22 Dekabr 2024

Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə edib – YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Azərbaycan və Rusiya dövlət başçıları Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər.

Vəziyyətin ümumiyyətlə sabit olması və atəşkəsə ciddi şəkildə əməl edilməsi məmnuniyyətlə vurğulanıb.

****


Aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Musavat.com-un məlumatına görə, Azərbaycan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, telefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət müzakirə olunub. Vəziyyətin bütövlükdə sabit olmasından, atəşkəs rejiminə dönmədən riayət edilməsindən məmnunluq ifadə edilib.

Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun Bakıda apardığı danışıqlar nəzərə alınmaqla, Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının nizamlanması üzrə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarına müvafiq olaraq aparılan işlərin gedişi nəzərdən keçirilib. Bu kontekstdə üç ölkənin Baş nazirləri müavinlərinin həmsədrliyi ilə işçi qrupunun fəaliyyəti müsbət qiymətləndirilib.

İkitərəfli gündəlikdəki bir sıra aktual məsələlərə, o cümlədən koronavirus pandemiyasına qarşı mübarizədə əməkdaşlıq məsələlərinə toxunulub. Hər iki tərəfin Azərbaycan-Rusiya strateji tərəfdaşlığının möhkəmləndirilməsini, qarşılıqlı faydalı layihələrin inkişafını davam etdirmək əzmi təsdiqlənib.

Əlaqələrin davam etdirilməsi barədə razılıq əldə edilib.