23 Dekabr 2024

Azərbaycan və Türkiyə bir daha savaş mesajı verdi: Ermənistan növbəti müharibəyə hazırdırmı?

“Qış təlimləri – 2021” Azərbaycan və Türkiyənin hərbi-siyasi cəhətdən “savaşa hazırıq” xəbərdarlığıdır; Revanşa can atan Ermənistan “Yay təlimləri – 2020” mesajına da əhəmiyyət verməmişdi və biabırçı məğlubiyyətə uğramışdı, bu dəfə isə nəticə daha faciəvi ola bilər…

Dünyada təkbaşına qalan dövlətlərin müəyyən uğursuz proseslər yaşaya biləcəyi dövr artıq başlamış kimi görünür. Belə dövlətlər xarici təzyiqlərə adətən, daha həssas olurlar. Və istənilən halda, xarici müttəfiqin olması hər hansı ölkə üçün ortaq təhlükəsizlik imkanları yaradır.

Maraqlıdır ki, son illərdə Azərbaycan və Türkiyə strateji müttəfiqlik münasibətlərinə xüsusi önəm verirlər. Üstəlik, bu istiqamətdə olduqca böyük məsafə qət etməyə də artıq nail ola biliblər. Və son dövrlərdə Türkiyə-Azərbaycan strateji müttəfiqliyi həm beynəlxalq, həm də regional məkanda qüvvələr nisbətini dəyişib.

Məsələ ondadır ki, bu strateji müttəfiqlik bəzi beynəlxalq siyasi iradə mərkəzlərini artıq narahat etməyə başlayıb. Çünki, Türkiyə-Azərbaycan strateji müttəfiqliyi “qapıları qapadılmış” münasibətlər sistemi deyil. Əksinə, bunda maraqlı ola biləcək bəzi dost ölkələr üçün həm də ciddi örnəkdir. Və genişlənərək, daha böyük coğrafi əraziyə yayılma perspektivlərinə tam açıqdır.

Ona görə də, bu strateji müttəfiqliyə rəğbət bəsləyib, dəstəkləyənlərlə yanaşı, bundan qıcıqlanıb, əngəl törətməyə çalışanlar da var. Hər halda, dünya hegemonluğuna vərdiş etmiş bəzi beynəlxalq supergüclər yeni siyasi iradə mərkəzinin ortaya çıxmasından və onun genişlənmə perspektivlərindən məmnun deyillər.

Məsələ ondadır ki, Türkiyə-Azərbaycan strateji müttəfiqliyinə Pakistan da böyük maraq göstərir. Rəsmi İslamabad Pakistanın Türkiyə və Azərbaycan ilə eyni hərbi-siyasi ittifaqda yer almasında maraqlıdır. Və Pakistanın bu həvəsi qətiyyən qarşılıqsız deyil.

Məsələ ondadır ki, Pakistan həm Azərbaycan, həm də Türkiyə ilə sıx dostluq münasibətləri olan dövlətdir. Eyni zamanda, Pakistan güclü Hərbi-Sənaye Kompleksinə malik olmaqla yanaşı, yeganə müsəlman nüvə ölkəsidir.

Belə bir güclü və dost ölkənin yeni ittifaqda təmsil olunması Türkiyə və Azərbaycanın da maraqlarına cavab verir. Və bundan ciddi şəkildə narahat olanlar belə bir ittifaqın qurulmasına əngəl törətmək üçün əllərindən gələn hər şeyi edirlər.

Onu da qeyd edək ki, Türkiyə-Azərbaycan strateji müttəfiqliyi Orta Asiya regionunda da ciddi həssaslıqla izlənməkdədir. Ona görə də, Orta Asiyanın türk dövlətlərinin gələcək təhlükəsizlik perspektivləri baxımından, yaxın vaxtlarda bu ittifaqın üzvü ola biləcəkləri qətiyyən istisna edilmir. Və hələlik müşahidə mövqeyində qalmağı üstün tutan bu dövlətlər üçün cəlbedici görünə biləcək kifayət qədər örnək faktorlar da mövcuddur.

Məsələ ondadır ki, Türkiyə-Azərbaycan İttifaqı öz perspektivlərini və geniş geopolitik hərbi-siyasi potensialını artıq bütün dünyaya nümayiş etdirə bilib. Azərbaycan-Ermənistan savaşından öncə və ondan sonra baş verənlər də bunu təsdiqləyir.

Belə ki, həmin savaşdan cəmisi bir neçə ay öncə Ermənistan “yeni müharibə, yeni torpaqlar” şüarı ilə Azərbaycanı təhdid etməyə başlamışdı. Hətta Tovuz rayonu istiqamətində Azərbaycana qarşı hərbi təxribatlar törətməyə də cəsarət göstərirdi. Ancaq rəsmi Bakı Ermənistanı sarsıdıcı zərbə ilə geriyə oturda bilmişdi.

Ancaq erməni təxribatlarının bununla bitməyəcəyi açıq-aşkar hiss olunurdu. Belə görünürdü ki, Ermənistan yeni hərbi avantüraya hazırlaşır. Rusiyadan Ermənistana 500 hərbi nəqliyyat təyyarəsi ilə silah daşınması da regionda təhlükəli təxribatların törədilməsinə intensiv hazırlığın aparıldığını göstərirdi.

Məhz belə bir dövrdə Türkiyə-Azərbaycan İttifaqı böyük sınaq qarşısında idi və ondan zəfərlə çıxdı. Belə ki, əvvəlcə ötən ilin avqust ayında Türkiyə-Azərbaycan ortaq hərbi təlimləri ilə Ermənistana və arxasındakı himayədarlara açıq mesajlar verildi.

Qarşı tərəf isə həmin mesajları tam anlamadı və lazımi nəticə də çıxartmadı. Nəticədə ötən ilin sentyabr-noyabr aylarında Ermənistan ordusu tamamilə darmadağın edildi. Bu parlaq qələbə Azərbaycan-Türkiyə İttifaqının ilk böyük hərbi-siyasi zəfəri kimi tarixə yazıldı.

İndi savaşdan cəmisi üç ay keçib və Ermənistanda yenə də revanşist düşüncə tərzi ön plana çıxmağa başlayıb. Deyəsən, aldıqları zərbələrin nəticələrini tədricən unutmağa başlayıblar.

Ancaq Türkiyə-Azərbaycan İttifaqı ermənilərin yaddaşını yeniləmək niyyətində tamamilə ciddidir. Və buna artıq hazırlıq başlamış kimi görünür.

Məsələ ondadır ki, Türkiyə-Azərbaycan hərbi-siyasi ittifaqının Qarsda “Qış təlimi-2021” birgə təlimləri davam edir. Təlimlərdə ən müasir hərbi texnikalardan istifadə olunur, müxtəlif strateji döyüş əməliyyatları sınaqdan çıxarılır.

Türkiyə və Azərbaycan orduları arasında fevralın 1-də başlayan ortaq hərbi təlimlər ayın 12-dək davam edəcək. Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb: “Dağlıq Qarabağda Ermənistan ordusuna qarşı böyük zəfər qazanan qardaşlarımızla qürur duyuruq. “Bir millət, iki dövlət” anlayışımızla “bir ürək, bir bilək, bir yumruq” kimi birləşərək, fəaliyyətlərimizə davam edəcəyik”.

Onu da qeyd edək ki, istənilən hərbi təlimlər yalnız döyüş hazırlığı məqsədi güdmür. Bu, həm də açıq savaş mesajı xarakteri də daşıya bilər. Belə hərbi təlimlər adətən, qonşu dövlətlərin müəyyən narahatlığı və narazılıqları ilə də qarşılanır. Və əks hərbi təlimlər ilə qarşılıq verilməsinə cəhd göstərilir.

Ancaq indiki situasiyada revanşist qüvvələrin savaş şüarları ilə hay-küy saldığı Ermənistanın buna qarşılıq vermək imkanları yumşaq desək, ciddi suallar doğurur. Çünki, əks güc nümayişi üçün ilk növbədə ordunun olması lazımdır. Ermənistan ordusu isə demək olar ki, darmadağın edilib. Yeni savaşa girmək imkanlarını tamamilə itirib. Yəni, Ermənistan yeni savaşa tab gətirə biləcək durumda deyil.

Ona görə də, rəsmi İrəvan Ermənistan sərhədlərinə yaxın bölgədə keçirilən hərbi təlimlərlə verilən xəbərdarlıq mesajına ciddi yanaşmalıdır. Çünki, rəsmi İrəvan ordusuz Ermənistanda revanşist şüarları dövlət siyasəti səviyyəsinə çəkərsə, bunun nəticələri faciəvi ola bilər.

Bu dəfə 30 il ərzində tikilmiş müdafiə istehkamları artıq yoxdur. Hərbi təmas xətti isə Azərbaycan ərazilərində deyil. Bu dəfə silahlı toqquşmaların baş vermə məkanı Ermənistan-Azərbaycan sərhədləri olacaq. Ermənistan ərazisi isə Azərbaycan ordusu qarşısında demək olar ki, müdafiəsiz durumdadır.

Deməli, belə vəziyyətdə rəsmi İrəvan maksimum səviyyədə ehtiyatlı davranmaq məcburiyyətindədir. Revanşist sərsəmləmələr Ermənistan ərazisini yeni savaşın hədəfinə çevirə bilər.

Rəsmi İrəvan qətiyyən unutmamalıdır ki, artıq heç kim “erməni ərköyünlüyü”nə göz yummaq niyyətində deyil. O dövr artıq qapanıb. İndi hər kəs öz davranışlarının məsuliyyətini anlamalıdır və nəticələrinə də hazır olmalıdır. Əks halda, yeni müharibə qaçılmaz ola bilər.

Bütün bunları nəzərə aldıqda, Türkiyə-Azərbaycan ortaq hərbi təlimləri Ermənistan üçün növbəti dəfə yaxşı düşünüb, götür-qoy etmək ehtiyacı yaradır. Mövcud situasiya və zaman rəsmi İrəvan üçün revanşist təxribat şansı tanımır.

Belə revanşist cəhdlər artıq açıq mesajı verilmiş yeni savaşda Ermənistanın regional mövcudluğunu təhlükə altına sala bilər. Və Ermənistan sonuncu “intihar” cəhdinə qərar verib-verməyəcəyini özü müəyyən etməlidir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu