyev tərəfindən təsis edilmişdir və 1992-ci ilə qədər bir milyon yarım üzv var idi.

İsrafilovun sözlərinə görə, Cəmiyyət Ekologiya Komitəsindən daha çox səlahiyyətə sahib olan ən böyük ictimai təşkilat idi. Ancaq indi də Cəmiyyət əlini ətraf mühitin nəbzində saxlayır – ölkə daxilində monitorinqlər, ağac əkmə kampaniyaları aparır.

Qaxda Qırmızı Kitabda ərəblərin quş ov etməsi məsələsinə gəldikdə, ekoloq onların ədalətli mühakimə olunduğunu və əlindəki məlumata görə, onları müşayiət edən şəxslərin də məsuliyyətə cəlb olunduğunu vurğuladı.

“Ov etməyi qadağan etmək mümkün deyil, bu ənənələr bütün dünyada mövcuddur. Ancaq ovçular gələndə onlara peşəkarlar bələdçilik etməlidir. Turistlər quş ovlayırsa, onları ornitoloqlar müşayiət etməlidir. Turistlərin hansı quşu ovlamaq və hansını ovlamağın qadağan edildiyini bilmələri lazımdır. Nəzarəti gücləndirmək lazımdır və söhbət təkcə qonaq gələn turistlərdən deyil, bəzən sadəcə əyləncə üçün çox quş öldürən yerli sakinlərdən gedir”, – deyə o bildirdi.

Ekoloq, quşların populyasiyasının ehtimal ki, atmosferə zərərli tullantılar səbəbindən çox azaldığını vurğuladı: “Bu tendensiya bütün dünyada baş verir və onlarla daha diqqətli olmalıyıq. Ov mövsümünə gəlincə, ölkəmizdə 1 iyun tarixində başlayır və fevral ayının sonunda bitir. Quşlar, heyvanlar, balıqların artımı mövsümündə ovçuluq qadağandır”.

Ekoloqa görə, kvotaların ölçüsünü nəzərə almaq vacibdir. Məhz bu kvotalara görə, ovçulara neçə quş vurulmasına icazə verildiyini göstərən lisenziyalar verilir.

O, azad edilmiş torpaqların ekoloji problemlərinə diqqət çəkərək, bu problemin ölkənin digər ərazilərindən daha qlobal olduğunu bildirdi: “Erməni işğalçıları çox sayda meşəni məhv etdilər. Zangilan bölgəsində 120 hektarlıq meşə sahəsini praktik olaraq məhv etdilər. O meşə Qırmızı Kitaba daxil edilmiş şərq çinar ağacından ibarət təbii bir meşə idi. 200 yaşında və 50 metr hündürlüyündə ağaclar var idi. Ermənilər onları məhv etməklə dövlətimizə çox böyük ekoloji ziyan vurdular. İşğalçılar tərəfindən meşələrin məhv edilməsi, meşə sahələrinin yandırılması çox sayda heyvan və floranın ölümünə səbəb oldu. Meşələrin 50-60% -i məhv edildi, özü də əsasən qiymətli növlər olan meşələri. Meşələrin bərpası ən azı iyirmi il çəkir. Biz azad edilmiş torpaqlarda böyük bir konsepsiya hazırlayırıq.

İndi azad edilmiş ərazilərdə, eləcə də bütün ölkədə IDEA-nın təşəbbüsü ilə ağaclar əkilir. Meşələr tədricən özlərini bərpa edəcəklər, üstəlik meşələrin bir hissəsi qorunub saxlanılıb. Ancaq önümüzdəki 20-30 ildə bu zonada ovlanmanın qadağan edilməsi vacibdir və düşünürəm ki, belə də olacaq. Bu yerləri göz bəbəyi kimi qoruyacağıq”.

Ekspert, Ermənistan tərəfindən transsərhəd çayların çirklənməsi məsələsinə də toxunaraq, Zaqafqaziyanın Regional Ekoloji Mərkəzinin və Ekologiya Nazirliyinin bu məsələ ilə məşğul olduğunu qeyd etdi.


İsrafilovun sözlərinə görə, ekologiya dövlətin diqqət mərkəzindədir, bu sahə ilə məşğuldurlar, mütəxəssisləri işə cəlb edirlər. O, mövcud problemlərin tədricən həll olunacağına əminliyini ifadə etdi.

Müəllif: Elya Belskaya