23 Dekabr 2024

Azərbaycan millisi Tokio-2020-yə daha bir lisenziya qazanıb

Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziyaya sahib olub.

Apasport.az saytının məlumatına görə, milli komandamıza növbəti vəsiqəni güləşçimiz Elis Manolova qazandırıb. 68 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Bolqarıstanın paytaxtı Sofiyada Dünya Olimpiya Təsnifat Turnirində finala yüksəlməklə, bu hüquqa yiyələnib. O, yarımfinalda Qazaxıstan idmançısı Cəmilə Bakbergenova qalib gələrək bu uğura imza atıb.

Bununla da yığmamızın Tokio-2020-yə lisenziya sayı 22-yə çatıb. Elis qadın güləşi millimizin buna nail olan 2-ci üzvü olub. Onadək Mariya Stadnik (50 kq) də Yaponiya paytaxtında çıxış şansı qazanıb.

Qadın güləşçilərdən başqa, idman gimnastları Marina Nekrasova ilə İvan Tixonov, bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, atletikanın çəkicatma növündə Anna Skidan, üçtəkanla tullanma növündə Nazim Babayev, üzgüçülər Maksim Şemberevlə Ramil Vəlizadə, güllə atıcısı Ruslan Lunyov, sərbəst güləşçilər Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq), Yunan-Roma güləşçisi İslam Abbasov (87 kq), taekvondoçular Fəridə Əzizova (67 kq) ilə Milad Beiqi Harçeqani (80 kq), boksçu Tayfur Əliyev (57 kq), karateçilər Rafael Ağayev (75 kq) və İrina Zaretska (+61 kq), qılıncoynadan Anna Başta (sablya) da Tokio-2020-yə lisenziyaya sahib olublar. Həmçinin şosse velosipedində də Elçin Əsədova iştirak hüququ verilib.

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.