Azərbaycan həkimləri xəbərdarlıq edir: Mutant virus daha aqressiv və amansızdır
Vüqar Cavadzadə: “COVID-19 indi daha aqressiv gedişlidir”
Adil Qeybulla: “Xəstəliyə laqeyd yanaşma ölümə aparır”
İlahə Vəliyeva: “Virus mutasiya etdikcə yeni əlamətlər meydana gəlir”
Nicat Əzimli: “Ölüm sayının artması mutasiya ilə bağlıdır”
Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycan Respublikası üzrə COVID-19 ilə bağlı açıqladığı statistikada son günlərdə yoluxma ilə yanaşı ölüm saylarının da artdığını müşahidə edirik. Bu, virusun mutasiya edərək daha öldürücü olduğunu düşünməyə əsas verirmi, yoxsa başqa səbəblər var? AYNA mütəxəssislərə müraciət edib.
İnfeksionist həkim Vüqar Cavadzadənin müşahidələrinə görə, son günlərdə xəstələr əvvəlkilərlə müqayisədə daha qısa zamanda ağırlaşırlar: “Son günlərdə ev şəraitində müalicə olunan xəstələrin müalicəyə daha çətin tabe olduğunu müşahidə edirəm. Həmin xəstələr arasında yaşlı və orta yaşlı insanlar da var. Bəzən xəstənin hərarəti müxtəlif dərmanlar təyin edilsə də, düşmür. Son günlər müşahidə edirəm ki, xəstələr qısa zamanda ağırlaşırlar. Əgər əvvəlki vaxtlarda xəstələr adətən xəstəliyin 2-ci həftəsindən ağırlaşırdısa, indi isə xəstəliyin 2-3-cü günlərindən ağırlaşmanı müşahidə edirəm”.
“Əgər əvvəllər xəstələrin saturasiyası (SpO2) ikinci həftədən düşməyə doğru gedirdisə, indi bir çox xəstələrdə ilkin həftədən bunu müşahidə edirik. Məncə, indi COVID-19 daha aqressiv gedişlidir”, – deyə həkim əlavə edib.
Əlamətlərdə hər-hansısa dəyişikliklərin olub-olmamasına qaldıqda Cavadzadə söyləyib ki, xəstələrdə hərarət daha yüksək olur: “Əlamətlər əvvəl olduğu kimi davam edir. Mən öz müşahidəmdə görürəm ki, keçən illə müqayisədə indi xəstələrin hərarəti daha yüksək olur. Kompleks müalicəyə də çətin tabe olurlar”.
Həkim, professor Adil Qeybulla isə bunu insanların xəstəliyə laqeyd yanaşması ilə əlaqələndirir: “Hazırda virusa yoluxanlar arasında ölüm halları daha çoxdur. Bu, bir qədər də insanların xəstəliyə laqeyd yanaşmaları ilə bağlıdır. Təəssüf ki, xəstələr gec müraciət edirlər. Xəstəliyin üstünə vaxtında düşdükdə nəticə də başqa olur. Təəssüf ki, insanlarımız bu məsələdə laqeydlik nümayiş etdirirlər, nəticədə də belə ağır vəziyyətlə üz-üzə qalırıq. Ona görə də hər hansı bir əlamət olarsa, vaxtında müraciət etmək lazımdır”.
Ekspert əlavə edib ki, bu istiqamətdə maarifləndirmə işlərinə diqqət artırılmalıdır: “Düşünürəm ki, insanların maarifləndirilməsinə ciddi fikir verilməlidir. Televiziya ekranlarından bu məsələ ilə bağlı tez-tez məlumatlar verilməlidir”.
İnfeksionist həkim İlahə Vəliyeva ölüm sayındakı artımın səbəbini vaxtında düzgün müalicə edilməməsində görür: “Xəstələr özlərinə qarşı laqeyd yanaşırlar. Bununla yanaşı vaxtında və düzgün müalicə edilməmələri də ölüm saylarında artıma səbəb olur”.
“Virus mutasiya etdikcə yeni əlamətlər meydana gəlir. Öncəki formalarda istifadə edilən dərman preparatları digər yeni formalarda bir qədər zəif təsir göstərir. Və kliniki əlamətlərin də fərqli olmasının aldadıcılığı nəticəsində istər ağırlaşma, istərsə də ölüm hallarında artım baş verir”, – o vurğulayıb.
İnfeksionist həkim Nicat Əzimli isə o qənaətdədir ki, ölüm sayının artması daha çox mutasiya ilə bağlıdır: “Ölüm sayının artması ilə bağlı müxtəlif fikirlər var. Bəziləri bunun yoluxma sayına mütənasib olaraq artdığını bildirir, bəziləri də mutasiya ilə əlaqələndirirlər. Deyə bilərik ki, daha yüksək ehtimal mutasiya ilə bağlı olmasıdır”.